Əsas Səhifə > Ana xəbər / Güney Press > Gömrük Komitəsi ətrafında skandal: böyük dəyişiklik…

Gömrük Komitəsi ətrafında skandal: böyük dəyişiklik…


27-12-2025, 08:37

Gömrük sistemində illərdir formalaşmış qeyri-sağlam şəbəkələr ciddi narahatlıq doğurur. Bildirilir ki, ayrı-ayrı şəxslərin həbs edilməsi problemin kökündən həlli üçün yetərli olmur. Bu səbəbdən mütəmadi olaraq Dövlət Gömrük Komitəsinin (DGK) Maliyyə və ya İqtisadiyyat nazirliklərinə birləşdirilməsi ideyası gündəmə gətirilir.

İqtisadçı Natiq Cəfərlinin də bununla bağlı paylaşımı diqqət çəkib. O bildirib ki, DGK-ya ünvanladığı tənqidlərə, təkliflərə qurumdan cavab olaraq bildirilib ki, rüşvət, korrupsiya vicdan məsələsidir, hər yerdə var, bu problemə qarşı mübarizə aparılır.

Sitat: “Hörmətli DGK, rüşvət, korrupsiya vicdan məsələsi deyil, sistem və idarəetmə məsələsidir, vicdan mənəvi kateqoriyadır, bunun rüşvət və korrupsiya ilə heç bir əlaqəsi yoxdur və ölkəmizdə bunu sübut edən örnəklər var. Gömrük Komitəsinin ayrıca qurum kimi işləməsi, özlərinin istintaq və cəza qurumlarının mövcud olması effektiv deyil, sistem və yanaşma dəyişməlidir. Paralel olaraq da, sıfırdan yeni Gömrük Məcəlləsi yazılıb, qəbul edilməlidir”.

Struktur dəyişiklikləri 30 ilə yaxındır gömrük orqanlarında kök salmış bu mafiyalaşmış qrupların real təsir gücünü zəiflətməyə yetəcəkmi? Yoxsa problem sadəcə başqa bir formatda davam edəcək? “Gömrük yırtıcıları” sistemdən uzaqlaşdırılacaqmı?

Globalinfo.az-a danışan siyasi şərhçi Elçin Alıoğlu deyib ki, “Gömrük yırtıcıları” ifadəsi bu quruma münasibətdə kifayət qədər sərrast təsvir yaradır:

“Keçmiş Sovet İttifaqı ölkələrində Dövlət Gömrük Xidmətinin fəaliyyət modeli fərqlidir. Bəziləri Avropa modelini seçib, yəni gömrük xidməti Maliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərir. Digərləri isə Şərqi Avropa və Asiya modelinə üstünlük verir. Bu modeldə gömrük xidməti dövlət vergi orqanının bir hissəsidir. Çünki gömrük ödənişləri vergi daxilolmaları ilə eyni fiskal kateqoriyaya aiddir və dövlət rüsumları kimi büdcəyə daxil olur. Azərbaycan isə ABŞ modelini seçərək Gömrük Xidmətini müstəqil qurum kimi formalaşdırıb. DGK-nın Maliyyə və ya Vergilər Nazirliyinin tərkibinə verilməsi ilk baxışdan optimallaşdırma təsiri bağışlaya bilər. İdarəetmə sadələşir, sənəd dövriyyəsi azalır, proseslər vahid formata keçirilir. Lakin bu yanaşmanın ciddi riskləri də mövcuddur.

Azərbaycan yüksək riskli coğrafiyada yerləşir, cənubda İran, şimalda Rusiya, regionda Ermənistan faktoru var. Bu baxımdan gömrüyün hansısa nazirliyin ümumi strategiyasına tabe olması optimal hesab edilə bilməz. Daha məqsədəuyğun yol DGK-nın struktur asılılığını dəyişmək yox, onun institusional modernləşdirilməsinə başlamaqdır”.

Siyasi şərhçi bildirib ki, gömrük daxilolmalarının hesablanması, rüsum və ödəniş kateqoriyalarının müəyyənləşdirilməsi tam şəkildə elektron və nağdsız sistemə keçirilməli, ödəniş mexanizmləri Mərkəzi Bankın müvafiq sistemlərinə inteqrasiya olunmalıdır:

“Çünki gömrük xidməti yalnız sənəd nəzarəti deyil, eyni zamanda fiskal alət, milli təhlükəsizliyin baza elementi, xarici ticarətin tənzimləyicisi və bizneslə dövlət arasında vasitəçi funksiyasını yerinə yetirir. Hazırkı praktikada isə nəzarət funksiyası xidmət funksiyasını üstələyir, prosedurlar logistikanı əvəz edir, əl idarəçiliyi rəqəmsal həlləri kölgədə qoyur. Bu yanaşma dəyişməlidir. Gömrük sistemi idarədaxili qapanmadan çıxmalı, nazirliklərarası şəffaflıq və koordinasiya təmin olunmalıdır. Bu halda Azərbaycanın tranzit potensialı artacaq və Orta Dəhliz çərçivəsində gömrük prosesi maneə deyil, stimullaşdırıcı amilə çevriləcək.

