Əsas Səhifə > Ana xəbər / Güney Press > Şərqi, Qərbi Azərbaycan yoxdur, Bütöv Azərbaycan var

Şərqi, Qərbi Azərbaycan yoxdur, Bütöv Azərbaycan var


4-03-2026, 16:51

- İranın molla rejimi ABŞ-la dialoq qurmaq istəmir. Bu, İranı hara aparır və molla rejimi nəyə ümid edir?
- Mən dəfələrlə demişəm, yenə təkrar edirəm; uduzmağı bacarmaq da bir qabiliyyətdir. Məhz buna görə də bütün güləş məşqlərində yeniyetmə idmançılara yıxmaqdan əvvəl yıxılmaq qaydalarını öyrədirlər. Həmin yeniyetmə böyüyüb təcrübəli idmançı olanda uduzmaqla razılaşmayıb səs-küy salan kimi hakimlər kollegiyası onu ümumiyyətlə yarışlardan diskvalifikasiya edirlər. Nəticədə beynəlxalq yarışlardan uzaqlaşdırılan həmin idmançılar ömürlərinin sonuna qədər ciddi turnirlərə qatılmaz, ancaq məhəllə müsabiqələrində qurşaq tutub güləşərlər. Zəifliyini etiraf etməyən və ümidsiz dirəniş mövqeyi sərgiləyən İran da yıxılmaqdan doymayan pəhləvanı xatırladır. Ölkənin dini-siyasi xadimləri eynilə uduzmağı bacarmayan pəhlivanlar kimi davranır, əsl günahkar olan ABŞ-İsrail cütlüyünü bir kənarda buraxıb qonşu dövlətləri təhdid edir, onların ərazilərini raket atəşinə tuturlar. Əllərində daşdan keçən bəhanələri də var: ABŞ-ın hərbi birləşmələri qonşu dövlətlərin ərazisində niyə cəmləşiblər? Halbuki, bu sualın cavabını hər kəsdən daha yaxşı özləri bilirlər. Bilirlər ki, məhz İrandan gələn təhdidlər onları ABŞ-ın qucağına sığınmağa vadar edib. Bununla belə, hazırda İrana hücum edənlər həmin ərazilərə dislokasiya olunmuş ABŞ hərbi texnikaları da deyil. ABŞ İrana hücum etmək üçün onun sərhədlərinə öz gəmilərini göndərib və hücumlar əsasən bu gəmilərdən edilir. İsrail də bu hücumlarda xüsusi canfəşanlıq göstərir. Türkiyənin Xarici İşlər naziri Hakan Fidan da dünən TRT-yə müsahibəsində də bunu açıq şəkildə etiraf etdi və bildirdi ki, körfəz ölkələri son ana qədər ABŞ-ı İrana hücumdan yayındırmağa çalışırdı. İsrail isə əlinə düşən fürsəti fövtə verməyərək ABŞ-ı bu hücuma təhrik edirdi. ABŞ-ın çağırışlarına müsbət cavab verməyən İranın qeyri-müəyyən mövqe tutması da İsrailin əlini gücləndirirdi. Nəticədə ABŞ bu təzyiqlərə davam gətirməyib İranla müharibəyə qoşuldu. Belə olan təqdirdə İranın digər körfəz ölkələrini atəşə tutması öz düşmənlərini artırmaqdan başqa heç bir işə yaramır. Hesab edirəm ki, İranın strateji uzaqgörənliklə uzlaşmayan bu kimi addımları düşmən dəyirmanına su tökməyə bənzəyir.
