Əsas Səhifə > Ana xəbər / Güney Press > Onların Krivoy Roqu varsa, bizim də Gəncəmiz, Bərdəmiz, Tərtərimiz var...
Onların Krivoy Roqu varsa, bizim də Gəncəmiz, Bərdəmiz, Tərtərimiz var...6-04-2026, 03:53 |
|
Dünən "Sumqayıt" - "Neftçi" matçının oyunsonrası mətbuat konfransı fərqli başladı. Qonaqların baş məşqçisi Yuri Vernidub futbola keçməzdən öncə bir məsələ ilə bağlı danışmaq istədiyi dedi. Ukraynalı mütəxəssis işğalçı Rusiyanın 1 il əvvəl Krivoy Roqda yaşayış binalarının ballistik raketlə vurması və o raketlərdən birinin uşaq meydançasına düşməsi nəticəsində 9 uşaq və 12 böyüyün dünyasını dəyişdiyini xatırlatdı. Bunu həm özünün, həm də Vətəninin heç vaxt unutmayacağını dedi, bunu deməyi özünə borc bildiyini bildirdi.
Sual vermək fikrim yox idi, versəm də həmkarlarımdan sonra başlayacaqdım. Amma dözmədim, tez əlimi qaldırdım. Birinci sualı vermək ixtiyarını əldən edəndən sonra mikrofonu götürüb "Slava Ukraine" dedim. Ardınca oyun planı və s. ilə bağlı nəsə tələsik sual fikirləşib verdim.
Tərəfim bəllidir, dəfələrlə də bunu dilə gətirmişəm. Vernidub həm yaxşı məşqçidir, həm də böyük vətənpərvərdir. Artıq 4 ildir davam edən müharibənin iştirakçısı olub, cəbhədəki fəaliyyətini yaxşı bilirik. Belə bir insan öz ölkəsinin haqq savaşını burada - Azərbaycanda da gündəmə gətirirsə, bizə bu haqqın tərəfində durmaq, dəstək vermək düşür. Xatırlayıram, onun ilk mətbuat konfransında da bilərəkdən 1-ci sualı verməyi özüm istəmiş, cümləmə "Slava Ukraini" ilə başlamışdım. Məqsədim ona "burada dostlarının arasındasan" mesajını vermək idi.
Yenə təkrarladım addımımı bu gün.
Çünki Ukraynadan öncə biz keçmişik bu döyüşü. Bizdən yaxşı onları başa düşən olmayacaq.
Onların Krivoy Roqu varsa, bizim də Gəncəmiz, Bərdəmiz, Tərtərimiz var. Biz də düşmənin xain hücumunun qurbanı olmuşuq, günahsızlar, xüsusən də uşaqlarımızı, körpələrimizi qurban vermişik. O qurbanlara səbəb olan raketlər də, Krivoy Roqa düşən ölümcül raketlər də eyni əlin istehsalıdır. Düşmən birdir, eynidir.
5 il də keçsə, 10 il də keçsə, 100 il də keçsə unutmamalı, ədəbi xatirəyə çevirməliyik, heç vaxt bağışlamamalıyıq. Çünki biz unutmadıqca, unutdurmadıqca varıq, unutduğumuz gün yox olacağıq.
Müəllif: Kənan Məstəliyev - Mənbə: "DİA-AZ"
Geri qayıt |