Əsas Səhifə > Ana xəbər / Güney Press > Mübahisəli xəritələr, mürəkkəb proses: Sərhədlərin müəyyənləşdirilməsi niyə uzanır?

Mübahisəli xəritələr, mürəkkəb proses: Sərhədlərin müəyyənləşdirilməsi niyə uzanır?


Bu gün, 11:41

Cənubi Qafqazda davamlı sülhün və regional sabitliyin təmin olunması üçün ən mühüm məsələlərdən biri dövlətlərarası sərhədlərin hüquqi və siyasi baxımdan dəqiq müəyyənləşdirilməsidir. Bu proses təkcə texniki xəritələşdirmə məsələsi deyil, eyni zamanda tərəflər arasında etimadın formalaşması, hüquqi baza və siyasi iradənin uzlaşdırılması baxımından da xüsusi əhəmiyyət daşıyır. Məhz bu baxımdan sərhəd məsələsinin həlli regionun gələcək təhlükəsizlik arxitekturasını müəyyən edən əsas amillərdən biri kimi qiymətləndirilir.

Maraqlıdır, Azərbaycan–Ermənistan sərhədlərinin tam delimitasiya və demarkasiyası real olaraq hansı müddətdə başa çata bilər?


Ermənistan daxilində hakimiyyət dəyişikliyi olarsa, bu proses və sülh danışıqları tam dayanma nöqtəsinə gələ bilərmi?

Moderator.az-a mövzu ilə bağlı Millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu açıqlama verib.

Deputat qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin tam delimitasiya və demarkasiya edilməsi uzun müddət davam edəcək bir prosesdir:

"Əgər seçkilərdən sonra uyğun şərtlər davam edərsə, əks təqdirdə bu məsələ öz-özlüyündə yenidən mürəkkəbləşə bilər. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Ermənistan və Azərbaycan arasında konkret sərhədlərin müəyyənləşdirilməsi bir qədər çətindir. Çünki iki ölkə arasında təqribən min kilometrə yaxın ərazidə sərhədlərin delimitasiya və demarkasiyasından söhbət gedir.

Ən əsası isə sərhədləri müəyyən edən, yəni demarkasiyanı həyata keçirən sənədlər çox müxtəlifdir və mübahisəlidir. Ona görə də ilk növbədə hansı sənədlərə istinad edilərək sərhədlərin delimitasiya və demarkasiyasının aparılacağı məsələsi, mənə elə gəlir ki, vahid bir sənəd əsasında müəyyənləşməyəcək. Çoxsaylı və fərqli dövrlərə aid müxtəlif sənədlərə istinad edilməli olacaq ki, bu da məsələnin daha da mürəkkəbləşməsinə səbəb olur.

Ona görə də buna uzunmüddətli proses kimi yanaşmaq lazımdır və nəzərə almaq lazımdır ki, tam delimitasiya və demarkasiya üçün hələ müəyyən hüquqi maneələr də mövcuddur".

Hikmət Babaoğlu vurğulayıb ki, biz bilirik ki, Ermənistanda keçirilən seçkilərdən sonra sülh müqaviləsinin imzalanması üçün konstitusion şərtlər dəyişməlidir:

"Ancaq bundan sonra, yəqin ki, yeni mərhələdə daha uzun xətt üzrə sərhədlərin delimitasiya və demarkasiyası baş verə bilər. Bu isə müəyyən vaxt aparacaqdır və həmin müddət qısa olmayacaqdır.

Ona görə də ilk növbədə, mənə elə gəlir ki, sülh şərtləri daha da dərinləşməli, bütün hüquqi maneələr aradan qaldırılmalıdır. Ermənistan və Azərbaycan arasında diplomatik əlaqələr bərpa olunmalıdır ki, yalnız bundan sonra sərhədlərin davamlı və ardıcıl şəkildə delimitasiya və demarkasiya edilməsi mümkün olsun".


Geri qayıt