Əsas Səhifə > Ana xəbər / Güney Press > Rusiya Zəngəzur üçün PUL kisəsini AÇDI

Rusiya Zəngəzur üçün PUL kisəsini AÇDI


14-02-2026, 09:12

Rusiya Zəngəzur dəhlizi layihəsindən pay almaq üçün hərəkətə keçib. Ötən ilin avqustundan bəri dəhlizin inkişafına dair elan olunan TRIPP layihəsi ilə bağlı ABŞ-Ermənistan-Azərbaycan arasında gedən prosesləri izləyən Rusiya öz iddialarını nümayiş etdirməyə başlayıb.

Musavat.com xəbər verir ki, iki gün əvvəl Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Moskva ilə İrəvanın Ermənistandan Türkiyə və Azərbaycan sərhədlərinə çıxan dəmir yolu xətlərinin bərpası ilə bağlı danışıqlara başladığını açıqlayıb.

Onun sözlərinə görə, ilkin mərhələdə dəmir yolu xətlərinin bərpası üzrə texniki və maliyyə şərtləri qiymətləndiriləcək.

Overçuk İrəvana minnət də qoyaraq bildirib ki, qərar Ermənistan tərəfinin müraciətindən sonra verilib: “Yerasx və Axuryan yaxınlığındakı dəmir yolu hissələrinin ümumi uzunluğu müvafiq olaraq 1,6 km və 12,4 km-dir. Danışıqlar bu layihənin həyata keçirilməsi üçün texniki, maliyyə və digər üsulları müəyyən edəcək. Dəmir yolu hissələrinin bərpası Rusiyanın Naxçıvanla birbaşa dəmir yolu əlaqəsini, Türkiyə ilə - Aralıq dənizi limanlarına çıxışı, İranla - Fars körfəzi və Hind okeanı limanlarına bağlantını təmin edəcək”.

O, həmçinin, vurğulayıb ki, Rusiya 2020-2021-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə edilən razılaşmalara uyğun olaraq Cənubi Qafqaz regionunda iqtisadi və nəqliyyat əlaqələrinin aradan qaldırılması üzərində işləməyə davam edir...

Bu ölkənin xarici işlər nazirinin müavini Mixail Qaluzin isə "İzvestiya"ya verdiyi müsahibədə deyib ki, Moskva İrəvanla TRIPP layihəsində özünün mümkün iştirakının parametrlərini müzakirə etməyə hazırdır. Onun sözlərinə görə, Rusiyanın bu layihədə yeri “əvvəlcədən hazırdır”.

Bundan əlavə, Rusiyanın regionun infrastrukturundakı mövqeyi fundamental olaraq qalır: Rusiya Dəmir Yollarının törəmə şirkəti olan Cənubi Qafqaz Dəmir Yolları 2038-ci ilə qədər Ermənistanın bütün dəmir yolu şəbəkəsini idarə etmək üçün konsessiyaya malikdir və yolların özü Rusiya ölçü standartına uyğundur: "Region Rusiya dəmir yolu ölçülərindən istifadə edir. Sərhədçilərimiz İran-Ermənistan sərhədində yerləşir. Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü də nəzərə alınmalıdır. Bu şəraitdə tərəfdaşlarımızın prosesi Rusiya olmadan idarə edə bilməyəcəyi aydındır”...

Rusiyanın bu iddialarına baxmayaraq, ABŞ-ın onu TRIPP-da pay sahibi etmək niyyətinin olmadığı açıq görünür. Elə İrəvan da bu mövqedədir. İki gün əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyanın TRIPP layihəsində iştirakını təsəvvür edə bilmədiyini bildirib. Onun sözlərinə görə, layihə ABŞ-Ermənistan əməkdaşlığına əsaslanır. Simonyan Rusiyaya ayrılan rolu açıq ifadə edib. O, əsas payçı olan Amerika tərəfinin Rusiyanın layihədə mümkün iştirakını nəzərdən keçirə biləcəyini, ancaq bunun yalnız Ermənistan tərəfinin razılığı ilə mümkün olduğunu söyləyib.

Simonyan eyni zamanda, Rusiyaya yönəlik iraddan da çəkinməyərək, “100 ildir buradadırlar, istəsəydilər, indiyədək bunu edərdilər” deyib.

Baş nazir Nikol Paşinyan isə daha əvvəl Azərbaycan və Türkiyə ilə Ermənistanı birləşdirən dəmiryollarını bərpa etməyin Rusiyanın vəzifəsi olduğunu (2008-ci ildə Ermənistan Dəmiryollarını 2038-ci ilədək idarəetməyə götürən Rusiya Dəmiryollarının sahibi kimi – red.), bunu etmək istəməzsə, dəmiryollarının idarəçiliyinə dair müqavilənin qüvvədən salınacağını açıq deyib.

