Əsas Səhifə > Ana xəbər / Güney Press > İlham Əliyevin AMEA görüşündə səsləndirdiyi yaxın gələcək vədində nə nəzərdə tutulurdu?

İlham Əliyevin AMEA görüşündə səsləndirdiyi yaxın gələcək vədində nə nəzərdə tutulurdu?


6-11-2025, 09:58

Bu gün - noyabrın 6-da Vaşinqtonda C5+1 sammiti keçiriləcək. Məzrkəzi Asiya ölkələrinin liderləri ilə ABŞ prezidenti Donald Trampın iştirak edəcəyi zirvə görüşünə Azərbaycan prezidenti İlham Əliyevin də qatılacağı gözlənilir.
Bəs bu sammit niyə keçirilir?
Bir çox beynəlxalq şərhçilərin iddiasına inansaq, C5+1 sammitinin əsas məqsədi Çinin ABŞ-a nadir torpaq elementləri satmaqdan imtina etməsi Tramp hakimiyyətini alternativ qaynaqlar axtarmağa vadar edib. O da çarəni Avstraliya, Pakistan, Yaponiya və s. ölkələr kimi, Mərkəzi Asiyada axtarmağa başlayıb. Elədirsə, istər-istəməz bu sual ortaya çıxır: Doğrudanmı Mərkəzi Asiya ölkələrinin nadir torpaq elementləri ehtiyatı ABŞ-ın diqqətini çəlb edəcək qədər çoxdur?
Amerikalı mütəxəssislərin fikrincə, bəli. ABŞ-da nəşr olunan “The Hill” qəzeti alimlərin fikrinə istinadən yazır ki, region qlobal manqan ehtiyatının 39%-nə, eləcə də xromun 30%-i, qurğuşunun 20%-i, sinkin 13%-i və titanın 9%-i Mərkəzi Asiya ölkələrində yerləşir. “Təkcə Qazaxıstan dünyada uranın 43%-ni istehsal edir”, - nəşr bildirir.
Qazaxıstanın nadir torpaq elementləri ehtiyatı
Qazaxıstan hökuməti bu ilin aprel ayında ölkənin fərqli bölgələrində 20 milyon tondan çox nadir torpaqların nəhəng yataqlarının aşkar edildiyi xəbərini yaymışdı. Bu iddia hələ ki, dərinliyinə araşdırılıb əsl həqiqətlər ortaya çıxmasa da, rəsmi Astananın yaydığı məlumatlar olduqca ciddi ehtiyatlardan bəhs edir. Əgər irəli sürülən iddialar öz təsdiqini taparsa, Qazaxıstan nadir torpaq ehtiyatlarına görə dünyada yalnız Çin və Braziliyadan sonra üçüncü yeri tutacaq.
Özbəkistan
Mərkəzi Asiyanın ikinci ən böyük iqtisadiyyatı və ən çox əhalisinə olan Özbəkistan da dünyada qızıl, mis və uran istehsalı üzrə ciddi oyunçulardan sayılır.
Onun dəqiq həcmi bilinməsə belə, çox böyük nadir torpaq elementləri ehtiyatına sahib olduğu vurğulanır. ABŞ-da yerləşən “Traxys” əmtəə şirkəti bu yaxınlarda Özbəkistanın kritik minerallar sektorunun kəşfiyyatı və hasilatı üçün 1 milyard dollarlıq müqavilə imzalayıb.
“Caspian Policy Center” bu yaxınlarda yayımladığı hesabata görə, Özbəkistanda böyük qallium və germanium ehtiyatları var. Dəqiq idarə olunan hərbi sursatlar və qabaqcıl yarımkeçiricilər üçün mühüm əhəmiyyət kəsb edən bu mineralların hasilatı həm Özbəkistana, həm də onun ortaqlarına böyük pullar qazandıra bilər.
Özbəkistan həm də təmiz enerji istehsalında çempion kimi tanınır.
Tacikistan
