Əsas Səhifə > Ana xəbər / Güney Press > "Bəzi yüksək vəzifəli məmurlar mənə təzyiq edirdi ki, bu qurumu qapadım"
"Bəzi yüksək vəzifəli məmurlar mənə təzyiq edirdi ki, bu qurumu qapadım"Bu gün, 06:19 |
|
"10 il əvvəl bu vaxtlar yaratdığım "Antikollektor" MMC-nin ən gur fəaliyyət dövrü idi. Devalvasiya nəticəsində ağır vəziyyətə düşmüş borclulara demək olar ki, pulsuz hüquqi xidmət göstərirdik (etdikləri ödənişlər dövlət rüsumlarını və işçilərimizin yol xərcini bağlayırdı). 2019-cu ilin fevral ayındakı Prezidentin məlum Fərmanınadək işlədik. Hüquqi xidmətdən daha çox hüquqşünaslarımız insanlara mənəvi dəstək oldular. İllər sonra küçədə mənə bir nəfər yaxınlaşıb dedi ki, "Antikollektor" olmasaydı, borcuma görə intihar edəcəkdim..." DİA-AZ " xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi Əkrəm Həsənov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Bəzi yüksək vəzifəli məmurlar mənə təzyiq edirdi ki, bu qurumu qapadım. Mən də cavab olaraq deyirdim ki, kollektor şirkətlərini qapadın, mən də "Antikollektoru" bağlayım...
Əlbəttə, əksər insanların problemi ədalətsiz həll olundu. Çünki Konstitusiya Məhkəməsi Konstitusiyaya zidd olaraq xarici valyutada kreditlərin verilməsinə qanuni don geyindirdi o zaman. Bununla belə, banklar başa düşdü ki, maariflənmiş borclulara həmlə də nəticəsiz qalacaq. Buna görə də bankların güzəştə getdiyi hallar da az deyildi...
Bu gün isə Azərbaycan yenə də problemli kreditlərin artması dövrünü yaşayır. İnsanlar get-gedə kasıblaşır və borclarını ödəyə bilmirlər. Özəl sahibkarların əksəriyyəti də bu vəziyyətdədir. Fərq yalnız ondadır ki, vətəndaşları icra məmurları həbslə və s. hədələyirsə, sahibkarlara qarşı tez-tez hüquq-mühafizə orqanları daha kəskin həmlə edir. Sonuncular da bir növ kollektor kimi fəaliyyət göstərirlər. Qarşıda borclularla kredit təşkilatları arasında münaqişəli çox ağır onillik var. Ən azı onillik...
2016-cı ildə həmçinin borcluların qanunsuz həbsinə qarşı Avropa İnsan Haqları Məhkəməsinə ilk dəfə şikayət etmişdim. Nəticə yalnız 2022-ci ildə əldə olundu: Məhkəmə bu həbsləri qanunsuz hesab etdi. Bundan sonra həbslərin sayı kəskin azaldı, amma tam aradan qalxmadı. Çünki QANUN, UĞRUNDA MÜBARİZƏ APARAN VARSA, HÜQUQDUR! Odur ki, mübariz olmaq lazımdır. İrəli!"
Geri qayıt |