Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistan hakimiyyətinin daha bir ikili oyunu üzə çıxdı

Ermənistan hakimiyyətinin daha bir ikili oyunu üzə çıxdı


22-02-2026, 11:06

Erməni İnqilab Federasiyası (Daşnaksutyun) Bürosunun dəvəti ilə 19-20 fevral tarixlərində İrəvanda partiyanın rəhbər orqanlarının genişləndirilmiş iclası keçirilib. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, tədbirdə 20-dən çox ölkədən gəlmiş Daşnaksütyun strukturlarının nümayəndələri iştirak ediblər.

Toplantıda “dünya miqyasında ermənilərin və Ermənistan dövlətçiliyinin üzləşdiyi əsas məsələlər və çətinliklər, eləcə də bu sahədə əlaqələndirilmiş səylərin həyata keçirilməsi” ətraflı müzakirə edilib.

Daşnaklar əsas diqqəti qondarma “artsax”dan “qovulmuş ermənilərinin hüquqlarının qorunması, eləcə də Ermənistan dövlətçiliyinin təhlükəsizliyinə qarşı təhdid və çağırışların qarşısının alınması üçün bütün cəbhələrdə ardıcıl və vahid fəaliyyətin vacibliyinə xüsusi diqqət yetirilib. Digər təfərrüatlar və verilmiş qərarlar haqda məlumat yoxdur.
Maraqlısı bu toplantının son aylar Ermənistan hakimiyyətinin daşnakların fəaliyyətini hətta qadağan edilə biləcəyi haqda bəyanatların fonunda, həm də İrəvanın mərkəzində keçirilməsidir.
Məsələn, bugünlərdə Ermənistan parlamentinin spikeri Alen Simonyan 2026-cı il parlament seçkilərindən sonra müxalifətdəki Daşnaksütyun partiyasının “kitabını bağlayacağına” söz vermişdi. Baş nazir Nikol Paşinyan isə daşnakların bu ilin yayında keçiriləcək seçkilərdə iştirakının ümumiyyətlə şübhə almışdı. Ermənistanın siyasi palitrasında radikal və ekstremist yönümlü partiyaların başında gələn Daşnaksütyun artıq bir neçə onillikdir ki, regionda sülhə mane olan əsas ideoloji və siyasi aktorlardan biri kimi çıxış edir. Bu təşkilat yalnız Azərbaycan və Türkiyəyə qarşı düşmən ritorikası ilə deyil, həm də 20-ci əsrin əvvəllərindəki qanlı hadisələrdəki rolu, silahlı dəstələr vasitəsilə həyata keçirdiyi terror aktları və separatizm çağırışları ilə tanınır. Ermənistanın özündə 1991-ci ildən sonra bu partiyanın törətdiyi cinayətlər unudulmayıb. 1999-cu ilin 27 oktyabr parlament basqınını törədən terrorist Nairi Hunanyan bu partiyanın üzvü idi.

Ekspertlərə görə, partiyanın ölkədə ciddi dayağı olmasa da, diasporda onu dəstəkləyən kəsim var. Ermənistan hakimiyyəti də bundan ehtiyatlanır ki, bu partiyanın üzərinə gedilsə, diasporun dəstəyindən məhrum olar.

İrəvanda keçirilən toplantı ətrafında yaranan siyasi fon göstərir ki, Daşnaksutyun hələ də ümumerməni siyasətində ideoloji aktor kimi qalır, baxmayaraq ki, Ermənistan daxilində onun real siyasi çəkisinin zəiflədiyi tez-tez vurğulanır. Toplantının məhz paytaxt İrəvan mərkəzində keçirilməsi isə hakimiyyət-müxalifət münasibətlərində paradoksu üzə çıxarır: bir tərəfdən rəsmi dairələr partiyanı kəskin tənqid edir, digər tərəfdən onun açıq fəaliyyətinə mane olunmur.
O da həqiqətdir ki, Daşnaksutyunun əsas siyasi resursu daxili elektoratdan çox xaricdəki erməni şəbəkələridir. Elə bu səbəbdən parlament spikeri Alen Simonyan və baş nazir Nikol Paşinyan kimi rəsmilərin sərt bəyanatlarına baxmayaraq, hakimiyyət partiyaya qarşı radikal hüquqi addım atmaqda ehtiyatlı görünür. Çünki diaspor faktorunun siyasi və maliyyə təsiri realdır.

Toplantının gündəliyində “ermənilərin hüquqları” və təhlükəsizlik məsələlərinin önə çəkilməsi partiyanın klassik ideoloji xəttindən kənara çıxmadığını göstərir. Bu, onu göstərir ki, təşkilat regiondakı geosiyasi dəyişikliklərə baxmayaraq, köhnə narrativ üzərində mobilizasiya strategiyasını davam etdirir. Toplantı göstərdi ki, Daşnaksutyun daxildə zəifləmiş olsa da, ideoloji platforma və diaspora dayaqları sayəsində hələ də regional siyasi diskursda mövcuddur.
Hakimiyyətin onu tam sıxışdırmaması isə sadəcə siyasi rəqabət deyil, həm də xarici erməni şəbəkələri ilə balans saxlamaq zərurəti ilə bağlıdır. Bu isə yaxın seçki dövründə Ermənistan siyasətində gərgin ritorikanın davam edəcəyini göstərən siqnaldır.

Musavat.com


Geri qayıt