Əsas Səhifə > Ana xəbər / Güney Press > Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı

Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı


Bu gün, 15:04

Paşinyan hakimiyyəti bir tərəfdən, Qərbə yönəlik inteqrasiya cəhdlərini dərinləşdirməyə çalışır, digər tərəfdən isə rəsmi İrəvan Ermənistanı onilliklər boyu davam etmiş Rusiya asılılığından tədricən uzaqlaşdırmağa cəhd göstərir... Ancaq bu geopolitik keçid prosesi Ermənistan üçün ciddi risklərlə də müşayiət olunur, çünki iqtisadi təzyiqlər, təhlükəsizlik boşluqları və ölkədaxili siyasi gərginliklər Ermənistanı yeni, həm də olduqca təhlükəli çağırışlarla baş-başa buraxır...

Cənubi Qafqazda geopolitik proseslər yenidən intensivləşməyə başlayıb. Üstəlik, bu proseslərin əsas ağırlıq mərkəzi məhz Ermənistanın üzərinə yüklənib. Belə ki, son vaxtlar Ermənistan ətrafında baş verən hadisələr Cənubi Qafqazda yeni geopolitik mərhələnin artıq formalaşmaq üzrə olduğunu göstərir. Çünki bir tərəfdən, Avropa Birliyinə bağlı qurumların Paşinyan hakimiyyətinə dəstəyi artır, digər tərəfdən isə Rusiyanın rəsmi İrəvana yönəlik təzyiqləri tədricən güclənir. Və bütün bunlara paralel olaraq, informasiya müharibəsi və lobbiçilik faktorunun ön plana çıxması da diqqəti çəkir.

Onu da qeyd etmək lazımdır ki, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin ermənipərəst sabiq prokuroru Luis Moreno Okamponun Paşinyan hakimiyyətinə qarşı səhnəarxası prosesdə birbaşa iştirakı ilə bağlı məlumatlar bu baxımdan, xüsusi rezonans doğurub. Belə ki, həmin məlumatlarda Avropa siyasi dairələrinə təsir göstərmək cəhdləri və Ermənistan daxilində siyasi proseslərə mümkün müdaxilə ssenariləri ifşa olunur. Və bütün bunların açıqlanaraq, ictimai müzakirəyə çıxarılması, Ermənistan ətrafında yaranmış ziddiyyətlərin artıq yalnız regional deyil, həm də daha genişniqyaslı geopolitik maraq toqquşmalarının nəticəsi olduğunu da biruzə verir.

Ancaq digər tərəfdən, Avropa Parlamenti tərəfindən qəbul edilən “Ermənistanın demokratik dayanıqlığı” ilə bağlı qətnamə Paşinyan hakimiyyəti üçün xüsusi əhəmiyyət daşıyır. Çünki bu sənədin böyük səs çoxluğu ilə qəbul olunması Brüsselin rəsmi İrəvana strateji dəstəyini təsdiqləyir. Həmin qətnamədə Ermənistanda demokratik islahatlara açıq dəstək ifadə olunur, növbəti parlament seçkilərinin azad və ədalətli keçirilməsinə çağırış edilir. Və Rusiyanın ciddi müqavimətinə baxmayaraq, Ermənistanın Qərbə inteqrasiyası kursuna siyasi legitimlik qazandırılmasına cəhd göstərilir.

Eyni zamanda, həmin sənəddə Azərbaycan-Ermənistan sülh prosesinə birmənalı dəstək, sərhədlərin toxunulmazlığı prinsipi və rəsmi İrəvana Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə çağırışlar da yer alır. Bu isə onu göstərir ki, Cənubi Qafqazda geopolitik maraqları olan Avropa Birliyi yalnız Ermənistanda ölkədaxili siyasi proseslərə nəzarət olunmasını deyil, həm də regionda yeni təhlükəsizlik və əməkdaşlıq arxitekturasının qurulmasını hədəfləyir. Və bu, o deməkdir ki, Avropa Birliyi Cənubi Qafqazda Rusiya ilə geopoltik rəqabət məsələsində prinsipial mövqe tutmaq niyyətindədir.

Maraqlıdır ki, bütün bu proseslərə paralel olaraq, Ermənistanın təhlükəsizlik siyasətində də önəmli dəyişikliklərin baş verməkdə olduğu müşahidə edilir. Belə ki, baş nazir Nikol Paşinyanın son açıqlamaları, xüsusilə də, Rusiya sərhədçilərinin mərhələli şəkildə əvəzlənməsi planları, rəsmi İrəvanın Kreml ilə münasibətlərində yeni mərhələnin başlandığını göstərir. Rəsmi İrəvan bu planlarını hələlik maliyyə məsələləri ilə izah etməyə çalışsa da, Paşinyan hakimiyyətinin davranışları əslində, daha geniş geopolitik kursun tərkib hissəsi kimi də qəbul oluna bilər.

