Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakıda mühakimə olunanların belaruslu məhbuslardan fərqi...
Bakıda mühakimə olunanların belaruslu məhbuslardan fərqi...19-12-2025, 09:21 |
|
“Respublika” partiyasının sədr müavini Armen Aşotyan Belarus Prezidenti Aleksandr Lukaşenkonun həbsdə olan müxalifət nümayəndələrini əfv edərək azadlığa buraxmasından sonra təxribatçı bəyanatla çıxış edib. Belarus rəhbərliyinin ABŞ Prezidenti Donald Trampın xahişi ilə 123 məhbusu azad etməsindən Azərbaycana qarşı düşmənçilik məqsədilə istifadə etməyə çalışıb. “Yeni Müsavat” qeyd edir ki, “Respublika” partiyasının sədri sabiq prezident Serj Sərkisyandır. Armen Aşotyan ABŞ prezidentinin xahişi ilə Azərbaycan ərazilərinin işğalında iştirak etmiş, kütləvi qətllər və digər ağır müharibə cinayətləri törətdiyinə görə Bakıda məhkəmə prosesi keçirilən erməni əsilli hərbi cinayətkarların azadlığa buraxılacağına inandığını bildirib. Serj Sərkisyanın müavini hərbi cinayətkarları “məhbus” adlandırıb: “Donald Trampın xahişi ilə Belarus prezidenti siyasi məhbusları, o cümlədən uzunmüddətli həbs cəzasına məhkum edilmiş 123 nəfəri azadlığa buraxıb. Bu, bizi iki nəticəyə gətirib çıxarır. Birincisi, ABŞ Prezidentinə Bakı həbsxanalarından soydaşlarımızın azad edilməsi üçün aydın, məqsədyönlü və mərhəmətli xahiş təqdim edilsəydi, uğur qazanmaq ehtimalı yüksək olardı. İkincisi, əgər siyasi "məhbus"larımızın azad edilməsi məsələsi həm Ermənistan daxilində, həm də erməni-amerikan icması və digər diasporlar tərəfindən ABŞ prezidentinə müraciət səviyyəsinə qaldırılarsa, onda bəzi, natamam olsa da, nəticələr əldə etmək ehtimalı yüksəkdir. Aşotyan ABŞ prezidentinə müraciətin qəbul olunması üçün 30 min nəfərlik mitinqin keçirilməsini təklif edib. Revanşist müxalifətin nümayəndəsi olan Aşotyan, göründüyü kimi, Azərbaycan xalqına qarşı müharibə cinayətləri, mülki əhaliyə qarşı soyqırım, etnik təmizləmə, qanunsuz silah gəzdirmə, terrorçuluq, dövlətin ərazi bütövlüyünə və suverenliynə qəsd kimi ən ağır cinayətlər törətmiş şəxsləri bu əməllərin heç birinə yol verməmiş insanlarla eyniləşdirir. Hətta Belarusda əfv edilən məhbuslardan biri Nobel Sülh mükafatı laureatı olduğu halda, Armen Aşotyanın lideri Serj Sərkisyan Azərbaycan ərazilərinin işğalı zamanı yol verdiyi cinayətlərə, eləcə də Xocalıda dinc əhaliyə, o cümlədən uşaqların, qadınların, qocaların qətlini təşkil etdiyinə görə hazırda axtarışdadır. Prezident Trampın Bakıdakı hərbi cinayətkarların sərbəst buraxılmasına çağırış edəcəyi inandırıcı görünmür. Revanşistləri narahat edən tək bu deyil. Bəllidir ki, ABŞ Konqresinin üzvü Anna Paulina Luna “907-ci düzəliş”in tamamilə ləğv olunması məqsədilə qanun layihəsini Nümayəndələr Palatasına təqdim edib. Luna bu addımın ABŞ-nin regional siyasətdə daha çevik hərəkət etməsinə imkan yaradacağını qeyd edib. Onun sözlərinə görə, hazırkı məhdudiyyətlər mövcud reallıqlara uyğun deyil və tərəfdaşlıq əlaqələrinə əngəl törədir. Konqresmen həmçinin vurğulayıb ki, Azərbaycanın enerji təhlükəsizliyi, regional