Əsas Səhifə > Ana xəbər / Güney Press > Rusiya-Azərbaycan münasibətləri: Problem bitməyib, davam edir
Rusiya-Azərbaycan münasibətləri: Problem bitməyib, davam edir31-10-2025, 05:55 |
|
Azərbaycanda məhkəmə narkotik ticarəti və kiberdələduzluq ittihamı ilə saxlanılan səkkiz rusiyalı İT mütəxəssisinin həbs müddətini üç ay uzadıb. Nəşr bildirir ki, Kalininqrad sakini İlya Bezuqlı ev dustaqlığına keçirilməsi üçün məhkəməyə müraciət edib. O bunu təcridxanada səhhətinin pisləşməsi və ürəyində problemlər yaranması ilə izah edib. Onun qohumları da məhkəmədə müvafiq vəsatət qaldırıblar, lakin rədd cavabı alıblar. Bundan sonra Aleksandr Vaysero və Anton Draçyovun valideynləri də eyni vəsatətlə çıxış ediblər, amma onlara da imtina cavabı verilib. Eyni zamanda, oktyabrın 25-də Rusiyanın təbliğat ruporu olan “Sputnik Azərbaycan” agentliyinin Azərbaycanda saxlanılan baş redaktoru Yevgeni Belousov azadlığa buraxılıb. O, iyul ayında həbs edilmişdi. Onun həmkarı, redaksiyanın rəhbəri İqor Kartavıx isə Putin və Əliyevin görüşündən demək olar dərhal sonra – oktyabrın 10-da sərbəst buraxılmışdı. Hər iki jurnalist iyunun sonunda “Sputnik Azərbaycan”ın digər əməkdaşları ilə birlikdə saxlanılmışdı. O zaman respublikanın Daxili İşlər Nazirliyi onların barəsində dələduzluq, qanunsuz sahibkarlıq və çirkli pulların yuyulması maddələri ilə cinayət işi açmışdı. Bu hadisələrin fonunda Rusiya hakimiyyəti də azərbaycanlı məhbuslardan birini azad edib. “Kommersant” yazır ki, söhbət Satira Teatrının sabiq direktoru Məmmədəli Ağayevdən gedir. O, 20 milyon rubl məbləğində dələduzluqda ittiham olunurdu. Moskvanın Taqanski məhkəməsi onun barəsindəki həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib. Eyni vaxtda Yekaterinburq məhkəməsi Uralda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin həbs müddətini 30 dekabra qədər uzadıb. O, adam öldürməyə cəhddə ittiham olunur. Moskva ilə Bakının münasibətləri 2024-cü ilin dekabrında AZAL təyyarəsinin qəzaya uğramasından sonra gərginləşməyə başlamışdı. O zaman hava gəmisi Rusiya HHM sistemi tərəfindən vurulmuşdu. Qəza nəticəsində 38 nəfər həlak olmuşdu. Pilotların məharəti nəticəsində 29 nəfər sağ qalmışdı. İyul ayında prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan bu məsələ ilə bağlı Rusiya Federasiyasının məsuliyyətə cəlb olunması tələbi ilə Beynəlxalq Məhkəməyə müraciət edəcək. Çünki Moskva yeddi ay ərzində Azərbaycanın haqlı tələbinə rəsmi cavab verməmişdi. Əliyev Rusiyanın günahını etiraf etməsini, günahkarların cəzalandırılmasını, ölənlərin və yaralananların ailələrinə kompensasiya ödənilməsini tələb edirdi. 2025-ci ilin yayında Yekaterinburqda azərbaycanlılara qarşı reydlərdən sonra gərginlik daha da artdı. Polis idarəsində dindirilmə zamanı iki qardaş – Ziyəddin və Hüseyn Səfərovlar işgəncə nəticəsində öldürüldülər. Buna cavab olaraq Azərbaycanda rusiyalıların saxlanılmasına başlandı, Moskva ilə bir sıra iqtisadi istiqamətlər üzrə əməkdaşlıq dayandırıldı. “The Moscow Times” yazır ki, 2025-ci ilin oktyabrında Vladimir Putin ilk dəfə İlham Əliyevdən AZAL təyyarəsinin qəzaya uğramasına görə ictimai