Əsas Səhifə > Ana xəbər / Güney Press > Sülh sazişi Paşinyansız mümkün ola bilərmi?
Sülh sazişi Paşinyansız mümkün ola bilərmi?1-10-2025, 05:53 |
“Hazırda Ermənistanda siyasi vəziyyət kifayət qədər gərgindir. Bu da onunla əlaqəlidir ki, gələn ilin iyun ayında ölkədə parlament seçkiləri keçiriləcək və bu seçkilərin nəticələri ölkənin gələcəyini müəyyən edəcək”.Bu barədə Bizimyol.info xəbər portalına politoloq Oqtay Qasımov danışıb. Politoloq qeyd edib ki, bu gün Ermənistanda iki qütb mövcuddur. “Bu qütblərdən biri Paşinyan və onun komandası tərəfdarları, ikinci qütb Rusiyaya bağlı revanşist qüvvələri təmsil edən siyasi qüvvədir. Hazırkı rəy sorğularına diqqət yetirdiyimizdə Paşinyanın reytinqi son illər xeyli aşağı düşüb, eyni zamanda onun rəqiblərinin də nüfuzunun ciddi şəkildə azaldığı göz önündədir. Əgər hansısa bir əlahiddə hadisə baş verməsə, Ermənistanda seçkilərdə Paşinyanın partiyasının qalib gəlmə imkanları kifayət qədər yüksək qiymətləndirilib. Əgər əksi baş versə, Paşinyanın müxalifləri hakimiyyətə gələrsə, əlbəttə ki, bu, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə zərbə demək olacaq. Bu, həm də o demək olacaq ki, erməni cəmiyyəti Azərbaycanla sülh istəmir və bölgədə gərginliyin qalmasında maraqlıdır”-deyə politoloq bildirib. Oqtay Qasımov qeyd edib ki, hakimiyyətə gələn istənilən qüvvənin dərhal müharibəyə başlamaq haqqında düşünəcəyi gözlənilmir. “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni paraflanıb və bu, Amerika Birləşmiş Ştatları prezidentinin iştirakı ilə həyata keçirilib. Eyni zamanda ABŞ və Ermənistan arasında Zəngəzur dəhlizinin açılması ilə bağlı anlaşma mövcuddur. Və bütün bunları birdən-birə kənara qoyub fərqli siyasət yürütmək Ermənistan üçün olduqca ağır nəticələrə gətirə bilər. Əgər sülh olmayacaqsa və Paşinyan seçkini uduzacaqsa, əlbəttə, proses dalana dirənəcək, bölgədə gərginlik qalacaq. Amma bundan ən çox əziyyət çəkən Ermənistan olacaq. İlk növbədə təcrid vəziyyətində qalmağa davam edəcək, Azərbaycanla normallaşma olmayacaq, Türkiyə ilə sərhədlər açılmayacaq və Ermənistana təzyiqlər daha da artacaq. Bundan başqa, əgər Ermənistan tərəfi hansısa bir revanşa cəhd edəcəksə, bu da ciddi şəkildə Ermənistan üçün ağır nəticələrə gətirib çıxaracaq”-deyə politoloq bildirib. Geri qayıt |