Əsas Səhifə > Ana xəbər / Güney Press > Maşın bazarında ağlasığmaz vəziyyət yarandı
Maşın bazarında ağlasığmaz vəziyyət yarandı1-04-2026, 06:16 |
|
Azərbaycanda avtomobillərin yürüş məsafəsini göstərən cihazların dəyişdirilməsi və sıfırlanması halları geniş yayılıb. Bildirilir ki, bu üsulla bəzi satıcılar nəqliyyat vasitələrini real vəziyyətindən fərqli olaraq alıcıya daha “yeni” kimi təqdim edirlər. Avtomobil alarkən nəyə diqqət etmək lazımdır? Maşının ikinci əl olduğunu başqa hansı yolla bilmək olar? Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib ki, avtomobillərin yürüş göstəricisinin dəyişdirilməsi və bu məqsədlə edilən müdaxilələr birbaşa alıcıların aldadılmasıdır: “Bu cür davranışlar vətəndaşa qarşı hörmətsizlik olmaqla yanaşı, bazarda etimadın azalmasına və müştəri itkilərinə səbəb olur. Məsələyə yalnız maddi qazanc prizmasından yanaşmaq düzgün deyil, çünki bu, ümumilikdə bazar münasibətlərinə mənfi təsir göstərir. Belə hallar təkcə Azərbaycana xas deyil, bir çox xarici ölkələrdə də müşahidə olunur. Məsələn, Türkiyədə avtomobillərin tarixçəsini əks etdirən sistemlər mövcuddur və burada nəqliyyat vasitəsinin istehsal tarixi, qəzaya düşməsi kimi məlumatlar qeyd olunur ki, bu da sığorta, eləcə də satış prosesinə təsir edir. Azərbaycanda isə hazırda belə bir sistem tətbiq olunmur. Nəticə etibarilə, qısamüddətli qazanc məqsədilə edilən bu cür addımlar uzunmüddətli perspektivdə həm müştəri münasibətlərinə, həm də bazarın sağlam fəaliyyətinə ciddi zərər vurur”. Ekspert bildirib ki, istifadə olunmuş avtomobili müəyyən etməyin bir neçə praktik yolu var: “Məsələn, sükan, oturacaqlar, pedal rezinləri həddindən artıq aşınıbsa, amma yürüş az göstərilirsə, uyğunsuzluq var. Mühərrikin, sürətlər qutusunun səsi və ümumi işləmə vəziyyəti də ipucu verir. Boya qalınlığı ölçən cihazla da yoxlama aparmaq olar. Rəng fərqi, qaynaq izləri, boltların açılıb-bağlanma əlamətləri qəza keçmişinə işarədir. Şüşələrin üzərində istehsal ili yazılır. Müxtəlif illərdirsə dəyişdirilib. Faralar, təhlükəsizlik kəmərləri kimi detallarda da tarix olur. Avtomobilin VIN kodu ilə beynəlxalq bazalarda tarixçəni yoxlamaq mümkündür. Qəza, yürüş, sahib sayı barədə məlumat çıxa bilər. O cümlədən, rəsmi servis qeydləri varsa, yürüş və baxım tarixçəsi görünür. Sənədlərdə uyğunsuzluq da şübhə yaradır. Kompüterlə yoxlama zamanı bəzi avtomobillərdə real yürüş yaddaşda qalır və dəyişdirilmiş rəqəm üzə çıxa bilər. Satıcı davranışı, yəni müştərini çox tələsdirmə, suallardan yayınma və yoxlamağa icazə verməmək də risk əlamətidir”. Geri qayıt |