Əsas Səhifə > Ana xəbər / Güney Press > Bu yolla ailələri qoruya bilmərik...
Bu yolla ailələri qoruya bilmərik...17-02-2026, 06:47 |
Azərbaycanda boşanmaların sayında müşahidə olunan artım yenidən ictimai müzakirələrə səbəb olub. Ədliyyə Nazirliyi tərəfindən açıqlanan rəsmi statistikaya əsasən, cari ilin yanvar ayında 2 914 nikah qeydə alındığı halda, eyni dövrdə 1 779 nikah pozulub. Boşanmaların yüksək göstəricisi cəmiyyətdə ailə institutunun qorunması və möhkəmləndirilməsi ilə bağlı çağırışları daha da gücləndirib. Bəzi yanaşmalarda nikahın rəsmiləşdirilməsi prosesinin sərtləşdirilməsi, tərəflər arasında barışıq prosedurlarının genişləndirilməsi, hətta boşanmaya görə yüksək miqdarda cərimə tətbiqi kimi ideyalar səsləndirilir.Azərbaycan qanunvericiliyi boşanmaya görə cərimə mexanizminin tətbiqinə imkan verirmi? Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında vəkil Əkrəm Həsənov bildirib ki, boşanmaya görə cərimə tətbiqi ideyası ümumiyyətlə, absurd təklifdir: “Bu problem yalnız Azərbaycana xas deyil. Asiya və Afrika istisna olmaqla, dünyanın bir çox ölkəsində bu proses güclənməkdədir. Bunun səbəbləri müxtəlifdir. Ailə institutunun zəifləməsinin həm qlobal, həm də hər bir ölkəyə məxsus spesifik səbəbləri var. Bu prosesin qarşısını sərt mexanizmlərlə almaq mümkün deyil. Məsələn, nikahın rəsmiləşdirilməsi prosedurunun sərtləşdirilməsi qeyri-rəsmi nikahların artmasına səbəb ola bilər. Faktiki olaraq, bu gün Azərbaycanda da qeyri-rəsmi nikahların sayı artır. Dini nikah yalnız kəbinlə kifayətlənmə halları çoxalıb. Hazırda bəzi gənclər ümumiyyətlə rəsmi nikaha daxil olmaq istəmirlər. Səbəblər müxtəlifdir, o cümlədən məsuliyyəti üzərlərinə götürmək istəməmələri. Belə bir şəraitdə əlavə sərtləşdirmə vəziyyəti daha da ağırlaşdıra bilər. Boşanmaya görə cərimə tətbiqi ideyası, ümumiyyətlə, absurd təklifdir. Dünyanın heç bir ölkəsində belə təcrübə yoxdur. Boşanma insanın hüququdur. Əgər buna görə cərimə tətbiq olunsa, insanlar ümumiyyətlə nikaha daxil olmaqdan çəkinərlər. Bu üsulla problemin qarşısını almaq mümkün deyil. Konkret Azərbaycana gəldikdə isə, statistikaya görə nikahların pozulmasında təşəbbüskarların təxminən 90 faizi qadınlardır. Bunun səbəbləri müxtəlif cür izah olunur. Bəzi yanaşmalara görə, nikahdan sonrakı həyat qadınlar üçün daha asan görünə bilər. Mövcud hüquqi mexanizmlər -əmlak bölgüsü, uşaqların əksər hallarda ananın himayəsində saxlanılması və atanın aliment ödəməsi öhdəliyi bu fikirlərin formalaşmasına təsir göstərə bilər. Eyni zamanda bəzi hallarda uşağın ananın yanında qalmasından sui-istifadə edilməsi və atanın uşaqla görüş imkanlarının məhdudlaşdırılması kimi problemlər də müzakirə olunur. Halbuki bir sıra Avropa ölkələrində uşağın yalnız bir valideynin deyil, hər iki valideynin himayəsində qalması modeli tətbiq edilir. Hər iki valideyn uşağın saxlanılmasına məsuliyyət daşıyır və bu model sui-istifadə hallarının qarşısını müəyyən qədər alır”. Əkrəm Həsənov qeyd edib ki, uşaqlar yalnız bir valideynin himayəsində saxlanılmamalıdır: “Bizdə belə hallar mövcuddur və bəzi qadınlar üçün boşanma prosesi sanki asan yol kimi görünür. Düşünürlər ki, aliment alacaqlar, istədikləri kimi həyatlarını yaşayacaqlar. Üstəlik, uşaqlarla manipulyasiya edərək atanın görüş imkanlarına təsir göstərə biləcəklər. Əmlakın da yarısını əldə edəcəklər. Bu məsələnin qanunvericilik tərəfi var və dövlətin edə biləcəyi addımlar məhz bu çərçivədədir. Mənim fikrimcə, uşaqlar yalnız bir valideynin himayəsində saxlanılmamalıdır. Daha balanslı mexanizmlər tətbiq olunmalıdır. Amma məsələnin təkcə hüquqi deyil, həm də mənəvi və sosial tərəfi var. Milli dəyərlər, ailə anlayışı ilə bağlı maarifləndirmə işləri aparılmalıdır. Eyni zamanda hərçənd hazırda boşanmalarda təşəbbüsün daha çox qadınlardan gəldiyi deyilsə də, mən hesab edirəm ki, məsuliyyət müəyyən mənada kişilərin üzərinə də düşür. Bəzi hallarda ailədə məsuliyyətsizlik, həddindən artıq yumşaqlıq və ya passivlik müşahidə olunur. Bədii əsərlərdə kişi obrazı bəzən yalnız romantik və həddindən artıq kompromisə meyilli kimi təqdim edilir. Məncə, bu yanaşma tamamilə reallığı tam əks etdirmir. Belə olduqda bir müddətdən sonra qadın kişi ilə hesablaşmır. Bunu təkcə mən demirəm. Psixoloqların və bəzi mütəxəssislərin fikrincə, qadınlar azadlıq, romantika və sərbəstlikdən danışsalar da, bir çox hallarda ailədə məsuliyyəti üzərinə götürən, qərar verməkdən çəkinməyən tərəf görmək istəyirlər. Əgər kişi məsuliyyət götürməkdən yayınır və ailədaxili münasibətlərdə qeyri-müəyyənlik yaradırsa, bu, münasibətlərin gələcəyinə mənfi təsir göstərə bilər”. Geri qayıt |