Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakıdan Ermənistana daha bir “XİLAS KƏMƏRİ”
Bakıdan Ermənistana daha bir “XİLAS KƏMƏRİ”24-01-2026, 09:21 |
|
Sülh müqaviləsi imzalanmasa da, Bakı və İrəvan arasında ikitərəfli əməkdaşlığı genişləndirmək yönündə pozitiv dinamika təzə ildə də davam etməkdədir. Diqqətçəkicidir ki, bu prosesə Azərbaycanda hər hansı ictimai-siyasi təpki olmasa da, Ermənistanda radikal-revanşist qüvvələr onu gözdən ciddi cəhdlə salmağa çalışır. “Ermənistan və Azərbaycanın enerji sistemləri TRİPP layihəsi (Zəngəzur dəhlizi – red.) çərçivəsində birləşdiriləcək. Bundan sonra mümkün şəraitdən asılı olaraq, qarşılıqlı fayda əldə ediləcək”. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. Paşinyan ölkəsinin artıq qarşılıqlı faydanın bir hissəsini əldə etdiyini qeyd edib: “Ermənistana buğda idxal edilir, bu, qarşılıqlı fayda deyilmi? Hazırda Azərbaycanda bunu görürlər. Ermənistan parlamentində də kimsə qarşılıqlı faydanın bir hissəsinin artıq əldə edildiyini görəcəkmi?” Politoloq Züriyə Qarayevanın sözlərinə görə, Azərbaycan Ermənistana barışıq əlini uzadır və bu da İrəvanı kənar güclərin təhriki ilə hərəkət etməkdən yayınmağa hesablanıb. Z.Qarayeva bu siyasətin tərkib hissəsi kimi enerji asılılığını azaltmağı da görür, ancaq bu haqda danışmağın hələ tez olduğunu düşünür: “Çünki Ermənistanın enerji təminatında Rusiya birinci yeri tutur, İran isə böyük pay sahibi deyil. Həmçinin Metsamor Atom Elektrik Stansiyası Ermənistanda fəaliyyət göstərir, hərçənd regiona təhlükə saçır. Ona görə də Ermənistanın Rusiyadan iqtisadi və enerji təchizatında asılılığı çoxdur. Artıq Lavrov da sərt şəkildə xəbərdar etdi ki, İrəvan ya Avrasiya İqtisadi İttifaqında qalmalıdır, ya da Avropa Birliyini seçməlidir. Bu da Paşinyan hakimiyyəti üçün ciddi sınaqdır. Ermənistan zəif və kiçik ölkədir, Rusiya hesab edir ki, onu istədiyi zaman tam nəzarətə götürə bilər. Halbuki indi bu imkan məhduddur. Belə desək, Azərbaycan bu strateji prosesdə Ermənistanı xilas etməyə çalışır”. Hüquq müdafiəçisi Xəzər Teyyublu isə Ermənistanın Rusiya və İrandan təzyiqlərə immuniteti Qərbdir: “Avropa Birliyi Paşinyana dəstək verir. ABŞ da onu müdafiə edir. Ermənistan da Qəzza üçün Sülh Şurasında iştirak edib. Tramp Cənubi Qafqazda iki dövlətin sülh əldə etməsində maraqlıdır ki, region yeni inkişaf dövrünə qədəm qoysun. Bunun üçün Rusiyanın təsiri azalmalıdır. Odur ki, uzaqlaşdırma siyasəti yürüdülür. Azərbaycan isə Ermənistanı xilas edir ki, daha böyük təhlükəni neytrallaşdırsın. Əks halda, ermənilər yenə kənar təsirə uyaraq bölgəni qarışdırmağa başlayacaq”. Musavat.com Geri qayıt |