Əsas Səhifə > Ana xəbər / Güney Press > Ölkə banklarında kreditlər niyə "baha"dır?

Ölkə banklarında kreditlər niyə "baha"dır?


Bu gün, 07:18

Avropa və Azərbaycanın bank sektorları arasındakı kredit faizləri iqtisadi sabitlik və risk səviyyələrinə görə kəskin fərqlənir. 2026-cı ilin cari göstəricilərinə əsasən, Avrozona ölkələrində orta kredit dərəcələri təxminən 3.5% – 4% civarında olduğu halda, Azərbaycanda manatla verilən kreditlər üzrə bu rəqəm orta hesabla 15% – 19% arasında dəyişir.

Avropada aşağı inflyasiya və güclü maliyyə resursları ucuz kredit imkanları yaratsa da, Azərbaycanda yüksək əməliyyat xərcləri və risk marjası faizlərin yuxarı qalmasına səbəb olur. Xüsusilə istehlak kreditlərində Azərbaycan bankları bəzən 20%-dən yuxarı dərəcələr tətbiq etdiyi halda, Avropa ölkələrində hətta istehlak kreditləri nadir hallarda 7-8%-i keçir.

Azərbaycanın kredit bazarı Avropa ilə müqayisədə hələ də kifayət qədər bahalı hesab olunur.

İqtisadçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, yüksək faizlər ümumiyyətlə kredit riskinin göstəricisidir.

“Kredit riski nədir? Verdiyim pulun qaytarılmama ehtimalı və yaxud qaytarılmasında problemin yaranması ehtimalıdır. Yəni bu ehtimal nə qədər yüksəkdirsə, faiz də bir o qədər artır. Bank daha yüksək faizlə kredit verir, çünki bilir ki, problemlər olacaq, problem ehtimalı yüksəkdir. Deməli, əlavə xərcləri olacaq və bu xərcləri də həmin yüksək faizlər hesabına qarşılamalıdır.

Tutaq ki, bank 1000 nəfərə kredit verir və bilir ki, onlardan 100 nəfərdə problem yaranacaq. Buna görə də hamıya tətbiq olunan faiz yüksək olur ki, əldə edilən gəlir hesabına geri qaytarılmayan kreditlərin yaratdığı xərclər ödənilsin. Yəni kredit riski mahiyyətcə budur”, – deyə iqtisadçı bildirib.

Əkrəm Həsənov hesab edir ki, Azərbaycanda riskin yüksək olmasının əsas səbəblərindən biri insanların ödəniş qabiliyyətinin zəif olmasıdır: “Sahibkarlar üçün də qeyri-müəyyənlik çoxdur. Biznesdə qeyri-müəyyənlik nədir? Bu gün obyektin, evin var, sabah gəlib əlindən ala bilərlər. Biz buna ölkədə tez-tez şahid oluruq. Özbaşınalıq halları var, qanunlar ya işləmir, ya da mülkiyyət hüququ kifayət qədər qorunmur. Belə bir şəraitdə ümumi risklər yüksək olur və nəticədə faizlər də artır”.

Əkrəm Həsənov bildirir ki, Avropa ölkələrində isə vəziyyət fərqlidir.

“Avropanın hansı ölkəsində belə hallar var ki, hansısa tikinti şirkəti ortaya çıxıb ‘bu binanı sökürəm, yerində yenisini tikəcəyəm, nə vaxtsa sizə oradan mənzil verəcəyəm’ deyib insanların evini dağıtsın? Kim razı oldu, olmadı, fərq etmədən söküntü aparılsın? Belə hallar yoxdur. Orada hüquqi təminat və əminlik var, bizdə isə bu səviyyədə deyil.

Digər tərəfdən, banklar kredit verərkən öz vəsaitlərini deyil, cəlb etdikləri vəsaitləri istifadə edirlər. Yəni əmanətləri. Əmanət qoyanlar da Azərbaycanda yüksək faiz gözləyir. Avropa ölkələrində əmanət faizləri 1–2 faiz olduğu halda, bizdə bu göstərici təxminən 12 faizdir. Yəni əmanətçinin gözləntisi yüksəkdir, çünki ölkədə risklər çoxdur və o, daha çox qazanmaq istəyir”, – deyən iqtisadçı bildirib ki, bu şəraitdə banklar da yüksək faizlə kredit verməyə məcbur olur. Kreditlərin son dövrlərdə artması məsələsinə gəldikdə isə bu da müəyyən mənada gözləniləndir. Çünki ölkədə vəsaiti olan insanlar onu daha çox banka yerləşdirirlər. Sahibkarlıqla məşğul olmaq çətinləşib. Daşınmaz əmlak bazarında da müəyyən geriləmə gözləntiləri var. Nəticədə vəsaitlər banka yönəlir və bank da həmin vəsaiti kredit kimi təqdim etməlidir ki, həm gəlir əldə etsin, həm də əmanətlər üzrə faiz ödənişlərini təmin edə bilsin.


Geri qayıt