Erməni ekspertlər bildirirlər ki, İrəvan Rusiyanın iştirakı olmadan Azərbaycanla yeni dəmiryol xəttinin tikintisini də gündəmə gətirib. Söhbət Ermənistanın Sotk rayonundan Azərbaycanın Daşkəsən rayonuna qədər uzanacaq 60 km-lik xətdən gedir...

Hələlik Rusiya orta ranqlı nümayəndələr, İrəvandakı səfir səviyyəsində Ermənistana xəbərdarlıq və xatırlatmalarla kifayətlənir. Lakin bu ölkənin mətbuatında başladılan geniş müzakirələr, həmin müzakirələrdə Moskvaya bağlı ekspertlərin səsləndirdikləri fikirlər göstərir ki, Rusiya tezliklə TRIPP üçün hazırladığı tələləri işə salacaq. Bu tələlərin nələr ola biləcəyini Rusiya ekspertlərinin açıqlamalarından müəyyən etmək mümkündür.

Birinci addım kimi Moskva İranı qabağa verməyi planlaşdırır: Tehranın proksi müharibələrində geniş təcrübəsi var və əlaqəli qruplar və ya kiberhücumlar vasitəsilə Sünikdə (TRIPP-nin keçdiyi ərazidə) qeyri-sabitlik yarada, bu isə onu investisiya üçün təhlükəli edə bilər.

ABŞ-ın İrana qarşı başlatdığı təzyiq prosesinin hərbi hücum və İranda rejim dəyişikliyi ilə nəticələnməsi halında isə Rusiya öz rıçaqlarını işə salmağı planlaşdırır. Bura ilk növbədə 100 faiz "Qazprom Armenia"ya məxsus olan qaz paylama şəbəkəsində "planlaşdırılmamış texniki xidmət" elan olunması, yaxud qazın qiymətinin bazar səviyyəsinə qədər kəskin qaldırılması aid edilir. Bu, ölkənin elektrik enerjisinin təxminən 40 faizini istehsal edən Ermənistanın istilik elektrik stansiyalarının fəaliyyətinin dayanmasına səbəb olar.

İkinci addım Rusiyanın Ermənistanın elektrik enerjisinin təxminən 30 faizini təmin edən Metsamor Atom Elektrik Stansiyasına yanacaq tədarükünü dayandırması hesab olunur. Bu, bir həftə ərzində Ermənistanda kəskin enerji böhranı yarada bilər.

Üçüncü təsir vasitəsi olaraq Rusiya Dəmir Yolları tərəfindən tətillər, qəzalar və ya "yenidənqurma" səbəbi ilə Ermənistan dəmiryollarının işini iflic etməsi qeyd edilir.

Daha mühüm təsir aləti Ermənistanı Gürcüstan (Yuxarı Lars) və Rusiya vasitəsilə xarici dünya ilə birləşdirən yeganə quru yolunun bağlanması göstərilir. Bunun Ermənistanın mağaza rəflərini bir neçə gün ərzində boş qoyacağı vurğulanır.

Nəhayət, son addım kimi Ermənistanın Rusiyaya olan böyük həcmdə borcunun dərhal ödənilməsinin tələb olunması, yaxud dövlət müəssisələrinin Rusiya banklarındakı hesablarının dondurulması təklif olunur.

Bütün bu təklifləri ayrı-ayrı şəxslər fərdi qaydada səsləndirir və Rusiya mətbuatı da geniş şəkildə onları işıqlandırır. Bu isə reallıqda rəsmi Moskvanın İrəvana xəbərdarlığı kimi qiymətləndirilə bilər: təcrübə göstərir ki, bu çıxışlarda təklif olunan fəaliyyətləri sonralar Rusiya rəsmi şəkildə həyata keçirməyə başlayır.

Moskvanın TRIPP-a qoşulması, bu layihədə hər hansı formada təmsil olunması nə Ermənistan, nə də Azərbaycan üçün əlavə iqtisadi divident vəd edir. ABŞ-ın Rusiyaya qarşı apardığı iqtisadi-siyasi təzyiq siyasəti fonunda Moskvanın müqavimət imkanlarının getdikcə məhdudlaşması müşahidə olunmaqdadır. Bu, həm də Cənubi Qafqaz üçün mühüm iqtisadi-siyasi əhəmiyyətə malik layihədə Rusiyanın öz iştirakını təmin etmək üçün təzyiq imkanlarının daralması deməkdir. Belə şəraitdə Rusiyanın daha yumşaq və cəlbedici təsir vasitəsinə - pul təklifinə əl atması təəccüblü deyil...


Geri qayıt