Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycan müharibələrdən kənarda qalmağı necə bacardı?!

Azərbaycan müharibələrdən kənarda qalmağı necə bacardı?!


17-03-2026, 05:11

Əvvəllər biz deyirdik, Azərbaycan iki böyük regional güc arasında yerləşir. Bunun nə demək olduğunu xüsusi izah etməyə ehtiyac görmürəm. İndi bunun nə demək olduğunu hər kəs anlayır.

İsraillə İran arasında ötən ilin yayında baş vermiş 12 dünlük müharibə zamanı "Müharibələrin mühasirəsində" adlı bir esse yazmışdım. O essedəki fikirlər bu gün yenə də - yenidən aktuallaşıb. Biz nəinki iki müharibə ilə... həmsərhədik, üstəlik ABŞ-İsrail tandeminin İrana qarşı keçirdiyi indiki hərbi əməliyyatlar müharibənin şaxələnməsinə və regiona yayılmasına qismən də olsa, səbəb olub. Azərbaycan, eləcə də, Türkiyə hələ ki bu müharibədən kənarda qalmağı bacarıb. Bu da hər iki ölkənin rəhbərliklərinin apardığı balanslı və sülhsevər diplomatiyanın nəticəsidir.

Azərbaycan bu baxımdan unikal ölkə sayıla bilər. Çünki Azərbaycanın həm İranla, həm körfəz ölkələri ilə, həm ABŞ və İsrail ilə münasibətləri var. Azərbaycan bu qütblər arasında öz diplomatik manevr imkanlarını saxlayır, üstəlik bunlar sülh manevrləridir.

Azərbaycan əvvəla, sülhün dəyərini dərindən anlayan ölkədir. İkincisi, öz ərazisini işğaldan azad etmək və məğlub olmuş rəqibə sülh təklif etmək nümunəsində sülhü əldə edən ölkədur. Üçüncüsü, sülh şəraitində yaşamağı öyrənməkdə olan - sülh təcrübəsi toplayan ölkədir. Bu baxımdan Azərbaycanın sülh quruculuğunda dünyaya təklif edə biləcəyi bir qiymətli model var. Bu, sülhün Azərbaycan modelidir.

Əslində ötən həftə Bakıda bu modelin yenidən - indiki müharibələr fonunda dünyaya təqdimatının bir daha şahidi olduq. Bu, həm Azərbaycan prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta ilə Bakıda keçirdiyi görüşlərdə, birgə bəyanatlarda, həm də dünya siyasətinin Azərbaycanın paytaxtına toplaşmış elitar təmsilçiləri qarşısındakı çıxışlarda ifadə olundu.

"Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusunda keçirilmiş XIII Qlobal Bakı Forumu bu baxımdan ən uyğun platformadır. Forumun adından da göründüyü kimi, Azərbaycan qlobal teansformasiyanın sülhə yolunu - fikir ayrılıqlarının aradan qaldırılması üçün dinc alternativləri təklif edir. Bu zaman Azərbaycan, dediyim kimi, özünün unikal sülh təcrübəsinə əsaslanır.

Forumdakı nitqində prezident İlham Əiyev deyib: "İşğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız - hesab edirəm ki, bu, beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir".

Prezident İlham Əliyev, göründüyü kimi, artıq öz ölkəsinin, hətta öz regionunun sərhədlərini aşaraq, qlobal miqyasda "sülh memarı" qismində çıxış edir. Bu, şübhəsiz, indiki həssas məqamda çox mühümdür.

Regionda situasiyanın mürəkkəbliyi göz önündıdir: ABŞ və İsrailin İrana qarşı başlatdığı lokal müharibəni rəsmi Tehran regional müharibəyə çevirməklə hədələyir. Hətta bu, hədə olaraq da qalmır; elə təkcə körfəz ölkələrinə - ərəb ölkələrinə 300-dən çox zərbə endirilib. Hərbi müdaxiləyə məruz qalmış İran müharibəni şaxələndirməklə, hərbi əməliyyatların coğrafiyasını genişləndirməklə müqavimət göstərməyə çalışır. Doğrudur, İran prezidenti bir neçə gün əvvəl qonşu dövlətlərə zərbə endirilməyəcəyini demişdi, ancaq bu zərbələr davam edir. ABŞ prezidenti isə İranın razılaşmaya hələ hazır olmadığını, özünün də hərbi əməliyyatları dayandırmaq əmri vermədiyini bildirib. Demək, müharibə gözlənildiyindən də uzun çəkə bilər. Bu isə nəinki bölgədə humanitar böhran, həm də genişmiqyaslı regional müharibə risqini tətikləyir.

Belə bir şəraitdə Azərbaycanın yürütdüyü siyasətin - ölçü-biçili, balanslı diplomatiyanın, eyni zamanda öz təhlükəsizliyini qorumaq əzminin dəyəri bir daha göz önünə gəlir. Böyük ölkələr bir-biri ilə vuruşur, bir-birinin şəhərlərini, hərbi infrastrukturunu dağıdır, Azərbaycan isə bölgədə sülh quruculuğuna yönəlmiş səylərini davam etdirir; qarşılıqlı iqtisadi maraqlardan çıxış edir, yeni investisiya layihələrindən, yeni nəqliyyat dəhlizlərinin qurulmasından, yaxud gücünün artırılmasından danışır. Azərbaycan bölgədəki hərbi əməliyyatlar teatrlarında - müharibələrdə deyil, iqtisadi əməkdaşlıq formatlarında tərəf olmağı seçib. İranla 800 kilometrə yaxın sərhəddi olan, ABŞ-la strateji tərəfdaşlıq qurmuş, İsraillə yaxın münasibətlərini davam etdirən, Fars körfəzindəki ərəb ölkələri ilə sıx əməkdaşlıq əlaqələri yaratmış Azərbaycan eyni zamanda özünü bu müharibələrdən kənarda tuta bilir. Bütün provokativ əməllərə rəğmən İlham Əliyev bunu bacarır. Doğrusu, İlham Əliyevin yerində bir başqası olsaydı, indiki sərt geosiyasi toqquşmalar fonunda, bu cür kəskin qütblər arasında, belə mürəkkəb münaqişəli durumda böhranı bu qədər ustalıqla idarə edə bilməzdi. Hər halda xüsusilə indiki situasiyada Azərbaycanın indiki siyasi xəttinə hər hansı uğurlu alternativi şəxsən mən təsəvvür edə bilmirəm. Biz çox zaman özümüzə kənardan baxa bilmirik, ya da obyektiv baxa bilmirik. Obyektiv qiymətləndirrsək, görərik, dünyanın irili-xırdalı çox dövlətinin Azərbaycandan öyrənəcəyi çox şey var. Bu, tərif deyil, reallığın təsviridir.

  Bahəddin Həzi, bizimyol.info

Geri qayıt