Əsas Səhifə > Ana xəbər / Güney Press > “BOKT-ların sayının artması kredit bazarında alternativ maliyyə mənbələrinin çoxalmasına gətirib çıxarır”
“BOKT-ların sayının artması kredit bazarında alternativ maliyyə mənbələrinin çoxalmasına gətirib çıxarır”20-03-2026, 08:42 |
Azərbaycanda daha bir bank fəaliyyətini dayandıraraq BOKT-a çevrilib və ölkədə fəaliyyət göstərən bankların sayı 21-ə düşüb. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, yaxın vaxtlarda daha iki bankın bağlanması mümkündür. Onun sözlərinə görə, bağlanan banklar əsasən maliyyə problemləri olan, zəif fəaliyyət göstərən qurumlardır və onların BOKT-a çevrilməsi fəaliyyətin başqa formada davamıdır: “BOKT-lar kreditləri daha sürətli təqdim etdiyinə görə yüksək faizlərə baxmayaraq daha çox müştəri cəlb edir. Banklar isə likvidliyi qorumaq üçün kredit şərtlərini sərtləşdirir”.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bankların sayının azalması rəqabətin zəifləməsinə də səbəb ola bilər Azərbaycanda bəzi bankların fəaliyyətini dayandıraraq bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi maliyyə sektorunda struktur dəyişikliklərinin getdiyini göstərir. Bu proses ilk növbədə bank sektorunun daha dayanıqlı və sağlam hala gətirilməsinə xidmət edə bilər, çünki zəif və maliyyə problemləri yaşayan banklar bazardan çıxarılır və ya fəaliyyət formatını dəyişir. Nəticədə ümumi bank sistemində risklər müəyyən qədər azalır, lakin eyni zamanda bankların sayının azalması rəqabətin zəifləməsinə də səbəb ola bilər. BOKT-ların sayının artması kredit bazarında alternativ maliyyə mənbələrinin çoxalmasına gətirib çıxarır. Bu qurumlar daha çevik işlədikləri və kreditləri daha sürətli təqdim etdikləri üçün xüsusilə kiçik biznes və təcili pula ehtiyacı olan şəxslər üçün əlçatan olur. Lakin onların faiz dərəcələri adətən banklardan daha yüksək olduğu üçün bu, uzunmüddətli dövrdə borclanmanın bahalaşmasına səbəb olur. Bu isə ümumilikdə iqtisadiyyatda kredit yükünü artıra və bəzi hallarda problemli kreditlərin çoxalmasına gətirib çıxara bilər. Digər tərəfdən, bankların kredit şərtlərini sərtləşdirməsi maliyyə intizamını gücləndirsə də, real sektorun, xüsusilə də kiçik və orta biznesin maliyyəyə çıxışını çətinləşdirə bilər. Bu isə iqtisadi aktivliyin müəyyən qədər zəifləməsi riskini yaradır. BOKT-lar bu boşluğu qismən doldursa da, yüksək faizlər səbəbindən onların təsiri tam balanslaşdırıcı olmur”. Akif Nəsirli vurğulayıb ki, aşağı gəlirli qruplar üçün bu, maliyyə vəziyyətinin pisləşməsinə səbəb ola bilər: “Əhali baxımından isə bu dəyişikliklər ikili təsir yaradır. Bir tərəfdən, insanlar daha tez və asan kredit əldə edə bilir, digər tərəfdən isə bu kreditlər daha baha başa gəlir. Nəticədə vətəndaşların borc yükü arta bilər və gəlirlərinə nisbətdə daha çox faiz ödəməli olurlar. Xüsusilə aşağı gəlirli qruplar üçün bu, maliyyə vəziyyətinin pisləşməsinə səbəb ola bilər. Ümumilikdə, bankların BOKT-lara çevrilməsi qısa müddətdə maliyyə əlçatanlığını artırsa da, uzun müddətdə maliyyə sabitliyi, kreditlərin keyfiyyəti və əhalinin borclanma səviyyəsi baxımından diqqətlə idarə olunmalı bir prosesdir”. Geri qayıt |