Əsas Səhifə > Ana xəbər / Güney Press > Dini kontingent üzərində rus planı

Dini kontingent üzərində rus planı


6-04-2026, 01:24

Son dövrlərdə səslənən iddialar göstərir ki, bəzi dini çağırışlar artıq sırf ibadət və ya maarifləndirmə fəaliyyəti çərçivəsini çoxdan aşmış vəziyyətdədir. Bu, sadəcə dini təbliğat məsələsi deyil. Ortaya çıxan faktlar və iddialar planlı şəkildə qurulan, xaricdən maliyyə ilə dəstəklənən və cəmiyyət daxilində narazı kütlə formalaşdırmağa hesablanmış təşkilatlanma cəhdlərinin mövcudluğundan xəbər verir.

Bu prosesin mərkəzində isə konkret bir fiqurun – İŞİD təbliğatçısı Əlixan Musayevin adı çəkilir.

İddialara görə, Əlixan Musayev uzun müddətdir ki, müxtəlif radikal dini qrupları eyni platformada toplamağa çalışır. Onun fəaliyyətində əsas xətt ideoloji fərqləri arxa plana keçirmək və “hamımız qardaşıq” şüarı altında müxtəlif cərəyanları vahid məqsəd ətrafında birləşdirməkdir. Bu isə sadəcə dini birlik görüntüsü yaratmaq deyil, fərqli radikal baxışları bir mərkəzdən idarə olunan struktur daxilində cəmləşdirmək cəhdidir.

Bu yanaşmanın mahiyyəti isə artıq gizli deyil. O bu mövqeyi açıq şəkildə ifadə edir və səsləndirdiyi fikirlər cəmiyyət üçün ciddi suallar doğurur.

Yəni sosial mediada paylaşılan videosunda belə bir mövqe sərgiləyir: ölkə rəhbərini qəbul etməyənlərə, xarici etiqadları və təkfir fitnəsini yayanlara qarşı susmaq lazımdır ki, fitnə yayılsın.

Bu isə din adı altında dindarlar arasında dövlətə və rəhbərliyə qarşı itaətsizlik düşüncəsinə meydan tanımaqdır. Açıq şəkildə o şəxslərin xəvaric adlandırılmasına qarşı çıxır.

Bu, artıq sadəcə dini mövqe deyil, bu, dövlətə qarşı passiv müqavimət ideologiyasının yayılmasıdır. Bu, dini ritorika ilə siyasi itaətsizlik düşüncəsinin legitimləşdirilməsi cəhdidir.

Ən ciddi iddialar isə maliyyə məsələsi ilə bağlıdır. Bildirilir ki, Küveytdən əldə edildiyi deyilən təxminən 10 milyon dollar vəsait dini fəaliyyət adı altında ölkə daxilində şəbəkə qurmaq, tərəfdar toplamaq və təsir dairəsini genişləndirmək üçün istifadə olunur.

Bu vəsaitin sadəcə xeyriyyə və ya dini maarifləndirmə məqsədi daşımadığı, əksinə daha geniş siyasi və ideoloji planın maliyyə dayağı olduğu ehtimalı getdikcə daha çox səsləndirilir. Pulun mənbəyi, istiqaməti və istifadə mexanizmi barədə açıq sualların qalması isə şübhələri daha da artırır.

Əlixan Musayevin fəaliyyətində xüsusi diqqət çəkən digər istiqamət isə gənclərlə bağlıdır. İddialara görə, dini mövzulara yeni maraq göstərən, lakin dini bilikləri yetərli olmayan gənclər məqsədli şəkildə hədəf seçilir. Onlara emosional çıxışlar, dini şüarlar və sosial ədalət çağırışları vasitəsilə təsir göstərilir, zamanla isə daha sərt və radikal düşüncə formalaşdırılır.

Bu proses təsadüfi deyil. Bu, sistemli şəkildə aparılan kadr toplama strategiyası kimi qiymətləndirilir.

Ekspertlərin fikrincə, burada söhbət adi dini fəaliyyətdən yox, paralel təsir mexanizmi qurmaq cəhdindən gedir. Xaricdən gələn maliyyə, ideoloji istiqamətin ölkə xaricində formalaşması və ölkə daxilində təşkilatlanma səyləri bir araya gəldikdə bu fəaliyyət artıq dini mübahisə səviyyəsini aşaraq milli təhlükəsizlik məsələsinə çevrilir.

Tarix dəfələrlə göstərib ki, xaricdən maliyyələşən ideoloji şəbəkələr əvvəlcə dini və sosial şüarlar altında fəaliyyətə başlayır, sonra geniş tərəfdar bazası yaradır və sonda cəmiyyət daxilində gərginlik yaradan paralel struktura çevrilir. Bu baxımdan, məsələ bir şəxsin fəaliyyəti ilə məhdudlaşmır: əsas məsələ həmin fəaliyyətin arxasında dayanan sistem, koordinasiya və məqsəddir.

Bu gün cavab gözləyən əsas suallar isə açıq qalır:

Küveytdən gəldiyi iddia olunan milyonlar, həqiqətən, dini fəaliyyət üçündür, yoxsa ölkə daxilində təsir və nəzarət mexanizmi qurmaq üçün ayrılmış strateji resursdur?

Rusiya bu prosesin hansı tərəfindədir?

Əlixan Musayevin dini mühitdə istifadə etdiyi metodlar təsadüfi təşəbbüsdür, yoxsa daha geniş geosiyasi planın – dini kontingent üzərində qurulan yeni rus ssenarisinin bir hissəsidir?

Yenicag.az


Geri qayıt