Əsas Səhifə > Ana xəbər / Güney Press > Rusiyada azərbaycanlı miqrantlarla bağlı ŞOK
Rusiyada azərbaycanlı miqrantlarla bağlı ŞOK26-11-2025, 10:20 |
|
Rusiyada miqrantlara qarşı yeni qanun layihəsi təklif edilir. Belə ki, LDPR qeyri-qanuni fəaliyyətlərin qarşısını almaq üçün miqrantlara pnevmatik silahların, elektroşokların, qaz və digər spreylərin satışının qadağan edilməsini təklif edib. Müvafiq qanun layihəsinin partiyanın lideri Leonid Slutskinin başçılıq etdiyi deputatlar tərəfindən Dövlət Dumasına təqdim olunacağı açıqlanıb. Bu isə o anlama gəlir ki, kriminogen vəziyyətin ağır olduğu Rusiyada miqrantlar özlərini müdafiə etmək üçün ancaq yumruqları işə salmalıdırlar. Nə etməli? Hansı addımlar atılmalıdır? Vəkil Cavad Cavadov “Yeni Müsavat”a deyib ki, təklif olunan bu qanun layihəsi hüquqi baxımdan absurd olmaqla yanaşı, Rusiya Federasiyasının Konstitusiyasının təməl prinsiplərinə ziddir: “Cinayətkarlıqla mübarizə şüarı altında irəli sürülən bu təşəbbüs əslində leqal əsaslarla yaşayan insanları müdafiəsiz buraxaraq onları kriminal qruplar üçün asan hədəfə çevirir. Bir hüquqşünas kimi bildirirəm ki, özünümüdafiə hüququ insanın təbii hüququdur və vətəndaşlıq mənsubiyyətinə görə məhdudlaşdırıla bilməz”. Vəkil deyib ki, Rusiya Federasiyası Konstitusiyasının 19-cu maddəsinin 2-ci hissəsində açıq şəkildə qeyd olunur: “Dövlət irqindən, milliyyətindən, dilindən, mənşəyindən, yaşayış yerindən asılı olmayaraq insan və vətəndaş hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Bu qanun layihəsi isə insanları məhz mənşəyinə və vətəndaşlıq statusuna görə ayırır. Eyni cəmiyyətdə yaşayan iki şəxsdən birinə özünü qorumaq imkanı verib, digərindən bu imkanı almaq birbaşa diskriminasiyadır. Yəni ayrı-seçkilikdir”. Vəkil qeyd edib ki, konstitusiyanın 17-ci maddəsi Rusiyada insanın hüquq və azadlıqlarının beynəlxalq hüququn ümumqəbul olunmuş prinsiplərinə uyğun olaraq tanındığını bəyan edir: “Yaşamaq hüququ və şəxsi təhlükəsizlik toxunulmazdır. 45-ci maddənin 2-ci hissəsində isə deyilir. Hər kəs öz hüquq və azadlıqlarını qanunla qadağan olunmayan bütün üsullarla müdafiə etmək hüququna malikdir”. Cavad Cavadovun sözlərinə görə, qaz balonu və ya elektroşok qanunla qadağan olunmayan mülki özünümüdafiə vasitələridir: “Miqrantların bu vasitələrdən istifadəsini yasaqlamaq, onların konstitusiya ilə təsbit olunmuş özünümüdafiə hüququnu faktiki olaraq əlindən almaq deməkdir. Rusiya Federasiyasının "Silah haqqında" (N 150-FZ) Federal Qanunu silah əldə etmək üçün məhdudiyyətləri dəqiq müəyyən edir: yaş həddi, psixi sağlamlıq, məhkumluğun olmaması və s. Qanunvericilikdə “vətəndaşlıq” və ya “miqrasiya statusu” kimi ayrıca meyarın bu siyahıya əlavə edilməsi hüquqi nonsensdir. Cinayətkar onsuz da qanunsuz yolla silah əldə edir. Bu qadağa yalnız qanunlara riayət edən, vergi ödəyən və qeydiyyatda olan dinc miqrantlara təsir edəcək. Başqa sözlə, bu qanun layihəsi hüquqi yox, populist xarakter daşıyır. Onun qəbul edilməsi Rusiyada kriminogen durumu yaxşılaşdırmayacaq, əksinə, müəyyən bir sosial qrup olan miqrantları cinayətkarlar qarşısında tamamilə əliyalın qoyaraq zorakılıq hallarının artmasına səbəb ola bilər. Rusiya Dövlət Dumasının müvafiq komitələri bu təşəbbüsü konstitusiyanın bərabərlik və ayrı-seçkiliyin yolverilməzliyi prinsiplərinə zidd olduğu üçün rədd etməlidir. Əgər qanun layihəsi buna baxmayaraq qəbul olunarsa, gələcəkdə Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin bu normanı insan hüquqlarına və konstitusiyanın özünün təməl müddəalarına zidd hesab etməsi ehtimalı çox yüksəkdir". Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a deyib ki, Rusiya, azərbaycanlı miqrantlar da daxil olmaqla, digər miqrantları müdafiəsiz qoyur. Bu, qanun deyil, insan təhlükəsizliyinin təhlükəyə atılmasıdır: ”Rusiyada miqrantlara qarşı yeni məhdudiyyət təşəbbüsü göstərir ki, böyük dövlətlər öz daxilində yaranan sosial gərginliklərin yükünü ən zəif təbəqə olan miqrantların çiyninə yükləyir. Bugünkü Rusiya Ukraynadakı müharibə bataqlığında çabalayır, daxildə cinayət statistikası artır, kriminal qruplar güclənir, hüquq-mühafizə orqanlarına inam azalır. Belə bir halda problemə çözüm yolu kimi məhz miqrantlardan elementar özünümüdafiə vasitələri alınır. Bu təşəbbüsün adı cinayətkarlıqla mübarizə qoyulur, amma mahiyyətində ayrı-seçkilik, qərəz və hüquqi nihilizm dayanır". Hüquq müdafiəçisi deyir ki, Rusiyada çalışmaq məcburiyyətində olan yüz minlərlə azərbaycanlı orada ölkənin iqtisadiyyatına töhfə verir, vergilər ödəyir: “Amma hər dəfə siyasi populizmin ilk hədəfi miqrantlar olur. Bu qanun layihəsi biabırçılıqdır. Ən təhlükəli məqam budur ki, bu qadağa cinayətkarı yox, yalnız qanuna əməl edən insanı zərərsizləşdirəcək. Kriminal qruplar qeyri-leqal silah əldə etməkdə heç bir çətinlik çəkmir. Belə qanun layihələri cəmiyyəti qorumaq üçün yox, cəmiyyəti yönləndirmək üçün tətbiq olunur”. Geri qayıt |