Əsas Səhifə > Ana xəbər / Güney Press > İran Zəngəzur dəhlizini İrəvandan hədələdi

İran Zəngəzur dəhlizini İrəvandan hədələdi


Bu gün, 08:08

“İran regiondakı bütün sülh təşəbbüslərini dəstəkləyir və qonşu ölkələrdə sabitliyi öz təhlükəsizliyinin amili kimi görür, eyni zamanda, vəziyyəti yaxından izləyir”.

Bunu İran-Avrasiya Araşdırmaları İnstitutunun (IRAS) direktor müavini və regional təhlükəsizlik üzrə ekspert Armina Arm mayın 6-da keçirilən “İrəvan Dialoqu-2026” beynəlxalq konfransında bildirib.

Onun sözlərinə görə, illərdir davam edən münaqişədən sonra Ermənistan və Azərbaycan arasında sülhə doğru irəliləyiş müsbət əlamətdir, Tehran hər iki tərəflə daimi əlaqə saxlayır. “İran üçün əsas qırmızı xətt Ermənistanla tarixi (? – red.) sərhədin qorunmasıdır. O, dəyişməz və təhlükəsiz qalmalıdır”, - deyə o vurğulayıb.

İranlı ekspert deyib ki, Tehran ənənəvi olaraq qonşuları ilə münasibətlərə böyük əhəmiyyət verir və Ermənistanı ən yaxın tərəfdaşlarından biri kimi görür:

“İkitərəfli əlaqələr həm hökumət, həm də ictimai səviyyədə sabit qalır və müharibədən sonra belə dəyişməyib. İki dövlət arasında heç bir sistemli problem yoxdur. Sülh prosesinə dəstək praqmatikdir. Lakin mövcud sərhədlərin qorunması Tehran üçün vacibdir. İran üçün iki əsas şərt vacibdir: sərhədlərin açıq olması və infrastruktur layihələri də daxil olmaqla, ABŞ və İsrailin İran ərazisi yaxınlığında mövcudluğunun qarşısının alınması”.

TRIPP marşrutu (Zəngəzur dəhlizi) infrastruktur layihəsi isə elə ABŞ-nin İran ərazisi yaxınlığında mövcudluğu demək olacaq. Yəni Armina Arm əslində bu layihəni təhdid edib. İranın buna imkan-resursu varmı, olacaqmı? İranlı ekspertin açıqlaması necə oxunmalıdır?

Professor Qabil Hüseynli Musavat.com-a bildirib ki, İranın "qırmızı xətti" çoxdan tapdanıb. Onun sözlərinə görə, Tehran indi öz yaralarını sağaldır və başı problemlərinə qarışıb.

"Odur ki, Zəngəzur dəhlizinin açılmasına əngəl olmaq gücü qalmayıb. Bu layihə üçün ABŞ vəsait ayırmağı nəzərdə tutub və Ermənistandakı seçkilərin nəticələri gözlənilir. Seçkilərdən sonra həm Avropanın İrəvana dəstəyi güclənəcək, həm də ABŞ "Tramp yolu"nun açılışı prosesini sürətləndirəcək. O halda isə İranın müqavimət imkanı qalmayacaq. Ümumiyyətlə, Trampın adının bu yola verilməsinin özü siyasi qarantiyadır. Əgər İran Tramp adına bir layihəyə qarşı təxribat xarakterli addımlar atmağa cəhd edərsə, bədəli ağır olar", - deyə professor vurğulayıb.

Onun fikrincə, Zəngəzur dəhlizi açılmağa məhkumdur və sadəcə, yaranmış qeyri-müəyyənlik seçkilərlə əlaqədardır: "Seçkilərdən sonra ciddi hərəkətlənmə görəcəksiniz. Paşinyan da bu günlərdə dedi ki, TRİPP layihəsi seçkidən sonra işə düşəcək. Orta dəhlizin bir hissəsi kimi bu yol işləməlidir. Bundan başqa, Türkiyə, Avropa, Çin bu prosesdə maraqlıdır. Rusiya da yolun əleyhinə deyil. Sadəcə, pay istəyir. Xüsusən də dəmiryolları ilə bağlı bir tələb var. Moskva dəmiryollarını vermək istəmir. Ona görə də bu məsələdə Rusiya və İranın müəyyən müdaxilə cəhdləri ola bilər, amma yekunda əngəl ola bilməzlər".


Geri qayıt