şəkildə üzr istəyib, Rusiyanın məsul şəxslərin hərəkətlərinə hüquqi qiymət verəcəyini vəd edib. Putin qeyd edib ki, faciənin səbəbləri müəyyənləşdirilib, lakin araşdırmanın və hüquqi nəticələrin tamamlanması üçün vaxt lazımdır. Lakin baş verənlərə diqqət yetirəndə, bu üzrü səmimi adlandırmaq çətindir. Putin Düşənbədə keçirilən MDB sammitində çıxışı zamanı məsuliyyəti Ukraynanın üzərinə ataraq, guya “hadisəyə Ukrayna pilotsuz uçan aparatının səbəb olduğunu” deyib. Bir çox hərbi ekspertlər bunu dərhal tam yalan adlandırdılar. Eyni zamanda, Putin HHM sistemində nasazlıq baş verdiyini də etiraf edib. Bəs indi nə baş verir? Bakı və Moskva arasındakı münasibətlərdə gərginlik hələ də ortadan tam qaldırılmayıb? Bunu həm Bakı, həm də Moskvanın bəzi şəxsləri azad etməsi, digərlərinin isə həbs müddətini uzatması da göstərir. Bu nə oyundur? Tərəflər bu yolla nə əldə etməyə çalışırlar? Bununla bağlı fikirlərini Pressklub.az-la bölüşən tanınmış politoloq, Şərq–Qərb Tədqiqatlar Mərkəzinin direktoru Ərəstun Oruclunun sözlərinə görə, son aylarda Bakı ilə Moskva arasında müşahidə olunan ziddiyyətlər və yuxarıda sadalanan faktlar bu münasibətlərin mahiyyətini açıq şəkildə əks etdirir. “Zaman-zaman elə təəssürat yaradılır ki, guya münasibətlərdəki gərginlik azalır, müsbət dinamika başlayır. Amma bu dinamika yalnız bir sahədə – ticarətdə müşahidə olunur. Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi, bütün bu ziddiyyətlərə baxmayaraq, artır. Bunu həm Azərbaycan, həm də Rusiya statistikasından görmək olur. Lakin görünür, başqa ziddiyyətlər də var. Hansılar? Çox güman, bunlar geopolitik xarakterli ziddiyyətlərdir. Politoloqun fikrincə, baxmayaraq ki, 2018-ci ildə Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalanıb, Xəzər məsələsində də ziddiyyətlər qalır. “Burada da problemlər var. O vaxt Bakı müəyyən güzəştlərə getməyə məcbur olmuşdu. Bunun əsası hələ 2013-cü ildə qoyulmuşdu – Rusiya prezident seçkiləri ərəfəsində Azərbaycan rəhbərliyinə siyasi təzyiq göstərməyə başlamışdı. Mən “Milyarderlər klubu”, İbrahimbəyov və s. prosesləri nəzərdə tuturam. Azərbaycan uzun illər bu məsələdə geri addım atmaq istəmirdi, lakin nəhayət, siyasi təzyiq nəticəsində kompromisə getməyə məcbur oldu və 2018-ci ildə konvensiya imzalandı. Amma bu məsələ bu günə qədər tam həll olunmayıb. İkinci əsas ziddiyyət Zəngəzur dəhlizi məsələsidir. Diqqətlə baxsaq, görərik ki, həm Azərbaycana, həm də Ermənistana eyni vaxtda və paralel şəkildə təzyiq göstərilir. Sadəcə, Azərbaycana təsir rıçaqları Ermənistanla müqayisədə daha azdır. Üstəlik, Ermənistanın Türkiyə kimi müttəfiqi yoxdur, amma Azərbaycanın var və bu, mühüm amildir. Rusiyada azərbaycanlı diasporuna qarşı başlanmış kampaniya bu gün də davam edir. Azərbaycan da hələlik quru sərhədlərini açmayıb. Eyni zamanda, Azərbaycanda saxlanılan rusiyalıların istintaq müddəti də uzadılıb. Yəni bu ziddiyyətlər nə insanların həbsi, nə diaspor fəaliyyəti, nə də etnik cinayətkar qruplarla bağlı deyil. Bütün bunlar əvvəldən məlum idi və Rusiya da bunları yaxşı bilirdi. Biz uzun müddət çox geniş əməkdaşlıq etmişik. Geri qayıt |