Əsas Səhifə > Ana xəbər / Güney Press > Selə təslim olan evlərin SIĞORTASI OLSAYDI...

Selə təslim olan evlərin SIĞORTASI OLSAYDI...


29-03-2026, 08:23

Güclü yağışların yaratdığı fəsadlar yenidən sığorta və hüquqi qeydiyyat problemini gündəmə gətirib. "DİA-AZ" xəbər verir ki, bununla bağlı münasibətini açıqlayan tanınmış tikinti eksperti Elnur Fərzəliyev olduqca mühüm məqama da toxunub.

Son günlər müşahidə olunan intensiv yağıntılar nəticəsində yüzlərlə fərdi yaşayış evinə ciddi maddi ziyan dəyib. Xüsusilə subasma halları daha çox sənədsiz – çıxarışsız tikilmiş evlərin yerləşdiyi ərazilərdə qeydə alınıb.
Məsələ ilə bağlı danışan Elnur Fərzəliyev bunları əlavə edib: "Mövcud qanunvericiliyə əsasən, belə hallar rəsmi şəkildə təbii fəlakət kimi qiymətləndirildiyi təqdirdə, zərərçəkmiş vətəndaşlara dövlət tərəfindən müəyyən həcmdə maliyyə dəstəyi göstərilməsi mümkündür. Lakin hadisə bu statusu almazsa, dəymiş ziyanın qarşılanması vətəndaşların öz üzərinə düşür.
Problemin ən həssas tərəfi isə ondan ibarətdir ki, zərər görən evlərin əksəriyyəti çıxarışsız olduğundan rəsmi qaydada sığortalana bilmir. Bu isə o deməkdir ki, vətəndaşlar nə sığorta ödənişindən yararlana bilir, nə də bəzi hallarda dövlət kompensasiyasına tam şəkildə çıxış əldə edə bilirlər.
Əgər bu yaşayış evləri hüquqi qeydiyyatdan keçmiş və sığortalanmış olsaydı, dəyən ziyan sığorta şirkətləri tərəfindən qarşılanmalı idi. Mövcud vəziyyət isə bir daha göstərir ki, plansız tikinti, sənədləşmə problemləri və riskli ərazilərdə məskunlaşma gələcəkdə daha ciddi sosial-iqtisadi fəsadlara yol aça bilər..."


Geri qayıt