Əsas Səhifə > Ana xəbər / Güney Press > Normal doğuşdan sonra uşaq və ya ana niyə ölməlidir?
Normal doğuşdan sonra uşaq və ya ana niyə ölməlidir?11-02-2026, 07:19 |
|
İki gün əvvəl Beyləqan rayonunda yeni doğulmuş körpənin ölümü ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırmalara başlanılıb. Bizimesr.az xəbər verir ki, hadisə ötən gün Beyləqan Rayon Mərkəzi Xəstəxanasında baş verib. Rayonun Birinci Şahsevən kənd sakini, 1996-cı il təvəllüdlü Ülviyyə Əliyeva 39 həftəlik hamiləliklə tibb müəssisəsinə qəbul edilib. Məlumata görə, doğuş prosesi normal şəkildə başa çatıb. Lakin dünyaya gələn oğlan uşağı qısa müddət sonra həyatını itirib. Hazırda ananın vəziyyətinin stabil və normal olduğu bildirilir. Rəsmi açıqlamalarda doğuşun normal keçdiyi və ananın sağlamlıq durumunun qənaətbəxş olduğu qeyd edilsə də, körpənin doğuşdan dərhal sonra vəfat etməsi ciddi suallar doğurur. Əgər doğuş prosesi problemsiz olubsa və ananın vəziyyəti normaldırsa, körpənin ölümünə səbəb nədir? Son illər Azərbaycanda, xüsusilə də bölgələrdə yeni doğulmuş körpələrin doğuşdan qısa müddət sonra həyatını itirməsi hallarının artması cəmiyyət üçün ciddi narahatlıq mənbəyinə çevrilib. Mütəxəssislər bu cür halların səbəblərinin baxımsızlıq, tibbi şəraitin yetərsizliyi və ya həkim səhlənkarlığı ilə bağlı ola biləcəyini istisna etmirlər. Doqquz ay ana bətnində sağlam şəkildə inkişaf edən, hər hansı problem qeydə alınmayan ana və uşağın doğuşdan dərhal sonra həyatını itirməsi faktları TƏBİB, Səhiyyə Nazirliyi və digər aidiyyəti qurumlar üçün ciddi siqnal olmalıdır. Rəsmi statistika da bu tendensiyanın mövcudluğunu təsdiqləyir. 2024-cü il üzrə göstəricilərə əsasən, ölkədə 549 körpə ölü doğulub, 2 519 uşaq isə 1 yaşına çatmadan həyatını itirib. Bu uşaqlardan 1 449-u oğlan, 1 070-i qız olub. Məlumata görə, 7 günədək yaşayan körpələrin sayı 770 nəfər təşkil edib. 1 yaşadək ölən uşaqların sayı isə 1 420 olub ki, onların 751-i şəhər, 669-u isə kənd yerlərində qeydə alınıb. Beş yaşadək uşaq ölümlərinin sayı 1 745-dir (981 oğlan, 764 qız). Məsələ ilə bağlı araşdırmalar davam edir. Geri qayıt |