Əsas Səhifə > Ana xəbər / Güney Press > İranın nüvə silahı İsraildən öncə Azərbaycan və Türkiyə üçün təhlükədir

İranın nüvə silahı İsraildən öncə Azərbaycan və Türkiyə üçün təhlükədir


3-03-2026, 02:05

Mən nə amerikançıyam, nə də İsrailçi. Mən türk millətçisiyəm, bütöv Azərbaycançıyam, turançıyam. Mənim üçün ilk növbədə Azərbaycan başda olmaqla Türk dünyasının maraqları gəlir.

Azərbaycanın və Türk dünyasının maraqları isə yanında güclü İran dövlətinin olmasını istəmir. İran bu halı ilə bizə 35 ildir çox sayda problem yaradır, görün daha güclü olsa, daha nələr edər. 35 ildə düşmənimizə verdiyi dəstəyi hamınız bildiyiniz üçün xatırlatmağa ehtiyac yoxdur.

Bu rejim bizim müstəqilliyimizi qəbul və həzm edə bilmir – Azərbaycan Respublikası yerinə Bakı Cümhuriyyəti deyir. Xəzər dənizimizi Mazandaran gölü adlandırır və s.

“Ermənistanın ərazi bütövlüyü və Zəngəzur koridoru qırmızı xəttimizdir”, – deyə bizə təhdidlər sovurur.

Və bütün bunların başında da son 35 ildə 2 gün öncə öldürülən Xamneyi dururdu. Bu xətti, bu siyasəti müəyyənləşdirən və həyata keçirən o idi.

Xamneyinin başında olduğu rejim təkcə Azərbaycan Respublikasına etdiyi pisliklərlə kifayətlənməyərək, 35 milyonluq Güney Azərbaycan toplumunu da hər fürsətdə əzib, yox etməyə çalışır.

Bir ovuc erməni İranda hər cür hüquqa sahib ikən, 35 milyonu Azərbaycan türkləri olmaqla, toplamda 40 milyon türk İranda heç bir milli-mədəni və insani haqqa sahib deyil.

Buna görə də indi İran rejimi kimin əli ilə vurulursa vurulsun, kim onu zəiflədirsə zəiflətsin, bu, bizim milli və dövlət maraqlarımıza tam uyğundur. Buna görə də baş verənlərə sevinməyimizdən təbii heç nə ola bilməz. Sevinməyimizi qınayanlar və rejim başçısının ölümünə üzülənlər fars-molla rejiminin və erməninin tərəfində yer alanlar ola bilərlər ancaq.

Amerika və İsrail İranın nüvə silahı əldə etməsinin onların təhlükəsizliyi üçün təhdid təşkil etdiyini önə sürərək rejimi məhv etməyi hədəfləyirlər – özləri bilərlər.

Amma mən sizi əmin edirəm ki, İranın nüvə silahı əldə etməsi Amerika və İsraildən öncə Azərbaycan və Türkiyə üçün təhdiddir.

Əgər biz özümüz bu gün bu təhdidi yox etmək gücündə deyiliksə, onda onu yox etməyə çalışanlara içimizdə də olsa təşəkkür etməliyik, nəinki kimlərinsə sinsi təbliğatına uyaraq lənət oxumalıyıq.

Zaur Bayramlı, Vaşinqton

Musavat.com


Geri qayıt