Əsas Səhifə > Ana xəbər / Güney Press > Dünyadakı gərginlik Bakıda EVLƏRİ BAHALAŞDIRIR
Dünyadakı gərginlik Bakıda EVLƏRİ BAHALAŞDIRIR3-03-2026, 08:49 |
|
Son beş ildə Azərbaycanın daşınmaz əmlak bazarında diqqətçəkən bir statistika formalaşıb. 2021-2025-ci illərdə xarici ölkə vətəndaşları ölkəmizdə ümumilikdə 6 913 daşınmaz əmlak əldə edib. İqtisadçı Rəşad Həsənov Musavat.com-a açıqlamasında bildirib ki, il ərzində Azərbaycanda daşınmaz əmlak bazarında təxminən 30-35 min mənzilin satışı həyata keçirilir. Onun sözlərinə görə, orta hesabla 1000-1200 mənzil xarici ölkə vətəndaşlarına satılır: “Xarici ölkə vətəndaşlarının daşınmaz əmlak bazarında, alqı-satqıda iştirakçılığı təxminən 3-4 faiz arasında dəyişir. Bu istiqamətdə son illərdə müəyyən pozitiv meyllər müşahidə olunur. Azərbaycandan miqrasiya edənlərin 60-65 faizi Rusiyaya üz tutub. Azərbaycan daşınmaz əmlak bazarında iştirak edən xaricilərin əhəmiyyətli hissəsi azərbaycanəsilli şəxslərdir. Müxtəlif risklər fonunda bu insanlar orta və uzunmüddətli dövrdə ana Vətəndə mənzil sahibi olmaq istəyirlər ki, qayıtdıqları halda daşınmaz əmlaka sahib olsunlar”. Ekspert qeyd edib ki, Azərbaycana investisiya qoyan ölkələrin vətəndaşlarının da mənzil sahibi olması istiqamətində dinamika müşahidə olunur: “Son illər Türkiyə vətəndaşları Azərbaycanda mənzil almağa başlayıblar. Əsas təsiredici amillərdən biri 2020-ci ildən sonra formalaşan mühitdə türklərin işğaldan azad edilmiş ərazilərdə əmək bazarında, eyni zamanda sahibkarlıq fəaliyyətində aktiv iştirakçılığı ilə əlaqədardır. Digər təsiredici amillər kimi ümumi stabilliyi, həmçinin, daşınmaz əmlak bazarında qiymət artımı meyllərinin davamlılığını qeyd edə bilərik, qiymətlər əhəmiyyətli faizlərlə artır. Eyni zamanda icarə haqları da artır. Bu isə investisiya məqsədli yatırımları təşviq edən amildir”. Geri qayıt |