Əsas Səhifə > Ana xəbər / Güney Press > ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ
ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJBu gün, 14:52 |
|
ABŞ Dövlət Departamenti Azərbaycan üçün səfər xəbərdarlığını 3-cü səviyyəyə (“Səfərə yenidən baxın”) yüksəldib. Məhz 28 aprel tarixinə təsadüf edən bu yenilənmə Azərbaycan mediasının diqqətindən kənarda qalıb. Belə ki, xəbərdarlığın əsas səbəbi ölkədaxili sabitliklə bağlı deyil. Əsas risk faktoru kimi Azərbaycanın xarici sərhədlərindəki gərginlik, xüsusilə İranla cənub sərhədində artan dinamika göstərilir. ABŞ tərəfi mümkün silahlı insidentlər ehtimalını nəzərə alaraq, vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə standart xəbərdarlıq mexanizmlərini işə salıb. Maraqlıdr, ABŞ-nin Azərbaycan üzrə səfər xəbərdarlığını 3-cü səviyyəyə qaldırması regionda təhlükənin artdığını göstərir? Hazırda ABŞ müharibəyə hazırlaşır? Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, bu cür xəbərdarlıq siqnalları yeni deyil və müəyyən dövrlərdə təkrarlanır: “Bu, birinci dəfə deyil, ABŞ və onunla bərabər İsrail tərəfindən belə bir xəbərdarlıqlar verilmişdi ki, “Azərbaycan risk zonasındadır”, “vətəndaşların ora səfər etməsi məsləhət görülmür” və s. Yəni zamanla biz bu kimi siqnalların şahidi oluruq. Məsələ ondadır ki, Azərbaycanın daxili ictimai-siyasi vəziyyəti kifayət qədər sabit və qənaətbəxşdir. Bununla yanaşı, xarici sərhədlərimizdə, xüsusilə İran istiqamətində müəyyən gərginliklərin yaşandığı da faktdır. Biz, ABŞ-İran qarşıdurmasından əvvəl də tez-tez eşidirdik ki, İrandan kütləvi axın olacaq, qaçqınlar Azərbaycan sərhədinə üz tutacaq. Lakin zaman göstərdi ki, bunlar hamısı şişirdilmiş xəbərdarlıqlar idi. Hətta bizim bəzi siyasətşünaslarımız və ekspertlərimiz sərhədlərin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayırdılar. Halbuki Azərbaycan sərhədlərinin təhlükəsizliyini hər zaman diqqətdə saxlayıb və onları etibarlı şəkildə qoruyur”. Politoloq əlavə edib ki, bu gün dünyada baş verən münaqişələr təkcə iki ölkə arasında qarşıdurma ilə məhdudlaşmır: “Risk məsələsinə gəldikdə, qeyd etmək lazımdır ki, bu riskləri yaradan ABŞ özüdür. Çünki Yaxın Şərqdə və körfəz bölgəsində baş verən münaqişələr demək olar ki, bir çox ölkələri risk orbitinə cəlb edib. Məsələn, Ukraynada davam edən müharibədə müxtəlif iddialara görə, 52 ölkənin marağı var. Onların ikisi bilavasitə vuruşanlardır, yəni Rusiya və Ukraynadır, digər dövlətlər isə müxtəlif formalarda bu münaqişəyə dəstək verən tərəflər kimi çıxış edir. Hazırda İran ətrafında gedən proseslərdə də 15-20-yə yaxın dövlətin maraqları cəmləşir. Buraya həm birbaşa iştirakçılar, həm İranın qonşuları olan region ölkələri, həm də vasitəçi qismində çıxış edən tərəflər. Təbii ki, bütün bu proseslər ciddi risklər və yeni təhdidlər yaradır, xüsusilə də indiki mərhələdə. ABŞ-də Donald Tramp Konqres qarşısında çıxış