Əsas Səhifə > Ana xəbər / Güney Press > İrəvana gələn ABŞ şirkətini Bakı ilə nə bağlayır?

İrəvana gələn ABŞ şirkətini Bakı ilə nə bağlayır?


6-02-2026, 10:29

ABŞ-ın mühəndislik və konsaltinq şirkəti olan AECOM-un nümayəndə heyətinin Zəngəzur yolunun tikintisi ilə bağlı İrəvana səfəri erməni mediası tərəfindən yeni bir detalı üzə çıxarıb.

Musavat.com
xəbər verir ki, “Nyus.am” sözügedən ABŞ şirkəti haqda məlumatları araşdırıb və məlum olub ki, Azərbaycanla dolayısı ilə əlaqəsi var.

Erməni KİV yazır ki, Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev dünyaca məşhur Amerika aktivlərinin idarə edilməsi şirkəti “Blackrock”-un baş direktoru Larri Fink və onun törəmə şirkəti olan “Global Infrastructure Partners”-in baş direktoru Adebayo Ogunlesi ilə görüşüb.

Görüşün nəticəsi olaraq, bu şirkətlərlə Azərbaycan Dövlət Neft Fondu arasında qarşıdakı illərdə Azərbaycanda infrastruktur layihələrinə 1,5 milyard dollara qədər investisiya qoyulmasını nəzərdə tutan anlaşma memorandumu imzalanıb.

Məlumatda göstərilir ki, Azərbaycana investisiya qoymağa hazırlaşan “Blackrock” şirkəti Ermənistanda “Tramp marşrutu”nun dizaynı ilə məşğul olacaq eyni şirkət – məhz AECOM-da təxminən 12 faiz paya malikdir. Erməni mətbuatı bundan narahatlığını dilə gətirib. “Rəsmi olaraq “Tramp yolu” yalnız Ermənistan-Amerika ikitərəfli layihəsi olsa da, bu fakt Azərbaycanın proqramda iştirakı ilə bağlı narahatlıqlar doğurur, çünki Azərbaycan bu şirkət vasitəsilə TRIPP-də təsir gücü əldə etməyə çalışa bilər”, - deyə isterika ilə vurğulanıb.


Geri qayıt