|
Rəhbərliyimizin müdrik siyasətinə bir daha heyran qaldıq. Doğrudan da uzaqgörənlik belə olar — adamlar bizim sağlamlığımızı bizdən çox düşünürlər. Bayramda nə bayram pulu verdilər, nə də maaşdan avans. Açığı, əvvəl başa düşmürdük, amma indi ayıldıq: əgər pul versəydilər, biz də gedib kabab, plov, şirniyyat yeyəcəkdik — sonra xolesterin, təzyiq… Allah eləməsin! Deməli, bizi qoruyurlar. Maaşın gecikməsi də təsadüfi deyilmiş. Bu, əslində “psixoloji dözümlülük proqramı” imiş. İnsan nə qədər gözləyər? Nə qədər səbr edər? Bax, bizi həyatın çətinliklərinə hazırlayırlar. Harvardda oxumayan adam belə strateji düşünə bilərmi? Əlbəttə yox. Hətta təklif edirəm ki, maaşı ümumiyyətlə ləğv etsinlər. Onsuz da biz ruhən zənginik. Pul nədir ki? Keçicidir. Amma bu məktəb — bu “səbr akademiyası” — ömürlükdür. Şikayət? Kimə? Niyə? Onsuz da sistem elə qurulub ki, səsin özünə qayıdır. Sən deyirsən, sən eşidirsən, sən də razılaşırsan. Babam demişkən: Gedən özü ilə rəhmət aparır… qalanlara isə “motivasiya” qalır. Şair də elə bil bizi görüb yazıb: Şikayət edirsən — baxan yoxdur, Ağsaqqal var — amma sayan yoxdur, Qoz bahadır — alan yoxdur, Maaş var — amma verən yoxdur. Nə isə… sağ olsunlar. Bizim yerimizə düşünmək də asan deyil axı.
Müəllif: Daşqın Abbasov (SOCAR işçisi) -
Mənbə: "DİA-AZ"
Geri qayıt
|