Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyan hökuməti üçün sınaq DÖVRÜ
Paşinyan hökuməti üçün sınaq DÖVRÜBu gün, 04:58 |
|
Avropa Siyasi Birliyinin VIII sammiti 2026-cı il mayın 4–5-də İrəvanda keçirilir. Bu tədbir Ermənistan üçün tarixi hesab olunur. Çünki Avropanın təxminən 50 ölkəsinin lideri və Aİ-nin yüksək səviyyəli rəsmiləri ilk dəfə İrəvandakı platformada bir araya gəlib. Avropa Siyasi Birliyi 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı təcavüzündən sonra Fransanın təşəbbüsü ilə yaradılmış hökumətlərarası forumdur. O, təhlükəsizlik, sabitlik və enerji məsələləri üzrə dialoq aparmaq məqsədilə 47 ölkəni (27 Aİ üzvü və 20 tərəfdaş ölkə – Böyük Britaniya, Ukrayna, Qafqaz ölkələri və digərləri daxil olmaqla) birləşdirir. Bundan əlavə, bu günlərdə İrəvanda Ermənistan–Aİ arasında ilk sammit də keçirilir. Bu görüşdə Avropa İttifaqını Avropa Şurasının prezidenti Antoniu Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen təmsil edir. Ermənistanın baş naziri Nikol Paşinyan hələ görüş başlamamışdan xeyli əvvəl bildirmişdi ki, Avropa Siyasi Birliyinin sammitində üzv ölkələrin bütün rəhbərlərini, o cümlədən Ukrayna prezidenti Volodimir Zelenskini gözləyir. Maraqlıdır ki, Rusiyanın və müxalifətin etirazlarına, eləcə də təhlükəsizliklə bağlı (Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası, Ermənistanını hava məkanına nəzarət etməsi, ölkədə geniş agentura şəbəkəsinə malik olması və s.) problemlərə baxmayaraq, Volodimir Zelenski sammitdə iştirak üçün ölkəyə səfər edib. Avropa Komissiyası və Avropa Şurasının ali rəhbərliyinin, Avropa ölkələrinin dövlət başçılarının iştirakı da sammitin əhəmiyyətini bir daha vurğulayır. Kanadanın baş naziri Mark Karni forumda iştirak etmək üçün dəvət olunan ilk qeyri-Avropa ölkə lideri olub ki, bu da Ermənistanın əlaqələrinin genişlənməsinə işarədir. Forumun İrəvanda keçirilməsi Ermənistanın Avropa ilə daha dərin inteqrasiyaya can atmasının və xarici siyasətini diversifikasiya etmək istəyinin simvolu kimi qiymətləndirilir. Avropa Siyasi Birliyi ilə paralel olaraq yüksək səviyyəli ikitərəfli görüşlər də keçirir və burada Ermənistanın Avropa İttifaqına üzvlüyü istiqamətində konkret addımlar müzakirə olunur (müraciətin 2026-cı ildə təqdim edilməsi mümkündür). Ermənistan hakimiyyəti Aİ-nin mülki missiyasının mandatının müzakirəsini və hibrid təhdidlərə qarşı dayanıqlığın artırılması üçün maliyyə dəstəyi əldə etməyi gözləyir. Enerji təhlükəsizliyi, nəqliyyat kommunikasiyalarının açılması və investisiya layihələri üzrə danışıqların aparılması da planlaşdırılır. Avropa Siyasi Birliyinin əsas xüsusiyyətlərindən biri odur ki, sammitlərin yekununda adətən rəsmi sənədlər qəbul olunmur. Bu isə liderlərə daha sərbəst və açıq dialoq aparmaq imkanı yaradır. Forum Ermənistanın Rusiya ilə gərgin münasibətləri fonunda keçirilir. Moskva bu tədbiri Qərbin regionda təsirini artırmaq cəhdi kimi qiymətləndirir. Baş verənlər Ermənistanın Rusiyapərəst müxalifətinin də narazılığına səbəb olub. Rusiya ilə ittifaqın qorunmasını dəstəkləyən bloklar (məsələn, “Şərəfim var”, “Ayakve” hərəkatı) İrəvanda Aİ nümayəndəliyi qarşısında etiraz aksiyaları keçirir. Müxalifət Aİ-dən “Ermənistan hakimiyyətinin addımlarına loyal yanaşmanı dayandırmağı” və Nikol Paşinyanı “müxalifətin təqibi və arzuolunmaz KİV-lərə qarşı repressiyalarda” dəstəkləməməyi tələb edir. Onlar sammitin təxirə salınmasına çağıraraq bildirirdilər ki, Qərb ölkə daxilində “antidemokratik prosesləri” görməzlikdən