İran rejiminin nəyə arxayın olub ABŞ-a meydan oxumasını isə anlamaqda çətinlik çəkirəm. Görünür, İran ABŞ-ın və İsrailin ona qarşı bu qədər qəddar davranacağına inanmır, Tel-əvivin və Vaşinqtonun müharibənin gətirəcəyi iqtisadi sıxıntılardan çəkinib geri çəkiləcəyini düşünürdü. Halbuki, ABŞ-ın yaxın tarixinə nəzər salanda onun imperialist hədəflər uğrunda öz əsgərlərini rahatlıqla qurban verməkdən çəkinmədiyini görə bilərik. Təsadüfi deyil ki, təkcə Vyetnam savaşında ABŞ 60 minə yaxın əsgərini itirmişdi. 300 mindən çox isə yaralısı vardı. 2003-cü ildə girdiyi İraq savaşında onun canlı qüvvə itkisi 4.500 nəfər idi. Yaralı sayı isə 30 mini keçmişdi. 2014-cü ildən son zamanlara qədər müharibə apardığı Suriyada 30 minə qədər əsgərini qurban verən ABŞ eyni tarixlərdə Əfqanıstandan 2.500 itki ilə çıxdı. Bütünlüklə Yaxın Şərqdə apardığı müharibələrə 7-8 trilyon dollar xərclədi. Bir az da geriyə getsək, 50-ci illərdə Koreya savaşında 36 min, 40-cı illərdə Yaponiya ilə savaşda isə 100 mindən çox ABŞ əsgəri ölmüşdü. Və bütün bu qurbanları verdiyi zamanlar ABŞ indiki qədər güclü də deyildi. İndi isə dünyanın ən böyük hərbi qüdrətinə malikdir və onun düşmən olaraq seçdiyi İran əvvəlkilərlə müqayisəolunmaz dərəcədə zəifdir. Təsəvvür edin ki, İranın hazırda hərbi büdcəsi cəmi 10 milyard dollardır. ABŞ-ın bu il hərbə ayırdığı vəsait isə 1 trilyon dollardan çoxdur. Yəni fərq hardasa 1000 qatdır. Onu da vurğulamaq yerinə düşərdi ki, ötən illə müqayisədə ABŞ-ın hərbi büdcəsi 150 milyard dollar artırılıb. Bu isə o deməkdir ki, ABŞ ağır müharibəyə hazırlaşırdı. Hazırda dünyada əsasən 2 yerdə müharibə gedir: Ukrayna və İran. Ukrayna müharibəsinə həvəssiz yanaşan ABŞ-ın bu vəsaiti əsasən İranla savaş aparmaq üçün artırdığı gün kimi aydındır. Belə olan halda, İranın nəyə ümid edib ritorikasını kəskinləşdirdiyini anlamaq asan deyil.
-O zaman növbəti sual: məlumdur ki, ABŞ İranla bağlı hədəfini açıqladı – rejim dəyişikliyinə nail olmaq. Sizcə, bunu bacaracaqmı?
-Mənə qalsa, İranda rejim böhranı çoxdan başlayıb. 2022-ci idə İran qadınlarının hicab üsyanı bu ölkədə rejimin artıq ideoloji inandırıcılığını itirdiyindən xəbər verirdi. Rejimlər isə adətən inandırıcılığını itirəndə çökməyə başlayırlar. Bundan əvvəl və sonra da bir çox üsyanlar, etiraz aksiyaları ölkəni bürümüşdü. Xüsusilə son zamanlar İranda MOSSAD-a bağlı qrupların ortaya çıxması və ölkənin hərbi strateji dəyərlərinə ağır zərbələr vurması belə İranda mövcud rejimin artıq geniş kütlələr arasında hörmətinin itməsinin göstəricisidir. Təsəvvür edin ki, bu ilin yanvar ayında İran xalqı rejimin ən ağır represiyaları ilə üzləşəcəyini bildiyi halda həm də ölkənin 1 nömrəli düşməni sayılan ABŞ prezidentinin çağırışı ilə meydanlara töküldü. Baş verən toqquşmalar nəticəsində bəzi iddialara görə 32 min etirazçı həyatını itirdi. 300 mindən çox insanın isə yaralandığı bildirilir. Bir millət öz rejiminə daha necə “sən getməlisən” mesajı verməlidir? Məncə, molla rejimi o insanları qırmaqdansa, verdiyi mesajı düzgün oxumalı və daha artıq qan tökmədən ondan gözlənilən addımı atmalıdır.