stabillik və antiterror sahəsində ABŞ üçün strateji tərəfdaş olması nəzərə alınaraq, “907-ci düzəliş”in saxlanması məqsədəuyğun deyil. Təbii ki, erməni lobbisi Trampın siyasətindən narazıdır. Ona görə hər imkanda Ağ Ev rəhbərinə hücumu fürsət bilir, onu hətta şantaj yolu ilə yola gətirməyə çalışırlar. Lukaşenkodan sonra “Bakıya da siyahı göndər” niyyətinin arxasında da bu şantaj niyyəti açıq görünür. Deputat Elşad Musayev “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda müxalifət getdikcə reallıq hissini itirir və ən absurd təşəbbüslər irəli sürür. Tramp üçün prioritetlərin Venesuela və Ukrayna olduğunu qeyd edən deputatın sözlərinə görə, Ağ Ev liderindən Bakıda mühakiməsi davam edən erməni hərbi canilər üçün hər hansı müraciət gözləmir: “Sərkisyanın müavini nə qədər axmaq olduğunu nümayiş etdirib. Bu erməni anlamır ki, Tramp Azərbaycana və onun Prezidentinə necə yüksək dəyər verir. ABŞ kimi fövqəlgüc dövlətin lideri əsla belə lokal məsələ üçün ağız açmaz”. E.Musayev, üstəlik, bu adamların siyasi fəaliyyətə görə həbs olunmadığını yada saldı: “İlk növbədə, respublikaçılar ölkələrin daxili siyasətinə qarışmır. Erməni məhkumların həbsi Azərbaycanın ərazisində törədilmiş cinayətlərin nəticəsidir. Yəni Belarusdakı məhbuslarla bir cərgəyə qoyula bilməz. Çünki beynəlxalq hüquq müdafiə təşkilatları arasında bəziləri istisna, nüfuzlu təsisatlar erməni caniləri belaruslu dustaqlarla tay tutmayıb. Ona görə də Sərkisyanın müavini sayıqlayıb. Əslində onun lideri Xocalı canisi olaraq hazırda Bakıda həbsdə olmalı idi”. Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev isə qeyd etdi ki, məsələyə fərqli yanaşır: “Ermənistanda narazı qüvvələr bu proseslərdən xal qazanmağa çalışır. Onlar yaxşı bilir ki, Tramp belə bir təşəbbüs irəli sürməyəcək. Ancaq məsələni gündəmdə saxlamağa, təbliğat kampaniyası qurmağa çalışırlar. Yəni onların yeganə məqsədi hər bir yolla "qara piar" qurmaqdır. Biz buna nəinki hazır olmalı, müqavimət göstərməli, beynəlxalq təşkilatlara, Dövlət Departamentinə, Konqresə müraciət etməliyik. Ermənilərin yalanlarını ifşa etməliyik". Partiya funksioneri bu təbliğatın nəticəsini gözləmir: “Tramp Azərbaycan prezidentini güclü lider adlandırdı. Dedi ki, onun dostudur. Həmçinin sülh prosesinə dəstək verib və reallıq bəllidir. Ona görə erməni separatçı-terrorçu ünsürlər üçün heç vaxt müraciət etməz”. MCP funksioneri Sərkisyanın boş xəyallarla yaşadığını dedi: “Belarusda azad olunan şəxslər hərbi cinayət törətməyiblər. Onlar mərkəzi hökumətə qarşı silahlı birləşmələr yaradaraq separatçı rejim qurmayıblar. Araik və ortaqları isə Azərbaycana tabe olmayacaqlarını deyərək Qarabağın yuxarı hissəsində qondarma hakimiyyət yaratmışdılar. Onların kukla prezidentləri, oyuncaq qurumları var idi. Yəni Belarusdakı siyasi məhbuslarla Bakıdakılar arasında yerlə göy qədər fərq var. Ancaq o da deyilməlidir ki, Paşinyan bu məsələni Bakı ilə müzakirə etdiklərini təsdiqləyib. Yəni ümid edirlər ki, sülh müqaviləsindən sonra onlar İrəvana ekstradisiya oluna bilər”. Geri qayıt |