Əsas Səhifə > Ana xəbər / Güney Press > 86 yaşlı qadını evindən çıxarmağa çalışan "Lux Residence" məhkəmə ilə "anlaşıb"?

86 yaşlı qadını evindən çıxarmağa çalışan "Lux Residence" məhkəmə ilə "anlaşıb"?


Bu gün, 06:00

"Lux Residence" tikinti şirkətinin Bakı şəhər, Yasamal rayonu, İsmayıl Bəy Qutqaşınlı küçəsi ev 29 ünvanında yaşayan İbrahimova Piruzə Abusət qızını qanunsuz olaraq evindən çıxarmağa çalışdığı haqda məlumat vermişdik. Ajans.az-a istinadən qeyd etmişdik ki, "Lux Residence" 86 yaşlı qadının yaşadığı ərazidəki digər sakinlərlə razılığa gəlsə də, onunla bağlı fərqli mövqe sərgiləyib.
Belə ki, digər sakinlərə yaşadıqları mənzilin hər kvadrat metri üçün 4000–5000 AZN məbləğində ödəniş təklif olunduğu halda, Piruzə İbrahimovaya həmin qiymətin yarısından da aşağı məbləğ təklif edilib. Yaşlı qadın etiraz etdikdə, əvvəlcə onu məcburi şəkildə evindən çıxarmağa cəhd ediblər. Daha sonra isə məsələ məhkəmə müstəvisinə çıxarılıb.
Qeyd edək ki, P.İbrahimovaya məxsus mənzilin sahəsi rəsmi sənədlərdə 76 kvadrat metr olsa da, məhkəmə zamanı tikinti şirkəti bu göstəricini saxtalaşdıraraq 55 kvadrat metr kimi göstərib. Məhkəmə mənzilin sahəsinin 76 kvadrat metr olduğunu təsdiqləsə də, ödəniş hər kvadrat metr üçün 2200 manat müəyyən edilib.
Maraqlıdır ki, proses zamanı eyni həyatdə yaşayan sakinlərə və Piruzə İbrahimovanın bütün qonşularına "Lux Residence" tərəfindən hər kvadrat metr üçün 5 min AZN ödənildiyi haqda məhkəməyə çox sayda sənəd təqdim olunsa da(FOTOLAR), hakim 86 yaşlı qadının göz yaşlarına baxmayaraq, onun mənzilinin hər kvadrat metri üçün 2200 manat ödənilməli olduğu haqda qərar çıxarıb.
“Hürriyyət”in əldə etdiyi məlumata əsasən, hətta həmin ərazidə elə mənzillər olub ki, sahəsi cəmi 11 kvadrat metr olsa da, "Lux Residence" onun qarşılığında İ.Qutqaşınlı küçəsində tikilən yeni binadan 45 kvadrat metr sahəsi olan tam təmirli mənzil verib. Lakin məsələnin qəribə tərəfi odur ki, şirkət yalnız 86 yaşlı Piruzə İbrahimova ilə anlaşmaqda maraqlı deyil və israrla onun evini yarı qiymətə almağa çalışır. Hətta bəzi mənbələrin dediyinə görə, "Lux Residence" bu məqsədlə məhkəməyə külli miqdarda rüşvət də verib.
Yeri gəlmişkən onu da diqqətinizə çatdıraq ki, yaşlı qadını evindən yarı qiymətə çıxarmağa çalışan tikinti şirkəti həmin ərazidəki binaların hər kvadratını “katlavandan”, yəni hələ bina tikilmədən ən azı 6 min AZN-ə satışa çıxarıb. Binanın alt mərtəbəsindəki obyektlər üçün isə 12-15 min manat ilkin qiymət müəyyən edilib.
Maraqlıdır ki, bütün bunlara baxmayaraq, "Lux Residence" 86 yaşlı Piruzə İbrahimovanın evini 2200 AZN-ə almaqda israrlıdır. Hətta şirkət işçilərinin yaşlı qadını “yola gətirmək” üçün evinin damını yararsız hala saldığı və içəri yağış sularının dolduğu da iddia olunur.
Xatırladaq ki, Piruzə İbrahimova tikinti şirkətinin təzyiqinə məruz qalması ilə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib. Həmin müraciəti olduğu kimi dərc edirik:
“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya
Vətəndaş İbrahimova Piruzə Abusət qızı tərəfindən
MÜRACİƏT
Əziz, Mehriban qızım.