-Belə çıxır ki, siz də rejimin gedəcəyini düşünürsünüz. O zaman indiki mollakratiya rejiminin üzvləri nə edəcəklər?
-Yəqin ki, hakimiyyəti təhvil verib gedəndən sonra məhəllə yaslarında mollalıq edib keçmiş günlərini yada sala-sala göz yaşı tökəcəklər. Təbii ki, yas sahibləri onları öz məclislərinə molla kimi dəvət etsələr. Ya da sələfləri “xaşxaşilər” kimi yeraltına çəkilib terrorçularla uğraşacaqlar. Amma onların bu təşəbbüsləri də uzun sürməyə bilər. İranda yeni nəsillər dünyaya gəlir və bu nəsillər 100 minlərlə, bəlkə də milyonlarla insanın qətlində rol oynamış molla sinifini lənətlə yad edəcəklər. Necə ki, hazırda alman xalqı bir vaxtlar Xameneidən daha güclü nüfuza malik olan Hitlerin adını eşidəndə ağız-burunlarını büzürlər. Xamanei və komandası da əslində qəddarlığı ilə faşistlərdən geri qalmırdı. Hər halda Hitler ömrünün son çağlarında tapançanı öz başına dayayıb tətiyi çəkmişdi. Xamenei kimi 32 min insanın pulemyotla biçilməsinə əmr verməmişdi.
-Hitlerlə Xameneini niyə müqayisə edirsiniz? Unutmayın ki, İranda Xameneini son nəfəsinə qədər müdafiə edən milyonlarla Bəsic ordusu var. Bəs, İran rejimi devrildikdən sonra onların taleyi necə olacaq?
-Hitlerin də ətrafında milyonlarla gənc faşist var idi. Hətta Xameneiçilərdən fərqı olaraq II Dünya müharibəsi dövründə faşizm nəzəriyyəsi təkcə Almaniyada yox, dünyanın demək olar yarısında rəvacda idi. Amma bu populyarlıq onun tərəfdarlarının məğlubiyyətinin və müharibə cinayətləri ilə yarğılanmasının qarşısını ala bilmədi. Milyonlarla Bəsicin və ya rejim tərəfdarlarının taleyi də faşistlərin aqibətindən fərqlənməyəcək. Hesab edirəm ki, bundan sonra İran rejimi öz ənənəvi siyasətini davam etdirməyə çalışsa, öldürülən liderlərin yerinə qoyulanlar başlarını qaldıran kimi ABŞ-İsrail cütlüyünün bombardmanına məruz qalacaq və beləcə tarix səhnəsindən tamamilə silinəcəklər. 1940-cı illərin almanları kimi, İran ictimaiyyətinin də zərərli düşüncələrdən təmizlənməsi üçün zamana ehtiyacı var. Bu isə dərhal baş verməyəcək. Mollakratik düşüncə getdikcə marginallaşa-marginallaşa öz mövcudluqlarını qorumağa çalışacaq. Bayaq da qeyd etdiyim kimi, “xaşxaşiləşən” siyasi məzhəbçilik ideologiyası dünyanın ən mütəşəkkil terror təşkilatına çevriləcək. İran xalqı, o cümlədən bizim soydaşlarımız da bu ünsürlərə qarşı mübarizə aparmalı olacaqlar.
-Yeri gəlmişkən, Cənubi Azərbaycanın bir də kürd separatçılığı problemi var. Sizcə, İran rejimi çökdükdən sonra cənublu qardaşlarımız bu problemi necə həll edəcəklər? Rejimin tənəzzülündən sonra kürd separatçılarının at oynatmasına qarşı nə kimi tədbirlər görülməlidir?