Gömrük xidmətinin Maliyyə Nazirliyinə tabe edilməsi büdcə sinerjisi, maliyyə intizamı və fiskal təkrarlanmanın azalması baxımından üstünlüklər yarada bilər. Lakin bu modelin ciddi çatışmazlıqları da var. Maliyyə Nazirliyi əməliyyat qurumu deyil, gömrük sərhəddə mühasibat funksiyasına çevrilə bilər, ticarət və tranzitdə çeviklik azalır, hüquq-mühafizə və analitik imkanlar zəifləyir. Bu model yalnız aşağı riskli və stabil ticarət mühitinə malik ölkələr üçün uyğundur. Digər alternativ DGK-nın Dövlət Vergi Xidməti ilə inteqrasiyasıdır. Bu model vahid məlumat bazası, idxal-satış-vergi zəncirində güclü nəzarət və rəqəmsal sinerji yaradır. Kanada, Danimarka və Hollandiya bu modeli tətbiq edir. Lakin burada da institusional mədəniyyət fərqləri, fiskal təzyiqin artması və təhlükəsizlik prioritetlərinin zəifləməsi riski mövcuddur. Bu səbəbdən inteqrasiya yalnız mərhələli və dərin islahatlarla mümkün ola bilər”.

Elçin Alıoğlunun sözlərinə görə, ən optimal yol yeni idarəetmə arxitekturasına malik müstəqil DGK-nın formalaşdırılmasıdır:

“Gömrük vahid fiskal-rəqəmsal kontura daxil edilməli, ikiqat tabeçilik mexanizmi tətbiq olunmalı, fiskal koordinasiya Maliyyə və İqtisadiyyat nazirlikləri arasında, operativ sinxronlaşma isə Vergilər Xidməti ilə təmin edilməlidir. Vahid rəqəmsal platforma yaradılmalı, gömrük dəyəri və vergi bazası avtomatik müqayisə edilməli, insan amili minimuma endirilməlidir. Gömrük fəlsəfəsi nəzarətdən risklərin idarə edilməsinə keçməli, post-audit mexanizmi tətbiq olunmalı, kadr islahatı aparılmalı, sərt və şəffaf antikorrupsiya sistemi qurulmalıdır. Xarici audit və komplayens mexanizmləri məcburi olmalıdır.

ASAN xidmət nümunəsi göstərdi ki, rəqəmsallaşma və prosedurların sadələşdirilməsi korrupsiyanı minimuma endirir. Bu model gömrük sistemində də tətbiq edilməlidir. Azərbaycan artıq müasir texnologiyaların tətbiqi sahəsində müəyyən təcrübə qazanıb. Laçın dəhlizində tətbiq olunan inteqrasiya olunmuş yoxlama mexanizmləri bunu sübut edir. Bu təcrübə genişləndirilməli və gömrük sisteminin əsas fəaliyyət modelinə çevrilməlidir. Nəticə etibarilə, söhbət yalnız bir qurumun tabeliyindən deyil, dövlət idarəetmə modelindən gedir. Dövlət ya biznesi daimi şübhə obyekti kimi görür, ya da axınları effektiv şəkildə idarə edir. Azərbaycan üçün ikinci yol daha məqsədəuyğundur və bu istiqamətdə 3-5 illik institusional islahat yol xəritəsi hazırlanmalıdır”.

Ekspert əlavə edib ki, korrupsiya ilə mübarizə emosional çağırışlarla deyil, institusional mexanizmlərlə aparılmalıdır:

“Komitənin rüşvət və korrupsiya faktları ilə bağlı tənqidlərə qarşı səsləndirdiyi fikirlər mənəvi evfemizmdir. Bu, ədəbi məclisdə, poeziya verilişində, hər hansı bir mədəniyyət kanalında yaxşı səslənə və yaxud əyalət şairlərinin birinin kitabının yaxşı epiqrafı ola bilər. Amma dövlət qurumunun məsələyə bu cür yanaşması düzgün deyil. Korrupsiya və rüşvət vicdan məsələsi deyil. O zaman gərək bütün dövlət qurumlarının girəcəyində yazılsın ki, “Ən yaxşı nəzarətçi sizin vicdanınızdır”. Qanunsuz gəlir imkanları mövcud olduqca korrupsiya da olacaq”.


Geri qayıt