Əsas Səhifə > Ana xəbər / Güney Press > İnnovasiya və Təchizat Mərkəzi “Var Construction” MMC ilə işbirliyini davam etdirir
İnnovasiya və Təchizat Mərkəzi “Var Construction” MMC ilə işbirliyini davam etdirir4-04-2026, 09:30 |
|
“İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi “Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında yerləşən 49 tibb müəssisəsinin rentgen və flüoqrafiya, həkim idarəetmə və köməkçi otaqlarında əsaslı təmir işləri” nin satın alınması üzrə 12.12.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “AZDEV ENGİNEERİNG CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 2.498.930,12 manat məbləğində satınalma müqaviləsinin bağlanılması gözlənilir. Məlumat satınalmaların portalında 29.03.2026-ci ildə dərc edilib. Göründüyü kimi İnnovasiya və Təchizat Mərkəzi məlumatları satınalmaların portalında qeyri iş günü dərc edilib. Bu isə açıq tender müsabiqəsinin əvvəlcədən planlaşdırıldığını deməyə əsas verir. Çünki, qanunla satınalma proseduru yekunlaşdıqdan sonrakı üç iş günü ərzində məlumatlar satınalmaların portalına yerləşdirilməlidir. Qeyd edək ki, İnnovasiya və Təchizat Mərkəzi 18.12.2025-ci ildə “Bakı şəhərində yerləşən 50 tibb müəssisəsinin rentgen və flüoqrafiya, həkim idarəetmə və köməkçi otaqlarında (bioloji müdafiə sistemlərinin yaradılması) əsaslı təmir işləri”nin satın alınması üzrə bir mənbədən satınalma metodu tətbiq etməklə “Var Construction” MMC ilə 2.408.622,99 manat məbləğində satınalma müqaviləsi bağlayıb. İndi gəlin görək İnnovasiya və Təchizat Mərkəzinin müqavilə bağladığı bu şirkətlərin bir-biri ilə nə kimi əlaqələri var. Qeyd edək ki, “Azdev Engineering Construction” elə “Var Construction” MMC -dir. “Var Construction” şirkəti 16.02.2026-cı ildə adını dəyişdirərək “Azdev Engineering Construction” adı altında fəaliyyətini davam etdirir. Şirkətin adının dəyişdirilməsinin səbəbləri məlum deyil. Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. Şirkətin veb-səhifəsi olsa da, işlək deyil. MMC-nin əlaqə telefonlarına da rast gəlinmir. Bu baxımdan MMC-nin maddi-texniki bazasının hansı səviyyədə olduğu da məlum deyil. Mediada yayılan bəzi iddialara görə isə Nərimanov Tibb Mərkəzinin tabeliyindəki 5 nömrəli Şəhər Kliniki Xəstəxananın binasının yenidən qurulması işlərinin yubanması vəsait çatışmazlığı ilə əlaqədardır. Lakin bu iddia inandırıcı görünmür. 19 milyon manat bir xəstəxananın yenidən qurulması üçün o qədər də az vəsait deyil. Yeri gəlmişkən, Nərimanov Tibb Mərkəzinin yenidən qurulması işlərinin yubanması faktı havadan götürülməyib. Yenidənqurma işlərinin 2024-cü ilin sonlarında tamamlanacağı barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) bununla bağlı rəsmi açıqlaması olub.
Qeyd edək ki, TƏBİB-in tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi Səhiyyə Nazirliyinin tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi” olub. Prezidentin 09 mart 2023-cü il tarixli Fərmanı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyinə verilib. “İnnovasiya və Təchizat Mərkəzi” TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin fəaliyyətinin təşkili məqsədilə iş, xidmət, mal-material və digər ləvazimatların alışı ilə məşğuldur.
“İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsin direktoru Nurlan Quliyevdir.
Qeyd edək ki, Nurlan Quliyev 2023-cü ilin iyun ayından “İnnovasiya və Təchizat Mərkəzi”nin direktorudur. Medianın yaydığı məlumatlara görə Nurlan Quliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyyətinin sədri olmuş Zaur Əliyevin kadrıdır. Vəzifə pilləsində yüksəlişi də birbaşa onunla bağlıdır. Vaxtı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Satınalma və Təchizat Departamentinin müdiri vəzifəsində çalışıb.
Mediada və tibb ictimaiyyəti arasında Nurlan Quliyevin adı daha çox Zaur Əliyevin “gizli kassası” kimi hallanır. İddialara görə, Nurlan Quliyev tenderlərdə iştirak edən şirkətləri özünün “qaydaları” çərçivəsində sıxışdıraraq, onlar üzərindən manipulyasiya əməliyyatları həyata keçirir. Elə adını dəyişmiş “Var Construction” MMC ilə başqa adla işbirliyi də Nurlan Quliyevin əməllərindən biridir.
Məlum olduğu kimi martın 19-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) ləğv edilərək səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) həvalə edilib.Bu baxımdan cbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev vəzifəsini iturib. Medianın yaydığı məlumatlara görə Zaur Əliyevlə bərabər 10-dan çox yüksək vəzifəli şəxs də vəzifəsini itirib.
Aktualinfo.net
Geri qayıt |