Ona görə də, hazırda əsas qənaətlər ondan ibarətdir ki, rəsmi İrəvanın Ermənistan sərhədlərinə nəzarəti artırmaq istəyi ilk növbədə ölkənin suverenlik iddiasının mümkün qədər gücləndirilməsinə yönəldilib. Ancaq bu, eyni zamanda, baş tutacağı təqdirdə, Rusiyanın Cənubi Qafqaz regionundakı ənənəvi təsir mexanizmlərinin ciddi şəkildə zəiflədilməsi deməkdir. Və bu baxımdan, Kremlin rəsmi İrəvanın yeni planlarına reaksiyası gecikməyib, Rusiya mətbuatında Ermənistana qarşı mümkün sanksiyalarla bağlı təhdidkar məlumatlar yayılıb.

Məsələ ondadır ki, yayılan məlumatlara görə, Rusiya Ermənistanın son addımlarını “antirusiya siyasəti” kimi qiymətləndirərək, siyasi-iqtisadi təzyiq mexanizmlərini işə sala bilər. Belə ki, Kremlin təzyiq arsenalında Ermənistana qarşı kənd təsərrüfatı məhsullarının ixracına məhdudiyyətlər, sənaye mallarının idxalının dayandırılması və hətta enerji sektorunda əməkdaşlığın yenidən nəzərdən keçirilməsi kimi radikal variantlar yer alır. Və əgər, Kreml həqiqətən də rəsmi İrəvana bu variantlar üzrə təzyiqlərə başlayarsa, bu, Ermənistan iqtisadiyyatına məqsədyönlü şəkildə sarsıdıcı zərbələrin vurulması demək olacaq.

Təbii ki, xüsusilə də Kremlin məhz “Metsamor” AES ilə bağlı verə biləcəyi radikal qərarlar Ermənistana qarşı ən təhlükəli təzyiq istiqamətlərindən biri hesab olunur. Belə ki, nüvə tullantılarının utilizasiyası məsələsində Rusiya ilə əməkdaşlığın dayandırılması Ermənistan üçün yalnız iqtisadi deyil, həm də ciddi ekoloji problemlər yarada bilər. Və bu isə Rusiyanın Ermənistana qarşı təzyiq alətlərinin nə qədər həssas, həm də təhlükəli istiqamətləri əhatə etdiyini göstərir.

Digər tərəfdən, Rusiya-Ermənistan münasibətlərində artıq Ukrayna savaşı ilə bağlı faktorların da ciddi qarşıdurmada səbəblərindən biri kimi istirak etdiyi müşahidə olunur. Belə ki, hətta Ukrayna prezidenti Volodimir Zelenskinin İrəvana mümkün səfəri və Ermənistanın Avropa Siyasi Birliyi çərçivəsində fəallaşması Rusiyada ciddi narahatlıqla qarşılanır. Və Kreml bütün bunları Paşinyan hakimiyyətinin Qərbə doğru geopolitik inteqrasiya siyasi kursunun daha da inkişaf etdirildiyini göstərən önəmli davranışlar kimi qəbul edir.

Göründüyü kimi, bütün bu proseslər rəsmi İrəvanın artıq geostrateji dönüş nöqtəsində olduğunu biruzə verir. Belə ki, Paşinyan hakimiyyəti bir tərəfdən, Qərbə yönəlik inteqrasiya cəhdlərini dərinləşdirməyə çalışır. Digər tərəfdən isə rəsmi İrəvan Ermənistanı onilliklər boyu davam etmiş Rusiya asılılığından tədricən uzaqlaşdırmağa cəhd göstərir. Ancaq bu geopolitik keçid prosesi Ermənistan üçün ciddi risklərlə də müşayiət olunur. Çünki iqtisadi təzyiqlər, təhlükəsizlik boşluqları və ölkədaxili siyasi gərginliklər Ermənistanı yeni, həm də olduqca təhlükəli çağırışlarla baş-başa buraxır.

Belə anlaşılır ki, hazırda Ermənistan ətrafında baş verən hadisələr yalnız bu ölkənin xarici siyasət kursunun dəyişməyə başlaması ilə məhdudlaşmır. Əksinə, bu, daha geniş mənada Cənubi Qafqazın geopolitik xəritəsinin yenidən formalaşmaqda olduğunu da göstərir. Ona görə də, Cənubi Qafqazda Avropa Birliyi, Rusiya və digər qlobal aktorlar arasında regional rəqabət ciddi şəkildə kəskinləşir. Və belə bir şəraitdə Ermənistan məhz dünya nəhənglərinin amansız geopolitik qarşıdurmasının əsas poliqonlarından birinə çevrilməyə başlayıb.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat”


Geri qayıt