Əsas Səhifə > Ana xəbər / Güney Press > Nizami RİH-in Qarabağ qazisinə "müvafiq tapmacası"

Nizami RİH-in Qarabağ qazisinə "müvafiq tapmacası"


5-01-2026, 10:34

29 dekabr 2025-ci ildə Bakı şəhəri, Nizami rayon İcra Hakimiyyətindən bu sətirlərin yazarı 1-ci dərəcəli Qarabağ qazisinə elə bir tapmaca göndərilib ki, açması müşkülə dönüb. Tapmacanı təqdim edirik, bəlkə tapan oldu: “Azərbaycan Respublikası Nazirlər Kabinetindən Bakı Şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının müvafiq məktubu ilə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə daxil olmuş elektron müraciətə aparatın hüquq şöbəsində baxılmışdır. Bildiririk ki, müraciətinizdə qaldırdığınız məsələlər rayon icra hakimiyyətinin səlahiyyətlərinə aid olmadığından aidiyyəti üzrə müvafiq qurumlara müraciət edə bilərsiniz.”

Nizami RİH-in hüquq şöbəsinin müdiri Sabir Abbasəliyev imzaladığı bu cavab tapmacasındakı “müvafiq” məktub, qurumların “müvafiqliyinə” aydınlıq gətirə bilər, yoxsa “müvafiq” deyil? Tapmaca tapmacalığı ilə ipucu verir ki, aça biləsən. RİH-in bu tapmacasında isə ipucu da yoxdur, “müvafiq”dən özgə. İndi biz nə bilək, bu “müvafiq” hansı hüquq pozuntusuna aiddir? Bəlkə borclu Nizami RİH-in 18-ci ildir icra etmədiyi Xətai məhkəməsinin 26.05.2009-cu il və 21.06.2011-ci il tarixli 2 qətnaməsi (!) ilə 1-ci dərəcəli Qarabağ əlilinə sahibkarlıq məqsədi ilə verilən Nizami rayonu, Bəhruz Nuriyev-10a ünvanındakı otaqları tələbkar Qarabağ qazisinə yox, həmin ünvandakı bankın, bank yalanlayanda 9 yaşlı rayon sakini olmayan uşağın (Hüseynov Aydın Bəxtiyar oğlunun), 2021-ci ildə ata adı olmayan (?) Türkiyə vətəndaşı Kerem Sezerin adına sənədləşdirilib satmasıdır bu “müvafiqlik”? Bəlkə Nizami MKTB-nin, eldə deyildiyi kimi, “JEK”-in saxta məktubunun (guya “JEK” borclu ƏMDX-nın əmlakını məktubla 9 yaşlı uşağa icarəyə (?) veribmiş) MƏHKƏMƏ QƏRARINDAN, KONSTİTUSİYADAN ÜSTÜN TUTULMASIDIR bu “müvafiqlik”? Bəlkə “Azəriqaz”ın 57-108 mm-lik qaz xətlərini yaşayış evlərinin içindən keçirib, insanların həyatını təhlükəyə atması? Bəlkə, bəlkə, bəlkə...

Bəlkə(lər) çox, “müvafiqi” də tapmaq çətin. Bəlkə Nazirlər Kabineti, bəlkə BŞİHB Aparatı özlərinin “müvafiq” məktubla Nizami RİH-ə göndərdiyi tapmacanın açmasını tapdı. Deməyi bizdən, açması “müvafiq” qurumlardan.

Məğrur Bədəlsoy - gundemxeber.com


Geri qayıt