Əsas Səhifə > Ana xəbər / Güney Press > “Kreml iki istiqamətdə təxribatçı siyasət yürüdür”
“Kreml iki istiqamətdə təxribatçı siyasət yürüdür”27-12-2025, 09:45 |
|
Kazanda “Bakinskiy dvorik” restoranı bağlanıb. Cebheinfo.az xəbər verir ki, buna səbəb kimi müştərilərin “Verka Serduçka” mahnısı sədaları altında rəqs etməsindən sonra məhkəməyə müraciət göstərilir. “Kommersant” qəzetinin mənbəyə istinadən verdiyi məlumata görə, qanun pozuntuları Tatarıstan Prokurorluğunun yoxlamasından sonra aşkar edilib. Novo-Savinovski Məhkəməsinin sənədlərinə görə, müəssisədə müəllifinin dəfələrlə Rusiya Federasiyası Silahlı Qüvvələrini nüfuzdan salmağa yönəlmiş ictimai hərəkətlər həyata keçirən şəxs olan musiqi əsəri ifa edildiyi aşkarlanıb. Binanın kirayəçisi “Buta” MMC və təşkilatın direktoru Rusiya İnzibati Xətalar Məcəlləsinin 20.3.3-cü maddəsinə (Rusiya Federasiyasının və onun vətəndaşlarının maraqlarını qorumaq üçün Rusiya Silahlı Qüvvələrindən istifadəni nüfuzdan salmağa yönəlmiş ictimai hərəkətlər) əsasən müvafiq olaraq 300.000 rubl və 100.000 rubl məbləğində cərimələniblər. İddia olunur ki, kafedə guya yanğın təhlükəsizliyi və terrorizmə qarşı mübarizə qaydalarının pozulması da aşkar edilib. MMC və onun direktoru Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.35-ci maddəsinin 1-ci hissəsinə (obyektlər üçün antiterror təhlükəsizlik tələblərinin pozulması) əsasən müvafiq olaraq 100.000 rubl və 30.000 rubl məbləğində cərimələnib. Restoran pozuntular aradan qaldırılana qədər bağlanıb. Elxan Şahinoğlu: “Kreml iki istiqamətdə təxribatçı siyasət yürüdür” Göründüyü kimi, Rusiyada azərbaycanlı diaspor rəhbərlərinə, sahibkarlara təzyiqlər səngimir. Bunun bir nümunəsi də musiqiyə görə restoranı qapatmaqdır. Rusiya bu təzyiqlərlə nəyə nail olmaq istəyir? Politoloq Elxan Şahinoğlunun fikrincə, belə görünür ki, Rusiya Azərbaycanla münasibətləri normallaşdırmaqda maraqlı deyil: “Təyyarə qəzasından artıq bir il keçməsinə baxmayaraq, bu məsələ ilə bağlı verilən vədlər hələ də kağız üzərində qalıb. Eyni zamanda, Rusiyanın ziddiyyətli mövqeyi son açıqlamalarda da açıq şəkildə özünü göstərir. Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirib ki, Rusiya Azərbaycan və Ermənistan arasında nəqliyyat xətlərinin açılmasını dəstəkləyir, həmçinin Rusiya taxılının Azərbaycan üzərindən Ermənistana daşınması mümkündür. Lakin bu rəsmi açıqlamaların fonunda Rusiyanın media resurslarında, o cümlədən Rusiyanın Ermənistandakı ”Sputnik" agentliyində Azərbaycan və Ermənistan əleyhinə dezinformasiyalar yayılır, erməni radikal dairələrinin taxılın və yanacağın daşınmasına qarşı olan fikirləri tirajlanır. Bu isə bir tərəfdən sülh və əməkdaşlıqdan danışan Moskvanın, digər tərəfdən isə bu proseslərə faktiki olaraq maneə yaratdığını göstərir". Politoloqa görə, sözdə Azərbaycanla Ermənistan arasında sülh quruculuğunu dəstəklədiklərini iddia edən dairələr, əməldə bu prosesin qarşısını almağa çalışırlar: “Görünür, Rusiyadakı şovinist və radikal çevrələr regionda sülhün və sabitliyin təmin olunmasında maraqlı deyillər və bu, onların siyasi maraqlarına cavab vermir. Bununla yanaşı, Rusiyada yaşayan azərbaycanlılara qarşı artan təzyiqlər də diqqətdən kənarda qalmamalıdır. Faktiki olaraq, Rusiya iki