Əsas Səhifə > Ana xəbər / Güney Press > "The Place Baku" nəzarətdən yayınır?
"The Place Baku" nəzarətdən yayınır?15-12-2025, 07:55 |
|
Son illər paytaxt Bakının gecə həyatında adı tez-tez çəkilən məkanlardan biri olan "The Place Baku" cəmiyyətdə ciddi narahatlıq doğurur. Məkan adi əyləncə ünvanı olmaqdan çıxaraq, qanunvericiliyin tələblərinə zidd fəaliyyət forması ilə gənclərin fiziki və mənəvi aşınmasına xidmət edən qapalı bir sistemə çevrilib. Məsələ təkcə bir obyektin fəaliyyəti ilə bağlı deyil, burada söhbət hüququn, ictimai asayişin və milli-mənəvi dəyərlərin sistemli şəkildə görməzdən gəlinməsindən gedir. Gecə həyatının bütün çılpaqlığı ilə təqdim olunduğu məkanda, gənclərə zərərli vərdişlərin təşviqi, nəzarətsiz xidmətlərin göstərilməsi adi hala çevrilib. Seçilmiş auditoriya prinsipi - yad şəxslərin buraxılmaması, yalnız tanışlar və "köhnə müştərilər" üzərindən biznesin qurulması qapalı dövriyyə və mümkün qanunsuzluqların gizlədilməsi ehtimalını daha da gücləndirir.
Mənşəyi məlum olmayan qidalar gecə saatlarında təklif olunur İddialar sırasında ən narahatedici məqamlardan biri də qida təhlükəsizliyi ilə bağlıdır. Mənşəyi məlum olmayan qidalar gecə saatlarında təklif olunur, sanitar norma və standartlara əməl edilib-edilmədiyi isə sual altındadır. Bu cür yanaşma zəhərlənmə riskini artırmaqla yanaşı, istehlakçıların sağlamlığını birbaşa təhlükə altına qoyur. Qida təhlükəsizliyi məsələsi məkanda tamamilə arxa plana keçib. Mənşəyi məlum olmayan qidaların gecə saatlarında gənclərə təqdim edilməsi, tüstü və ağır dumanın ətrafı bürüyərək yaxınlıqda yaşayan insanların həyat keyfiyyətini aşağı salması, artıq obyektin deyil, bütöv bir yaşayış mühitinin zəhərlənməsi deməkdir. Cəmiyyət susduqca, bu cür mühitlər daha da cəsarətlənir Bütün bu iddialar fonunda məsul dövlət qurumlarının mövqeyi cəmiyyət üçün həlledici əhəmiyyət daşıyır. Bakı Şəhər Polisi, Qida Təhlükəsizliyi Agentliyi, eləcə də İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi kimi qurumların məsələyə kompleks yanaşma sərgiləməsi, obyektiv araşdırma aparması və zərurət yarandığı təqdirdə qanun çərçivəsində sərt tədbirlər görməsi vacibdir. Çünki söhbət təkcə bir məkanın fəaliyyətindən deyil, yüzlərlə gəncin taleyinə, onların fiziki və mənəvi gələcəyinə təsir edən sistemli təhlükədən gedir. Cəmiyyət susduqca, bu cür mühitlər daha da cəsarətlənir. Gecə həyatının işıqları arxasında gizlənən bu iddialar diqqətdən kənarda qalmamalı, gənclərin məhvə sürüklənməsinə yol açan hər bir faktor vaxtında və prinsipial şəkildə aradan qaldırılmalıdır. Şəffaflıq, qanunun aliliyi və ictimai məsuliyyət məhz bu üç dayağın bərpası ilə paytaxtın gecə həyatı təhlükəsiz və sağlam çərçivəyə salına bilər. The Place Baku ətrafında səslənən iddialar paytaxtın gecə həyatının hansı dəyərlər üzərində qurulduğu, dövlət nəzarətinin nə dərəcədə effektiv işlədiyi və gənclərin hansı mühitə yönləndirildiyi suallarını gündəmə gətirən geniş sosial problemdir. İddiaların araşdırılması və nəticələrin ictimaiyyətə açıqlanması həm hüquqi ədalətin, həm də cəmiyyətin vicdan rahatlığının təminatı baxımından mühüm əhəmiyyət kəsb edir. Heqiqixeber.az Geri qayıt |