Əsas Səhifə > Ana xəbər / Güney Press > Artıq Azərbaycan dilinin leksik-semantik arxitekturası pozulub...

Artıq Azərbaycan dilinin leksik-semantik arxitekturası pozulub...


9-03-2026, 05:42

Dünyada heç bir hakimiyyət dəyişikliyi öz haqq və hüquqlarını dərk etməyən və ya dərk etməyə həvəsi olmayan, qanunsuluğa ağuş açan xalqlara xoşbəxtlik gətirməyib və gətirməyəcək də. Bir müəssisədə və ya getdiyi qurumda öz elementar haqqını tələb etməyi ağlından belə keçirməyən, əksinə, fürsət düşən kimi oğurlayan, çalan-çapan, rüşvəti öpüb gözünün üstünə qoyan, doğrulara beyni qapalı, ləyaqətsiz, vəhşi bir ortamın formalaşmasında misilsiz rolu olan nadan bir şəxs (fərqi yoxdur, alim olsun, ya müəllim, ya məmur, ya qələm adamı, ya həkim, ya fəhlə, ya tacir...) öz dar aləmində elə düünür ki, ölkədə bir başçı başqa bir başçı ilə əvəz edilsə, cəmiyyətə haqq, ədalət, doğruluq olar. Amma o, cəmiyyət fərdlərinin kimlərdən ibarət olduğunu unudur.
Ay nadan, sənin doğruluğa həvəsin və meylin olmadıqca heç nə heç vaxt yaxşıya doğru dəyişməyəcək.
Cəmiyyətləri xalqlar qurur.
Bu gün yaşadığımız, daha doğrusu, doğulan kimi İnkir-Minkirin qucağına düşüb səssiz-səmirsiz əzaba, bədbəxtliyə düçar edildiyimiz cəmiyyət məhz əzəldən oğurluğa, saxtakarlığa, rüşvətə, yalana müqəddəs anlayış kimi baxmağımızın nəticəsidir.
P.S. Əyrilər düzlükdən, haram yeyənlər halallıqdan, nadanlar elmdən, ədalətsizlər ədalətdən, rüşvətxorlar rüşvət alış-verişini pisləməkdən o qədər danışırlar ki, artıq Azərbaycan dilinin leksik-semantik arxitekturası pozulub...

Müəllif: İdris Abbasov - dilçi alim

"DİA-AZ"


Geri qayıt