istiqamətdə açıq-aşkar təxribatçı siyasət yürüdür. Birinci istiqamət ondan ibarətdir ki, illər ərzində formalaşmış Azərbaycan diasporasının rəhbərliyini dəyişdirməyə cəhd göstərilir. Bu prosesə Yekaterinburqdan başlanılıb və məqsəd Kremlə tam loyal, Kremlin siyasətini, o cümlədən Ukraynaya qarşı aparılan işğalçı müharibəni dəstəkləyən, öz vətəninə bağlılığı zəif olan şəxsləri diaspora rəhbərliyinə gətirməkdir. İkinci istiqamət isə azərbaycanlılara qarşı hüquqi və inzibati təzyiqlərin artması ilə müşayiət olunur. Həbslər davam edir, azərbaycanlılara qarşı cinayət işləri açılır, onların iş yerləri bağlanır. Kazanda baş verən son hadisə də bu siyasətin növbəti bariz nümunəsidir. Bütün bu addımlar göstərir ki, Rusiya müxtəlif istiqamətlərdən Azərbaycanla münasibətləri bilərəkdən gərginləşdirir”. Elxan Şahinoğlu qeyd edib ki, bu siyasət davam etdikcə Rusiya-Azərbaycan münasibətlərinin yaxın perspektivdə normallaşacağını gözləmək olduqca çətindir. Siyasi şərhçi Azər Həsrətin sözlərinə görə, illər əvvəlcə Kazanda sözügedən obyektdə olub: “Bunu xüsusi vurğulamaq istəyirəm: həqiqətən də çox gözəl, səviyyəli və zövqlə qurulmuş bir məkandır. ”Bakinskiy dvorik" Kazan şəhərinin ümumi ab-havasına uyğun olaraq şəhərin rəngarəngliyinə rəng qatan, həm Kazan sakinlərinin, həm də şəhərə gələn qonaqların sevə-sevə üz tutduğu, istirahət etdiyi, rahatlıqla yeyib-içdiyi, mədəni mühiti ilə seçilən bir məkandır. Bu müəssisənin yüksək səviyyəsi, xidmət mədəniyyəti və səliqə-sahmanı dərhal hiss olunur. Üstəlik, adından da göründüyü kimi, “Bakinskiy dvorik” Azərbaycan adını daşıyır və azərbaycanlılar tərəfindən idarə olunur. Bu faktın özü ayrıca qeyd olunmalıdır. Məhz buna görə də həmin müəssisənin Rusiyanın təhlükəsizliyinə, yaxud ümumiyyətlə, Rusiyada kiminsə xətrinə dəyəcək, ictimai asayişi pozacaq bir məkana çevrilə biləcəyini düşünmək belə absurd görünür". Azər Həsrət: “Rusiya bu siyasətini davam etdirəcəksə, Azərbaycan adekvat cavab verməlidir” A.Həsrət hesab edir ki, orada çalışan insanlar öz işləri ilə məşğuldur və hər hansı siyasi məsələyə qarışmırlar: “Bu gün Rusiya hakimiyyətinin irəli sürdüyü uydurma bəhanələri heç cür əsaslandırmaq mümkün deyil. Niyə məhz bu müəssisənin hədəfə çevrildiyi isə əslində hər kəsə bəllidir. Yoxsa hansısa bir müştərinin mahnı sifariş etməsi səbəbindən müəssisə bağlanmaz. Üstəlik, söhbət gedən mahnı müharibə çağırışlı bir mahnı deyil, Ukrayna xalqına aid bir musiqidir. Bu gün Rusiyanın müxtəlif şəhərlərində Ukrayna mahnıları səslənir, Ukrayna musiqisi dinlənilir və buna görə kimsə məsuliyyətə cəlb edilmir. Heç kim Ukrayna musiqisini dinlədiyinə görə ittiham olunmur. Bu fakt bir daha göstərir ki, baş verənlər anti-Azərbaycan kampaniyasının tərkib hissəsidir və başqa cür izah edilə bilməz”. Siyasi şərhçi qeyd edib ki, əgər Rusiya bu siyasətini davam etdirəcəksə, Azərbaycan da buna adekvat cavab verməlidir: “Biz artıq yeni addımlar haqqında ciddi şəkildə düşünməliyik. Bu addımlardan biri Rusiyaya ciddi siyasi mesaj olacaq Müstəqil Dövlətlər Birliyindən çıxmalıyıq. Düşünürəm ki, Azərbaycan Rusiyaya yerini göstərmək və öz müstəqil mövqeyini açıq şəkildə nümayiş etdirmək üçün bu istiqamətdə hazırlıqlara artıq başlamalıdır”. “Yeni Müsavat” Geri qayıt |