Əsas Səhifə > Ana xəbər / Güney Press > Ölkənin səhiyyə sektoruna etibarın sarsıldığı an...
Ölkənin səhiyyə sektoruna etibarın sarsıldığı an...19-03-2026, 06:41 |
Paytaxtın mərkəzində fəaliyyət göstərən bir tibb müəssisəsində aparılan yoxlama nəticəsində ortaya çıxan faktlar təkcə bir klinikanın problemi deyil, bütövlükdə cəmiyyət üçün ciddi siqnaldır. Səhiyyə Nazirliyi tərəfindən Binəqədi rayonu ərazisində yerləşən “Verteba” klinikasında aparılan yoxlama göstərdi ki, bəzi hallarda insanlar həyatlarını etibar etdikləri yerlərdə belə peşəkar olmayan xidmətlərlə üz-üzə qala bilirlər.Məsələ ondadır ki, tibb sahəsi eksperiment yeri deyil. Bu sahədə çalışan hər bir şəxs yalnız diplomla deyil, həm də sertifikat və peşəkar məsuliyyətlə fəaliyyət göstərməlidir. Amma yoxlama zamanı məlum olur ki, tibbi təhsili və müvafiq sertifikatı olmayan şəxslər insanların sağlamlığı üzərində prosedurlar həyata keçiriblər. Bu artıq sadəcə qayda pozuntusu deyil bu, birbaşa insan həyatına risk deməkdir. Ən narahatedici məqam isə budur ki, biz xəstəxanaya, klinikaya gedəndə şübhə etmirik. Ağrımızı, qorxumuzu, ümidimizi həkimə etibar edirik. Hətta bəzən sual belə vermirik və qarşımızdakının peşəkarlığını avtomatik qəbul edirik. Çünki tibb sahəsi etibar üzərində qurulub. Amma belə hallar göstərir ki, bu etibar hər zaman özünü doğrultmur. Biz kimlərə etibar edirik? Adı “mütəxəssis” kimi təqdim olunan hər kəs doğrudanmı bu adı daşımağa layiqdir? İnsan bədəni üzərində işləmək adi xidmət sahəsi deyil. Bu, bilik, təcrübə və ən əsası məsuliyyət tələb edən bir sahədir. Burada məsuliyyət yalnız həmin şəxslərin üzərində deyil. Nəzarət mexanizmləri daha sərt işləməli, tibbi fəaliyyətlə məşğul olan hər bir şəxs ciddi şəkildə yoxlanılmalıdır. Çünki söhbət cərimədən yox, insan sağlamlığından gedir. Digər tərəfdən, cəmiyyət olaraq bizim də məsuliyyətimiz var. Biz xidmət aldığımız yerləri araşdırmalı, mütəxəssislərin kimliyini soruşmalı, sertifikat və ixtisas məsələsinə diqqət etməliyik. Sağlamlıq təsadüflərə buraxıla biləcək məsələ deyil. Bu hadisə bir daha göstərdi ki, ağ xalat hər zaman peşəkarlığın göstəricisi deyil. Bəzən o xalatın arxasında bilik yox, sadəcə görünüş dayanır. Ən təhlükəlisi isə budur ki, insan bunu çox vaxt gec anlayır. Həyatımızı əmanət etdiyimiz insanların kim olduğunu bilmək artıq seçim deyil, zərurətdir. Çünki səhv əllərə düşən sağlamlığın bəzən geri dönüşü olmur. Geri qayıt |