gələrək Paşinyan hakimiyyətini möhkəmləndirir. Bundan əlavə, müxalifət hesab edir ki, hökumətin Qərbə yaxınlaşma siyasəti regional sabitliyi sarsıdır və Ermənistanın “Türkiyə–Azərbaycan tandemi” qarşısında həssaslığını artırır. Eyni qüvvələr Volodimir Zelenskinin sammitdə iştirakından da narahatdır. Onların fikrincə, bu, “anti-Rusiya platformasının” formalaşmasına səbəb ola və Moskvanın sərt reaksiyasını doğura bilər. Rusiya yönümlü müxalifət hesab edir ki, Avropa liderləri Ermənistan üçün mümkün nəticələrə “dərin biganəlik” nümayiş etdirir və əsas məqsədləri regiondan Rusiyanı sıxışdırıb çıxarmaq kimi öz geosiyasi maraqlarını irəli aparmaqdır. Nikol Paşinyanın rəhbərlik etdiyi mövcud hakimiyyət isə sammiti Ermənistanın beynəlxalq nüfuzunu artıran tarixi hadisə kimi təqdim edir. Bəs, İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammiti hansı nəticələrlə səbəb ola bilər? Moskvanın bu miqyasda tədbirə reaksiyası necə olacaq? Maraqlıdır ki, Rusiya mediasında artıq İrəvana qarşı ittihamlar səslənməyə başlayıb və vəziyyət hətta o həddə çatıb ki, Ermənistanın bu ölkəyə ixrac etdiyi bəzi məhsulların satışı qadağan olunub. Mövzu ilə bağlı Pressklub.az-a danışan tanınmış erməni analitik və publisist İşxan Verdyan xatırladıb ki, Avropa Siyasi Birliyinin sammitləri adətən konkret müqavilələrin qəbulunu nəzərdə tutmur. “Lakin dövlət rəhbərləri səviyyəsində birbaşa, protokoldan kənar ünsiyyətin potensialını qiymətləndirməmək olmaz. Qeyd etmək vacibdir ki, məhz Praqada keçirilən Avropa Siyasi Birliyinin I sammiti Ermənistanın baş naziri ilə Azərbaycan prezidentinin ilk publik razılaşmalara keçdiyi platforma olmuşdu. Məhz orada Ermənistanın ərazi bütövlüyünün tanındığı bəyan edilmişdi. Beləliklə, bu cür görüşlərin və formatın əhəmiyyətini qiymətləndirməmək olmaz. Rəsmi şəkildə konkret sənədlər və ya razılaşmalar elan olunmasa belə, orta və uzunmüddətli perspektivdə bunun mühüm müsbət nəticələr verəcəyi gözlənilir. Bəli, şübhəsiz ki, sammitin məhz İrəvanda keçirilməsi və dünyanın çoxsaylı liderlərinin Ermənistan paytaxtında toplanması ilk növbədə ölkənin tanınmasına, siyasi çəkisinin və şəffaflığının artmasına xidmət edir. Bu hadisə, şübhəsiz ki, Ermənistan vətəndaşları, xüsusilə də İrəvan sakinləri üçün də müsbət rol oynayır – onların gözü qarşısında bu səviyyədə mühüm siyasi tədbir baş tutur. Müxalifətin gedişata fəal şəkildə təsir etməyə və ya nəticələri mənfi cəhətdən təqdim etməyə çalışmasına baxmayaraq, ümumilikdə, sammit müsbət təəssürat yaradır. Burada fərqli davranış gözləmək çətindir: Rusiya yönümlü müxalifət öz məntiqi çərçivəsində hərəkət edir. Bununla belə, onun fəaliyyəti əsasən lokal xarakter daşıyır və nə sammit iştirakçılarına, nə də geniş ictimaiyyətə ciddi təsir göstərmir”, – ekspert hesab edir. Ekspertin fikrincə, Rusiyaya gəldikdə, onun reaksiyası müxtəlif ssenarilər üzrə inkişaf edə bilər. “Məlumdur ki, belə hallarda Moskva çevik, bəzən də gözlənilməz addımlar ata bilir. Xüsusilə də hazırda İrəvanda onun üçün qıcıqlandırıcı hesab olunan amillərin cəmləşdiyi bir şəraitdə. Lakin Rusiyanın faktiki olaraq onu Cənubi Qafqazdan sıxışdırıb çıxara biləcək addımlara getməsi az ehtimal olunur. Ermənistan üzərində iqtisadi və ya digər təzyiqlərin artırılması məhz belə risk yaradır. Hər halda, sammitdən gözləntilər daha çox müsbətdir. Mənfi təsirlər olsa belə, orta və uzunmüddətli perspektivdə müsbət nəticələrin daha üstün olacağına əsas var”, – Verdyan bildirib. Geri qayıt |