Əsas Səhifə > Ana xəbər / Güney Press > Bölgələrdə müəllim çatışmazlığı

Bölgələrdə müəllim çatışmazlığı


25-03-2026, 11:51

Azərbaycanda bölgələrdə müəllim çatışmazlığı uzun illərdir ki, təhsil sisteminin üzləşdiyi əsas problemlərdən biridir.

Müəllimlərin bölgələrdə işləməyə marağının az olması həm sosial, həm də iqtisadi səbəblərlə bağlıdır və bu, təhsilin keyfiyyətinə birbaşa təsir göstərir. Ekspertlər hesab edirlər ki, müəllim motivasiyasının artırılması üçün yalnız maaş artımı kifayət deyil, həm də sosial-iqtisadi və karyera həvəsləndirmələrinin sistemli şəkildə tətbiqi vacibdir.

Mövzu barədə Yenicag.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri deyib ki, bölgələrdə çalışan müəllimlərin motivasiyasının artırılması üçün sosial-iqtisadi və karyera yönümlü həvəsləndirmələrin tətbiqi vacibdir.

Ekspertin sözlərinə görə, regionlarda müəllim kimi işləyən şəxslər bir sıra sosial və iqtisadi çətinliklərlə üzləşirlər:

“Müəllim istər paytaxtdan bir bölgəyə gedəndə, istərsə də bir bölgədən digərinə keçəndə yaşayış, kirayə, ərzaq və digər kommunal xərcləri öz hesabına qarşılamalı olur. Bundan əlavə, ayda bir-iki dəfə ailəsinin yaşadığı yerə baş çəkmək məcburiyyətindədir. Çox vaxt bölgələrdə çalışan müəllimlərin əksəriyyəti subaydır və ailəsi orada yaşamır. Bu da xərcləri artırır və onları əlavə sosial təzyiq altında saxlayır”.

Elmin Nuri bildirib ki, müəllimlərin motivasiyası iki istiqamətdə qurulmalıdır: sosial-iqtisadi və karyera həvəsləndirmələri.

“Sosial-iqtisadi motivlərin əsas məqsədi müəllimlərin gündəlik xərclərini azaltmaq və bölgələrdə işləməyə stimul yaratmaqdır. Beynəlxalq təcrübəyə baxdıqda, uzaq ərazilərdə çalışan müəllimlərə məsafəyə görə kirayə haqqı, nəqliyyat xərcləri və əlavə təqaüdlərdə güzəştlər tətbiq olunur. Təəssüf ki, bizdə hazırda H1 və H2 həvəsləndirmələri yalnız 35 yaşadək müəllimlər üçün nəzərdə tutulub. Bu, kifayət etmir. Müəllimlər üçün illik və dövri həvəsləndirici təqaüdlərin tətbiqi böyük rol oynaya bilər və onların bölgələrdə qalmasını təmin edər”.

Ekspert karyera həvəsləndirmələrinin də vacib olduğunu vurğulayıb:

“Bölgə müəllimləri yalnız sosial-iqtisadi çətinliklərlə üzləşmir, həm də karyera irəliləməsi baxımından məhdudiyyətlər yaşayırlar. Paytaxtda təlimlər, konfranslar, forumlar və digər tədbirlərə qatılmaq asandır, amma bölgələrdə yaşayan müəllimlər üçün bu imkanlar məhduddur. Bu səbəbdən karyera proqramlarına bölgə müəllimlərinin cəlbi üçün xüsusi güzəştlər paketi hazırlanmalı, xarici müəllim mübadiləsi və təcrübə proqramlarında onların iştirakı artırılmalıdır”.

Elmin Nuri qeyd edib ki, həm sosial-iqtisadi, həm də karyera motivasiyaları eyni zamanda tətbiq olunarsa, bölgələrdə müəllim çatışmazlığı problemi aradan qaldırıla və onların uzunmüddətli fəaliyyətinə şərait yaradıla bilər:

“Müəllim üçün həvəsləndirici faktor çox böyük rol oynayır. Sosial və karyera dəstəyi olan müəllimlər daha motivasiyalı və bölgədə qalmağa həvəsli olurlar. Bu yanaşma həm təhsilin keyfiyyətini artıracaq, həm də bölgələrdə təhsil infrastrukturunu gücləndirəcək”.

O əlavə edib ki, bölgələrdə müəllim motivasiyasının artırılması həm də ümumi təhsil siyasətinin uğuru üçün strateji əhəmiyyət kəsb edir və uzunmüddətli perspektivdə ölkənin təhsil sisteminin dayanıqlığını təmin edə bilər.


Geri qayıt