-Açığını deyim ki, bir müddət əvvələ qədər bu problem məni də çox narahat edirdi. Xüsusilə də rejimin İraqdan qaçıb gələn kürdləri Qərbi Azərbaycan ostanlığına yerləşdirməsinin ciddi təhlükə yaradacağına inanırdım. Amma bir müddət əvvəl 5 kürd partiyasının birləşib İran rejiminə qarşı mübarizə aparması xəbəri yayılandan sonra həmin təşkilatları araşdırdım və bir qədər rahatlandım. Məsələ burasındadır ki, xarici güc mərkəzlərinin, o cümlədən sionizm rejiminin bilərəkdən böyütdüyü və Xamenei rejiminin də fürsətdən istifadə edib Azərbaycan türklərini öz tərəfində saxlamaq üçün dəstəklədiyi bu problem düşündüyümüz qədər də real deyil. Həmin 5 partiya marginallaşmış qruplardır və hətta öz daxillərində belə bütövlüklərini təmin edə bilmirlər. Onların birləşməsi və birgə mübarizə aparması da müşkül məsələdir. Məsələn, onlardan biri Komala (Kürdüstan Fəhlə Cəmiyyəti) adlanır. SSRİ dövründə sovet casusları tərəfindən qurulmuş bu partiya hazırda 5 yerə bölünüb. Onlardan yalnız biri sözügedən ittifaqa birləşib. Qalan 4-ü isə bir-biri ilə yola getmirlər. İttifaqın digər partiyaları bunlardır: Kürdüstan Azad Həyat Partiyası (PJAK), İran Kürdüstan Demokrat Partiyası (KDP-I), Kürdüstan Azadlıq Partiyası (PAK) və İran Kürdüstan Mübarizə Təşkilatı (Sazman-ı Xebat). PJAK PKK-nın İran qoludur. Abdullah Öcalana bağlıdır. Abdullah Öcalan isə hazırda Türkiyə ilə əməkdaşlıq edir və Türk iradəsi ilə hesablaşır. Yəqin ki, PJAK da öz siyasi liderinin sözündən kənara çıxmayacaq. Çıxarsa, daxildən parçalanıb özləri bir-birinin qanını içəcəklər. KDP-İ Şimali İraq kürd muxtariyyətini quran Bərzani əşirətinə bağlıdır. Bərzani əşirəti də Türkiyə ilə əməkdaşlıq edir. Və inanmıram ki, Türkiyənin iradəsinə qarşı çıxa. İttifaqda yer alan Kürdüstan Azadlıq Partiyası (PAK) bu təşkilatlar arasında İsrailə ən yaxın qrup hesab olunur. Onların isə mühafizəkar xarakterli kürd xalqı arasında elə də ciddi nüfuzu yoxdur. İttifaq üzvlərindən yalnız “Sazman-ı Xebat” barədə hər hansı ciddi məlumata malik deyiləm. Amma hesab edirəm ki, bir güllə bahar olmadığı kimi, yalnız “Sazman-ı Xebat” da Cənubi Azərbaycan xalqı üçün ciddi problem yaratsın. Fikrimcə, kürd məsələsini ciddi problemə çevirmək istəyən qüvvə İran rejimi idi. O rejim çökdükdən sonra bu problem də yox olacaq. Ən əsası odur ki, ABŞ-ın yeni regional siyasətində türk-kürd-ərəb ittifaqının qurulması və bu ittifaqa Türkiyənin nəzarət etməsi planlaşdırılır. ABŞ-ın Türkiyədəki səfiri və Trampın faktiki Yaxın Şərq üzrə nümayəndəsi Tom Barak (o, əvvəl Türkiyə və Suriyada fəaliyyət göstərirdi. İndi isə İraq və Livan da onun kurasiyasına daxil edilib) bu yaxınlarda verdiyi müsahibədə də bunu açıq şəkildə vurğulamışdı. İnanıram ki, sağlam düşüncəli kürd qardaşlarımız da regionun taleyinin və ədalətli idarəçiliyinin Türk Dünyasının himayəsində yürüdüləcəyinin fərqdindədirlər və bütün hər kəs üçün faydalı olacağına inanacaqlar. 