Əsas Səhifə > Ana xəbər / Güney Press > Qafqazdan silinən Rusiya İlham Əliyevə qarşı ailə üzərindən hücum edir
Qafqazdan silinən Rusiya İlham Əliyevə qarşı ailə üzərindən hücum edir22-02-2026, 11:11 |
|
Bu gün Azərbaycan ciddi hibrid hücum altındadır. Bəlkə də, bu kiməsə fərdi özfəaliyyət, nə bilim, bir qrup müxalifin ənənəvi yersiz çığırtısı kimi gələ bilər, ancaq, fikrimcə, Azərbaycan Prezidentinin 2020-ci ildə, müharibədən sonra anonsunu verdiyi ideoloji savaş yeni başlayır. Azərbaycan hədəflərinə bir-bir çatdıqca, ölkə iqtisadi müstəqillik yolunda inamlı addımlar atdıqca, hibrid müharibə bir səviyyə də yüksəlir və düşünürəm ki, yüksəlməyə də davam edəcək. Prezident və ailəsi heç də kiminsə şəxsi qərəzindən ya da fərdi intiqam hissindən hədəf seçilməyib. Məqsədli şəkildə dövlətin zirvəsinə hücum var. Çünki Azərbaycan kimi ölkələrdə bütün sahələrdə Birinci şəxs əsas, gerisi təfərrüatdır. Onun üçün Birinci şəxsə hücum edilir.
Bəli, Heydər Əliyevin müstəqilliyini qoruduğu dövləti İlham Əliyev güclü və suveren ölkəyə çevirdi. Hətta Nadir şahdan sonra ancaq torpaq itirən Azərbaycan yalnız onun sayəsində ilk dəfə Şimali Azərbaycanın İrəvan quberniyası xaricində bütün torpaqlarında bayrağımızı dalğalanır. Bunu hər prezident arzu etsə də, İlham Əliyev bacardı. İlham Əliyev təkcə torpaqlarımızı geri almadı. Bir əsr sonra Qafqazda sülhü bərqərar edərək Azərbaycan, Ermənistan və Gürcüstanın sülh içində yaşaması üçün addımlar atdı və atmaqda da davam edir. Qafqazda ABŞ-yə illərdən bəri bizdən daha yaxın olan Gürcüstan və Ermənistandan sonra meydana girib rəsmi Vaşinqtonla daha üst münasibət qurub. Bununla yetinməyərək, rusun illərdən bəri içərimizdə betonlaşan kadrlarını təmizləyir, vaxtilə nizə ilə qarşılanan, mümkünsüz sayılanları hər gün gerçəkləşdirir və bunun üçün bütün imkanlarını səfərbər edir.
Görünən şəklə bir az uzaqdan baxmaq lazımdır. Qafqazda son bir ildə yaşananlar hansı dövlətin heç arzulamadıqlarıdır? Təyyarəmizin vurulması, diasporumuza qarşı hücumlar, informasiya savaşı hansı dövlətdən gəlir? Putinin ad gününün təbriki, iki xoş sözlə iki əsrlik Qafqazdan silinməyə razı gələcəklərinimi sandınız? Yanlış oxumadınız, hazırda Qafqazdan rusun silinmə prosesi gedir. Azərbaycan da bu prosesin lokomotivi rolunu oynayır. Rus çox yaxşı bilir ki, Ermənistanla Azərbaycandan rus izi silinəndən sonra əhalisi ona nifrətlə baxan Gürcüstanın hakim elitası və ya kilsəsi ilə Qafqazda qala bilməyəcək. Bu səbəbdən də hücum edir. Bu səbəbdən də azğınlaşır. Bu qədər də rusu tanımalıydıq… Bəli, bu gün İlham Əliyev və ailəsinə qarşı hücumların başlanğıc nöqtəsi məhz Kremldir. Üzdə xoş münasibət göstərilə bilər, ancaq Azərbaycandan silindiyi kimi, Ermənistanın da 30 illik düşməni ilə eyni sırada addımlaması “şimal ayısı”nın qış yuxusuna getməsinə əngəl olub. Nə etməli? Prezidenti ən sonuncu silahla, yəni ailə ilə vurmalı! Məhz quraşdırılan arqumentlər də, istifadə olunan metod da bu hücumların arxasında rusların durduğunu bar-bar bağırır.
Mövzuya qayıtsaq, qeyd etməliyik ki, dövlətlərin, xüsusilə də Rusiya kimi dövlətlərin cinsiyyəti olmur və bu şəkildə düşünmürlər. Onlar üçün hədəf və nəticə önəmlidir. Hədəfə gedən yolda isə hər şey mübahdır. Bunun üçün də bizim borcumuz Prezidentin ətrafında çənbər yaratmalıyıq. Çünki rus Qafqazdan silindikcə dayanmayacaq. Azərbaycanın hər addımında növbəti hücum dalğası gələcək. Hücum olacaqsa, qarşısında sadəcə Birinci şəxs dayanmamalıdır, hamılıqla əlimizi daşın altına qoymalıyıq. Ən azından “Gələn ili Şuşada qeyd edək” xəyalımızı gerçəyə çevirdiyi üçün bizim Birinci şəxsə borcumuz var… Müəllif: Aqil Ələsgər - Mənbə: yenicag.az Geri qayıt |