Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” layihələrin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, nazirlik olaraq məktəblərdə bəzi məhdudiyyətlər qoymağa başlayıb:
“Hazırda məktəblərdə "TikTok"a çıxış bloklanır. Məktəbdə uşaqların “Linkedln”ə çıxışı, ümumiyyətlə, filter olunur. Elə mövzular var ki, onlar bloklanır. Məsəl üçün, terrorizmlə bağlı, pornoqrafiya ilə bağlı, narkomaniya ilə bağlı və ümumiyyətlə, iki yüz mövzudan çox təhlükəli olan mövzulara məhdudiyyətlər qoyulub məktəblərdə”, - deyə o bildirib.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Əməkdar müəllim Sona Əliyeva bildirdi ki, məktəblərdə "TikTok"un bloklanması və təhlükəli kontentlərə filtr tətbiqi ilk baxışda əla qərardır:
"Çünki, məktəbin internet şəbəkəsində yetkinlik yaşına çatmayanların psixologiyasına, mənəvi və fiziki sağlamlığına birbaşa zərbə vuran resursların bloklanması dövlətin və təhsil müəssisəsinin birbaşa vəzifəsidir. Burada mübahisə predmeti yoxdur. Dövlətin də, məktəbin də borcu uşağı həm də qorumaqdır. Lakin, bloklamaq ən asan, eyni zamanda ən az təsirli vasitədir. Uşaqlar evdə mobil internet vasitəsilə eyni məzmuna çıxa bilərsə, məktəbdəki bloklama simvolik xarakter daşıyır. Uşaq məktəbdə "TikTok"a girə bilmirsə, bu hələ onun təhlükəsiz olduğu anlamına gəlmir. O, evdə mobil internetlə, VPN-lə, başqa cihazla yenə həmin məzmuna çıxa bilər. Doğrudur, texniki filtr lazımdır, amma bu, təkbaşına yetərli deyil".
Müsahibimizin fikrincə, uşaqların qarşısına qadağalardan ibarət divar hörmək yox, internetdə rəqəmsal davranış mədəniyyəti formalaşdırmaq lazımdır:
"Uşaq bilməlidir ki, alqoritm onu maarifləndirmək üçün işləmir. Alqoritm onu ekranda saxlamaq üçün işləyir. Bu fərqi də ona məktəb izah etməlidir. Bu açıqlamada ən maraqlı yanaşma "LinkedIn"lə bağlıdır. "TikTok" əyləncə və alqoritmik asılılıq platformasıdır. Bunu hamı bilir. "LinkedIn" isə daha çox karyera, peşəkar inkişaf, CV, universitet və əmək bazarı ilə bağlı platformadır. Əgər yuxarı sinif şagirdlərinin "LinkedIn"ə çıxışı da ümumi qaydada filtrlənirsə, bunun səbəbi açıq şəkildə izah olunmalıdır. Çünki "LinkedIn" ciddi və peşəkar platformadır".
Əməkdar mnüəllim “200-dən çox mövzu” məsələsinə də aydınlıq gətirilməsini də vacib hesab edir:
"Cəmiyyət bilməlidir ki, hansı mövzular bloklanır, bu siyahı kim tərəfindən müəyyən edilir, səhv bloklama olarsa, məktəb və müəllim necə müraciət edə bilər. Çünki filtr qoruma vasitəsidir, amma nəzarətsiz filtr bəzən faydalı resursları da bağlaya bilər.
Həmçinin bütün bu qərarlarla yanaşı, paralel olaraq rəqəmsal savadlılıq da real dərs mövzusuna çevrilir. Valideyn də prosesdən kənarda qalmamalıdır. İndiki dövrdə, heç bir uşağı internetdən tam ayırmaq mümkün deyil. Bu zaman isə atılmalı olan əsas addımlardan biri uşağa internetdə özünü qorumağı öyrətmək olmalıdır və artıq məktəbin əsas vəzifələrindən biri də bu olmalıdır.
Bu addımı prinsipcə düzgün hesab edirəm. Lakin, mənim subyektiv fikrim hər zaman qadağaları kənara qoymaqdan yanadır, yəni bu siyasət qadağa siyasəti kimi yox, ağıllı rəqəmsal tərbiyə siyasəti kimi qurulmalıdır. Sosial şəbəkələrə qadağa qoymaq asandır, uşaqların düşüncəsində filtr yaratmaq isə çətindir. Amma uzunmüddətli nəticə verən də məhz bu yanaşmadır".