1000 illik tariximizdə də bunun bariz nümunələri var və biz bu məsələni doğru-dürüst təbliğ etməyi bacarmalıyıq. Onlara xatırlatmalıyıq ki, kürdlərin ən böyük qəhrəmanı hesab etdikləri Səlahəddin Əyyubi kimi şəxsiyyətlər Nurəddin Zəngi kimi türk böyüklərinin himayəsində böyüyüb. Əyyubilər monqollara və xaçlılara qarşı bütün döyüşlərini Barbars kimi türk məmlukilərinin hesabına qazanıblar. Daha erkən tarixə getsək, Səlcuqi hökmdarı Alparslanın erməni və gürcülərdən, həmçinin Bizans imperiyasının caynağından qurtardığı Ani şəhərini Səddadi sərkərdəsi Mənuçöhrün ixtiyarına verdiyi tarixi həqiqətlərdəndir. Bütün bunlar kürdlərlə türklərin bu coğrafiyanı bərabər hərəkət etdiklərini və birgə hərəkət etdikləri zaman daha güclü olduqlarını bir daha təsdiqləyir. Bəli, biz ortaq tarixin, eyni mədəniyyətin insanlarıyıq. Bugünkü Azərbaycanda da bu iki xalq arasında heç bir ayrıseçkilik yoxdur. Təəssüflər olsun ki, bizim ərazilərimizə göz dikən imperialist qüvvələr bəzi keçmişini unutmuşları öz toruna salıb və eyniləşmiş xalqlarımızı ayırmağa çalışıb. Sağlam düşüncəli kürd qardaşlarımız da bilirlər ki, bu gün bəzi özünü tanımazların yalnız özlərinə məxsus hesab etdikləri Qərbi Azərbaycan ostanlığı adından da göründüyü kimi, Azərbaycan torpağıdır. Və heç bir vətənin qərbi, şərqi, cənubu olmur. Vətən bütöv olanda əsl vətən olur. Başqa sözlə desək, Şərqi, Qərbi, Cənubi Azərbaycan, Zəncan, Ərdəbil deyilən əyalət yoxdur, Bütöv Azərbaycan var və bu torpaqlarda yaşayanlar da vətən hesab etdikləri coğrafiyanın ümumi iradəsi ilə hesablaşmalıdırlar. Üstəlik, İranda onların adı ilə bağlı ostanlıq da var. Onun sərhədləri isə bəllidir. Azərbaycan xalqının iradəsi ilə hesablaşmayan separatçılar bu ostanlığa köçüb orda yaşaya bilərlər. Bizim isə arzumuz odur ki, 1000 il boyu formalaşmış dostluqlarımıza, birlikdəliyimizə xələl gəlməsin. Ən yaxın qardaşımız hesab etdiklərimizin arasından çıxan bir ovuc insan imperialistlərin oyununa gəlib bu birlikdəliyimizi pozmasınlar. Hər kəs bilməlidir ki, türklər qonaqları və dostları ilə münasibətdə nə qədər mehribandır təvazökardırlarsa, torpaqlarını da bir o qədər sevirlər. Mete xan kimi vətən topaqlarına milli namus kimi baxır və lazım gələrsə, onun uğrunda canlarını verməkdən çəkinmirlər. Azərbaycan xalqı 44 günlük müharibədə bu məharətini və fədakarlığını bir daha nümayiş etdirib. Amma biz bu gücümüzü və enerjimizi boş yerə xərcləmək də istəmirik. Minillər boyu səngərlərdə çiyin-çiyinə dayandığımız qardaşlarımızla ümumi düşmənlərə qarşı birgə döyüşməyi arzulayırıq. İnanıram ki, bizim kürd, ərəb, hətta fars, bəluc qardaşlarımız da bu işdə bizimlə həmrəy olacaqlar.
Heydər OĞUZ - "DİA-AZ"

Geri qayıt