Adın kimi hər bir Azərbaycan vətəndaşına xüsusi mehribanlıq, qayğıkeşlik, kiçiklərə ana, böyüklərə övlad sevgisi ilə yanaşan ölkəmizin birinci xanımı, sadə bir vətəndaş kimi hələ pandemiya dövründə mənə göstərdiyiniz diqqəti, qayğını, maddi və mənəvi dəstəyi heç bir zaman unutmuram. Övladlarım xarici ölkədə yaşadığından, pandemiya dövründə onlarla əlaqə saxlaya bilmədiyim üçün şəxsən Sizin tərəfinizdən mənə telefon hədiyyə edildi. Daha sonra müxtəlif zamanlarda mənə göndərdiyiniz ərzaq yardımlarına görə, Sizə çox-çox təşəkkür edirəm, əziz qızım. Sizin bu diqqət və qayğınızla özümüzü qiymətli və müdafiə olunan hiss edirik hər zaman. Bilirəm ki, yalnız mənim deyil, bütün Azərbaycan xalqını dinləyir, onlara həssaslıqla yanaşır və onların haqlarını müdafiə edirsiniz. Səmimiyyətiniz biz vətəndaşlara ümid verir, cəmiyyətimizdə ədalət və insanlıq dəyərlərini möhkəmləndirir. Sizin həssaslığınız ədalətli cəmiyyətimizin ən bariz numunəsidir. Amma təəssüf ki, cənab Prezidentimizin, Sizin sadə vətəndaşların incidilməməsinə dair tapşırıqlarınıza rəğmən, yenə də mənim kimi yaşlı insanlar bəzi qurumlar tərəfindən nəinki incidilir, hətta evindən belə çölə atılır.
Əziz qızım, mən ailə qurduğum gündən geniş ailəmlə birgə Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ev 29 ünvanında yaşayıram. Təəssüf ki, ərazinin və binanın satılmasından sonra “Lux Residence” tikinti şirkəti bütün bina sakinləri ilə razılığa gəlsə də, məni əvvəlcə məcburi şəkildə evimdən çıxarmaq istədi. Haqqımı tələb etdikdə isə məni məhkəməyə verdilər. Mənim mənzilim qanunən 76 kv. metrdir. Ətraf qonşularımla razılığa gəlinərək, onların evlərinə hər kvadrat metr üçün 4000-5000 manat məbləğində pul ayrıldı. Mənim evim isə əvvəlcə sənəddə bilərək azaldılaraq 55 kvadrat göstərildi. Bu da azmış kimi, məhkəməyə verərək çıxmadığıma görə məndən şikayətçi oldular. Məhkəmə isə güya məni də razı salmaq adına evimin kvadratını düzəldərək 76 kv.metr etdilər. Lakin yenə də məbləği azaldaraq, hər kvadrat üçün 2000 (2 min) manat təyin etdilər.
Əziz Mehriban xanım!
Yaşlı bir ana kimi pandemiya dövründən bugünədək məni heç bir zaman tək qoymadınız. Bu məsələdə də mənim haqqımın tapdanmasına icazə verməyəcəyinizə inanıram. Sadə vətəndaşların bütün müraciətlərinə həsas yanaşdığınızı bilirəm. Sizin ədalətli mövqeyiniz biz vətəndaşlara olan diqqətinizlə həmişə seçilib. Bir ana kimi xahiş edirəm, ölkəmizdə qanunun aliliyini qoruyan insan kimi mənim də haqqımın tapdanmasına icazə verməyin. “Lux Residence” şirkəti böyük ailəmlə birgə öz evimdən çıxarılaraq mənə evimin qarşılığında cəmi 170 min manat məbləğində pul təklif edir. Hazırkı vəziyyətdə mən o məbləğə bu qədər ailə üzvü ilə (övladlarım, onların ailələri, nəvələrim) necə başqa bir ev ala bilərəm? Vətəndaşlar arasında bu qədər ayrı-seçkiliyin, haqsızlığın səbəbinin şəxsən Sizin tərəfinizdən araşdırılmasını nəzərə götürməyinizi xahiş edirəm. Yaşlı ana olduğum üçün mənim aldadılaraq, məcburi şəkildə evimdən çıxarılmağıma izacə verməyin.
Hazırda Apellyasiya Məhkəməsinə müraciət etməyə hazırlaşıram. Kimlərinsə özlərinin maddi və ya şəxsi imkanlarından istifadə edərək mənim haqqımı tapdamasına icazə verməyin. Haqq ədalətin bərpası üçün Sizin dəstəyinizə ümid edirəm. Vətəndaş olaraq dövlətimizin ədalətinə güvənirəm”.
Hurriyyet.az

Geri qayıt