edərək imtahan verdi, özünəməxsus bir sual-cavablar oldu. Deməzdim ki, o, bu imtahandan başıuca çıxdı və ya siyasi baxımdan hər hansı ciddi divident qazandı. Əksinə, onun populyarlığında müəyyən eniş müşahidə olunur. Digər tərəfdən, bir çox suallara nə özü, nə də müdafiə naziri dolğun cavab verə bildi. Yəni bəzi suallar ümumiyyətlə açıq qaldı”. Tofiq Abbasov vurğulayıb ki, ABŞ həqiqətən müttəfiqlərinin təhlükəsizliyində maraqlıdırsa, daha konkret və effektiv addımlar atmalıdır: “Bütün bunları nəzərə alaraq, biz də anlayırıq ki, risk bölgəsinə çox yaxınıq. Bilavasitə bizimlə həmsərhəd olan dövlət müharibəyə qatılıb. Əgər ABŞ doğrudan da öz müttəfiqlərinin, o cümlədən Azərbaycan vətəndaşlarının təhlükəsizliyində maraqlıdırsa, bunun daha effektiv yolları mövcuddur. Birincisi, bu cür mücərrəd formada edilən xəbərdarlıqlar cəmiyyətdə həm şübhə yaradır, həm də müəyyən narahatlıq və səksəkə doğurur. Bu baxımdan, belə çağırışların arxasında duran motivlər tam aydın deyil”. O bildirib ki, Amerika Birləşmiş Ştatları yenidən hərbi hazırlıqlarını gücləndirir və bölgədə üçüncü hücum dalğasının baş verməsi ehtimalı yüksəlir: “Ötən ilin iyunun 13-də birinci dalğa başladı və 12 günlük müharibə oldu. Daha sonra 40 günlük qarşıdurma yaşandı. Lakin ABŞ demək olar ki, həm mənəvi-psixoloji, həm də hərbi-texniki baxımdan ciddi zərbələr aldı. Eyni zamanda, İran da böyük itkilər verdi. Yəni ABŞ və İsrailin hava hücumları nəticəsində çoxsaylı dağıntılar və itkilər baş verib. Buna baxmayaraq, ABŞ-nin özünü müəyyən mənada geriləmiş hesab etdiyi görünür. Təsadüfi deyil ki, Almaniya kansleri ABŞ-ni bir növ həm də aşağıladı, tənqid etdi. İranla qarşıdurmada uğursuzluğa düçar olduğunu dedi. Yəni ABŞ-nin itkiləri artıq onun dünyada prestejini aşağı salır. Təbii ki, belə imperativlər artıq yeni normativlər meydana gətirir”. O qeyd edib ki, Azərbaycan istənilən təhlükəyə qarşı özünü müdafiə etməyə hazırdır: “Təbii ki, müşahidə edirik ki, ABŞ Körfəz regionu ətrafında hərbi mövcudluğunu gücləndirir və əzələ nümayişini davam etdirir. Eyni zamanda, İsrail də qüvvələrini səfərbər edir. Bu baxımdan, üçüncü hücum olacaq. Belə bir şəraitdə Azərbaycan xalqı ayıq-sayıq mövqeyi ilə seçilir. Bizim dövlət rəhbərimiz, Ali Baş Komandan İlham Əliyev prosesləri diqqətlə izləyir və bu sahədə böyük təcrübəyə malikdir. Biz də müharibə görmüş tərəf kimi yaxşı anlayırıq ki, daxili mütəşəkkillik və vəhdət son dərəcə vacib və əvəzsizdir. Yəni burada əsas məsələ xalqın, ordunun və siyasi rəhbərliyin vahid mövqedən çıxış etməsidir. Bu zəmində bizim əminliyimiz də var. Eyni zamanda, ehtiyat variantlarını da və qabaqlayıcı addımları da atmağa qadirik. Ümid edək ki, həqiqətən də regionumuzda baş verən bu ağrılı proseslər bizdən yan keçəcək. Biz özümüzü istənilən halda müdafiə etməyə hazırıq və istənilən dəyişikliklərə adekvat reaksiya vermək iqtidarındayıq”. Geri qayıt |