Bir dəfə “ziyalı” xanımlardan biri uşaq pulu ilə bağlı yazdığım paylaşımın altında yazmışdı ki, “Dolana bilmirsən, imkanın, evin yoxdursa, niyə iki uşaq dünyaya gətirmisən? Nə məcbur idi?” Bəzi “ziyalılarımız” elə düşünür ki, dünyada uşaq sahibi olmaq hüququ yalnız varlıların, imtiyazlıların, xaricdə oxuyanların, ən prestijli universitetləri bitirənlərin, möhtəşəm geni olanların (çox dərinə getsək bu sözü deyənlərin əksəriyyətinin möhtəşəm geniş yoxdur) haqqıdır.
Halbuki həyat heç də onların qurduğu steril nəzəriyyələrdən ibarət deyil. Tarix boyu ən ağır yükü sadə insanlar çəkib. Müharibədə səngərə ilk girən də, şəhid olan da, çox vaxt kasıb ailələrin uşaqları olub. Heç bir ölkənin taleyi yalnız elit təbəqədən asılı olmayıb. Uşaq pulu verilən ölkələrdə doğum səviyyəsinin aşağı olduğu iddiası da tez- tez səsləndirilir. Amma məsələ göründüyündən daha mürəkkəbdir. Düzdür bir çox inkişaf etmiş ölkədə həm uşaq pulu, həm sosial dəstək var, amma doğum səviyyəsi yenə aşağıdır. Həmin ölkələrdə doğumun az olma səbəbi iqtisadi məsələ deyil. Avropada insanlar daha gec evlənir, karyera prioritet olur, fərdi həyat tərzi dəyişir, bəzən insanlar ümumiyyətlə valideyn olmaq istəmir. Yəni məsələ mədəniyyət, həyat tərzi və sosial model ilə bağlıdır. Bu fikri ortalığa atan adamlara izah etmək olmur ki, sosial dəstəyin olmasınin əsas məqsədi “çox uşaq doğulsun” deyil, mövcud uşaqların daha sağlam və təhlükəsiz böyüməsidir.
Müəllif: Günel Musa - "DİA-AZ"