Tacikistan isə qurğuşun-turşu akkumulyatorlarında, günəş panellərində və hərbi maşınların zirehlərinin möhkəmləndirilməsində istifadə olunan gümüşü-boz nadir metal olan, çox axtarılan sürmənin əhəmiyyətli yataqları ilə məşhurdur.
Qeyd edək ki, surmə kövrək metaldır və istilik və elektriki zəif keçiricidir. Çox təmiz surma elementi müəyyən yarımkeçirici cihazların, məsələn, diodların və infraqırmızı detektorların hazırlanmasında istifadə olunur. Qurğunun dayanıqlığını artırmaq üçün surma qurğuşunla qarışdırılır.
Qırğızıstan
Əhəmiyyətli qızıl istehsalçısı olan Qırğızıstanın maraq doğuran çoxsaylı nadir torpaq və kritik faydalı qazıntı yataqları ilə öyünən ölkələrdəndir. Lakin həmin ehtiyatların həcmi barədə təsdiqlənmiş məlumatlar azdır.
Türkmənistan
Türkmənistan təbii qaz ehtiyatlarının həcminə görə dünyada 4-cü yeri tutur. Onun təkcə “Qalkanış” yatağında 21,2 trilyon kubmetr qaz olduğu bildirilir.
Məhz bu səbəbdən Türkmənistan da genişlənən Orta Dəhliz layihəsində öz potensialına uyğun yer almaq istəyir. Lakin onun bu sahədə böyük narahatlığı da var: Rusiya Pekinə alternativ tədarüklər təklifi sunmaqla Türkmənistanın Çinə qaz nəqlini məhdudlaşdıra bilər. Odur ki, Türkmənistan da ABŞ kimi alternativi əlində saxlamaqda maraqlıdır. Şərq qonşumuz hansı nadir torpaq ehtiyatlarına sahib olduğunu isə hələ ki, açıqlamayıb.
Azərbaycana gəlincə, ölkəmizin Qarabağda və Naxçıvanda çox zəngin nadir torpaqlar və minerallar yatağı olduğu bildirilir. Xüsusilə qızıl və molibden yataqlarımız öz müştərilərini gözləyir.
Maraqlıdır ki, Abşeron rayonunun müxtəlif ərazilərində tez-tez qarşımıza çıxan palçıq vulkanları belə, çox böyük nadir torpaq elementlərini özündə cəmləşdirir. C5+1 sammitində yəqin ki, Azərbaycanın nadir torpaq elementlərinin hasilatı da masaya yatırılacaq. Prezident İlham Əliyevin bu yaxınlarda AMEA-da keçirdiyi görüşündə səsləndirdiyi bəzi fikirlər də bu ehtimalı gücləndirir. Xatırladım ki, Prezident alimlərlə görüşündə bunları demişdi: “Mənim göstərişimlə artıq bir neçə aydır ki, Qarabağda və Şərqi Zəngəzurda böyük geoloji işlər aparılır. Azərbaycan alimlərini bu işlərə dəvət edirəm, dövlət strukturlarına da göstəriş verirəm. Hesab edirəm ki, yaxın bir neçə ay ərzində bizə çox yaxşı xəbərlər gələcək. Bizim çox zəngin təbii resurslarımız var - qızıl, gümüş, mis yataqları, polimetal yataqlar. Onların aşkarlanması, kəşfiyyatı, işlənməsi bizə böyük xeyir gətirəcək, Qarabağ və Şərqi Zəngəzur regionlarımızda iş yerlərinin böyük sayda yaradılmasına gətirib çıxaracaqdır”.
İlham Əliyevin bu sözləri C5+1 sammitinə hazırlaşdığı bir zamanda dilə gətirməsi təsadüfi olmaya bilər.
Qısası, bu gün Vaşinqtonda Türk dünyasının gələcəyində mühüm rol oynayan qərarlar veriləcək.
Heydər Oğuz - "DİA-AZ"

Geri qayıt