Əsas Səhifə > Ana xəbər / Güney Press > Vaşinqton üçün Bakı kifayət qədər maraqlıdır...
Vaşinqton üçün Bakı kifayət qədər maraqlıdır...10-02-2026, 09:41 |
|
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti ilə son 6 ayda bir neçə dəfə görüşməsini ikitərəfli münasibətlərin tarixində ilk nümunə adlandırıb. Bu barədə İlham Əliyev fevralın 9-da ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Kornun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib. Donald Trampın hakimiyyətə gəlməsindən sonra Azərbaycan-ABŞ əlaqələrinin uğurla inkişaf etdiyini bildirən dövlət başçısı son 6 ayda ABŞ Prezidenti ilə bir neçə dəfə görüşməsini ikitərəfli münasibətlərimizin tarixində ilk nümunə olduğunu deyib. Qeyd edək ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin sabah Bakıya səfəri gözlənilir. Vaşinqtonun son dövrdə Bakı ilə təmaslarının artması iki ölkə arasında strateji əməkdaşlığa verilən önəmin göstəricisi kimi qiymətləndirilə bilər. Uzun illər, xüsusilə əvvəlki administrasiya dövründə Azərbaycanla təmas olmayıb, yüksək səviyyəli görüşlər keçirilməyib. Amma indi Donald Tramp hakimiyyətə gəldikdən sonra Azərbaycanla strateji əməkdaşlığa xüsusi önəm verdi. Artıq bir neçə dəfə görüşlər baş tutub və bu görüşlərin davamlı olacağı istisna edilmir. ABŞ Prezidentinin Azərbaycan Przezidenti cənab İlham Əliyev ilə tez-tez görüşməsi və bu əməkdaşlığa üstünlıük verməsi nədən xəbər verir? Həmçinin, Ağ Evin fevralın 19-da Vaşinqtonda Qəzza zolağında nizamlanma ilə bağlı Sülh Şurası iştirakçılarının görüşünü keçirməyi planlaşdırdığı bildirilir. Məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin də fevralın 19-da bununla əlaqədar Vaşinqtona səfəri gözlənilir. “Cebheinfo.az”-a açıqlamasında politoloq Tural İsmayılov bildirib ki, Prezident İlham Əliyevin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının nümayəndə heyəti ilə görüşü və bu çərçivədə səsləndirdiyi bəyanatlar, Azərbaycan-ABŞ münasibətlərinin sadəcə bərpası deyil, keyfiyyətcə tamamilə yeni, "strateji yaxınlaşma" mərhələsinə keçdiyini göstərir. Onun sözlərinə görə, dövlət başçısının son 6 ayda Donald Trampla bir neçə dəfə görüşməsini xüsusi vurğulaması, iki ölkə arasındakı münasibətlərin artıq ənənəvi bürokratik kanallardan çıxaraq, birbaşa "lider diplomatiyası" müstəvisinə yüksəldiyinin göstəricisidir: “Bu intensivlik Bakı və Vaşinqtonun strateji maraqlarının tarixdə heç vaxt olmadığı qədər üst-üstə düşdüyünü təsdiqləyir. Siyasi dividentlər baxımından ən önəmli məqam, 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən Sülh Sammitindən sonra ABŞ-nin regiondakı yeni geosiyasi reallıqları tam şəkildə qəbul etməsidir. Donald Trampın praqmatik yanaşması nəticəsində uzun illər münasibətlərə kölgə salan "Azadlığı Müdafiə Aktına" 907-ci düzəlişin aradan qaldırılması və Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması istiqamətində atılan addımlar Azərbaycanın beynəlxalq legitimliyini qlobal güc mərkəzi tərəfindən rəsmən möhürləyir. Bu, Bakıya Ermənistanla sülh prosesində kənar təzyiqlərdən uzaq, öz milli maraqlarına uyğun şərtlərlə hərəkət etmək imkanı verir. Eyni zamanda, Azərbaycanın ABŞ-ın təşəbbüsü olan "Sülh Şurası"na təsisçi üzv kimi dəvət edilməsi, ölkəmizin artıq sadəcə regional oyunçu deyil, qlobal münaqişələrin həllində söz sahibi olan "orta güc" kimi tanınması deməkdir”. Politoloq qeyd edib ki, iqtisadi müstəvidə isə bu fəallaşma daha çox TRIPP layihəsi və “Zəngəzur dəhlizi”nin iqtisadi arteriya kimi dəyərləndirilməsi ilə xarakterizə olunur: “ABŞ-nin bu dəhlizə sadəcə nəqliyyat yolu deyil, qlobal ticarətin yeni mərkəzi kimi baxması, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Amerika investisiyalarının və yüksək texnologiyalarının (süni intellekt, rəqəmsal infrastruktur) cəlb edilməsi üçün “yaşıl işıq” yandırır. Xüsusilə Azərbaycanın həm Qərb, həm də Mərkəzi Asiya arasında əsas logistik düyün nöqtəsinə çevrilməsi, ölkənin qeyri-neft sektorunun inkişafında keyfiyyət sıçrayışı vəd edir. Amerika şirkətlərinin bərpa olunan enerji və rəqəmsal iqtisadiyyat sahəsində Azərbaycana marağının artması rəsmi Bakının iqtisadi müstəqilliyini daha da möhkəmləndirir”. Tural İsmayılov əlavə edib ki, bölgədəki güc balansına gəldikdə, Azərbaycan-ABŞ yaxınlaşması Cənubi Qafqazda kənar manipulyasiya imkanlarını minimuma endirir: “Bu əməkdaşlıq Ermənistandakı revanşist qüvvələrin ümidlərini boşa çıxarır və onları reallıqla barışmağa məcbur edir, çünki artıq Vaşinqton Ermənistanı "məzlum tərəf" deyil, Azərbaycanla iqtisadi inteqrasiyada maraqlı olan bir tərəfdaş kimi görməyə üstünlük verir. Beləliklə, İlham Əliyevin qurduğu bu strateji konfiqurasiya Azərbaycanı regionun mütləq güc mərkəzi kimi saxlayarkən, eyni zamanda böyük güclərin maraqlarını bir nöqtədə - sülh və tranzit layihələrində birləşdirməyi bacarır”. Geri qayıt |