Əsas Səhifə > Ana xəbər / Güney Press > “Mehdiyev işi”ndə yeni gəlişmə
“Mehdiyev işi”ndə yeni gəlişməBu gün, 09:40 |
|
Gələn ay Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində seçilmiş ev dustaqlığının 8 ayı tamamlanır. Cinayət Məcəlləsinin 278.1, 274 və 193-1.3.2-ci maddələri ilə təqsirləndirilən Ramiz Mehdiyev barəsində seçilmiş qətimkan tədbirinin müddəti artıq bir neçə dəfə uzadılıb. Oktyabrın 31-də Baş Prokurorluğun təqdimatı, Səbayel Rayon Məhkəməsinin qərarı ilə “Hürriyyət” qəzetinin, Hurriyyet.az saytının və “Hurriyyet TV”nin baş redaktoru Vüqar Məmmədov (Tofiqoğlu) barəsində həbs-qətimkan tədbiri seçilib. Mayın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində Vüqar Məmmədovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Haqqin.az-ın məlumatına görə, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxsin şəxsi məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən şəxsin vəkili Aqil Layic bildirib ki, müvəkkilinin işi Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işindən ayrılıb. Müdafiəçinin təqsirləndirilən şəxsin hazırda saxlanıldığı DTX-nın istintaq təcridxanasından Bakı istintaq təcridxanasına köçürülməsi ilə bağlı vəsatəti təmin edib. Məhkəmə prosesi mayın 18-nə təyin edilib. Qeyd edək ki, ötən il dekabrın 1-də DTX-nin təqdimatı, Səbayel Rayon Məhkəməsinin qərarı ilə AXCP sədri Əli Kərimli və onun müşaviri Məmməd İbrahim barəsində də həbs-qətimkan tədbiri seçilib. Hər iki şəxs Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə təqsirləndirilir. Mediada Milli Elmlər Akademiyası katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının sabiq əməkdaşı Eldar Əmirovun da “Mehdiyev işi”nə görə tutulduğu qeyd edilib. Eldar Əmirovun hazırda hansı təcridxanada saxlandığı haqda da bilgi yoxdur. Beləliklə, mediaya çıxan xəbərlərə əsaslansaq, ümumilikdə 4 nəfərin (Vüqar Məmmədov, Əli Kərimli, Məmməd İbrahim, Eldar Əmirov) “Mehdiyev işi”nə görə həbs olunduğunu söyləmək mümkün idi, amma artıq açıq mənbələrdən təsdiqlənib ki, Vüqar Məmmədovun cinayət işi məhkəmədə Ramiz Mehdiyevlə bağlı araşdırılmayacaq. Tanınmış vəkil Ceyhun Yusifov “Yeni Müsavat”a deyib ki, ağır cinayətlər üzrə istintaq mərhələli şəkildə uzadıla bilər, lakin hər uzatma konkret səbəblərlə əsaslandırılmalıdır: “Hazırda konkret şəxslərə Cinayət Məcəlləsinin 278.1, 274 və 193-1.3.2-ci maddələri ilə ittihamlar irəli sürülüb. Bu maddələrin mahiyyəti sıradan cinayət işindən çox uzaqdır. Cinayət Məcəlləsinin 274-cü maddəsi - dövlətə xəyanət kimi ən ağır hüquqi kvalifikasiyaya aiddir. Həmin məcəllənin 278.1-ci maddəsi - hakimiyyətin zorla ələ keçirilməsinə yönələn əməllər adlanır. 193-1.3.2 - maliyyə xarakterli ağırlaşdırıcı leqallaşdırma epizodlarını əhatə edir. Bu 3 maddə bir araya gəldikdə, hüquq praktikasında bu işlər çoxepizodlu, xüsusi mürəkkəb istintaq kateqoriyasına daxil edilir. Və məhz burada istintaq müddətləri adi qayda ilə deyil, istisna mexanizmləri ilə işləməyə başlayır”. Ceyhun Yusifov deyib ki, Cinayət-Prosessual Məcəllənin 218-ci maddəsi açıq bir model müəyyən edir: “İbtidai istintaq standart müddətlə başlayır, lakin işin xüsusilə ağır olması halında hər dəfə 6 aya qədər uzadılma imkanı yaranır. Burada əsas hüquqi məntiq budur ki, işin mürəkkəbliyi müddəti müəyyən edir. Praktikada 274 və 278 kimi maddələrdə bu balans demək olar ki, həmişə belə olur. Hər hansı bir şəxs barəsində həbs-qətimkan tədbiri seçilərkən Cinayət-Prosessual Məcəllənin 159-cu maddəsi işə düşür. Bu maddəyə görə ilkin mərhələdə 4 aylıq həbs-qətimkan tədbiri seçilir. Sonrakı mərhələdə 4-6 ay uzatma imkanı var. Bu mexanizmin hüquqi mahiyyəti sadədir. İstintaq bitmədiyi halda, azadlıq da tam bərpa olunmur. Lakin burada mühüm bir prinsip var. Hər dəfə istintaq müddəti uzadıldıqda ayrıca əsaslandırma aparılmalıdır. Yəni işin mürəkkəb olması özü-özlüyündə istintaq müddətinin uzadılması üçün avtomatik səbəb deyil”. Ceyhun Yusifov deyib ki, istintaqın maksimum həddi də qanunla müəyyən olunub: “Qanunvericiliyin sistemli təhlili göstərir ki, xüsusilə ağır cinayətlər üzrə həbsdə saxlanılma praktik olaraq 18 aya qədər uzana bilən ümumi çərçivəyə düşür. Amma burada da vacib bir hüquqi incəlik var. Bu müddət avtomatik normativ limit deyil, məhkəmə və prokuror nəzarəti altında formalaşan maksimal praktik həddir. Yəni hüquq "rəqəm" qoyur, amma həmin rəqəmin necə istifadə olunacağı artıq prosessual davranışdan asılıdır. 278, 274 və 193-1.3.2 maddələri ilə aparılan istintaqlarda hüquqi balansın ən həssas nöqtəsi dövlət təhlükəsizliyi elementi, iqtisadi cinayət tərkibi və təşkilatlanmış xarakterdir. Bu maddələr üzrə istintaq bir işdə birləşdiyi üçün proses avtomatik olaraq uzunmüddətli istintaq modelinə keçir". Geri qayıt |