Azərbaycan Prezident Adminstrasiyasının və Milli Elmlər Akademiyasının (AMEA) sabiq rəhbəri Ramiz Mehdiyev Prezident İlham Əliyevin fiziki aradan götürülməsini planlaşdırıbmış.
AYNA.AZ xəbər verir ki, “Vesti Baku” bu barədə anonim mənbəyə istinadən yazıb.
Mənbəyə görə, ssenari çoxdan hazırlanıb. Dövlət başçısına qarşı dövlət çevrilişinə cəhd 2024-cü ilin dekabr hadisələrindən xeyli əvvəl planlaşdırılıb: “Planlara təyyarə qəzası, hərbi xaos və köhnə elitanın nəzarətində olan “müvəqqəti hökumət” daxil idi. Amma hər şey pis istiqamətdə getdi”.
Mənbə iddia edib ki, plan soyuq, hesablanmış bürokratik planlaşdırma ruhunda - aydın ssenari, təyin olunmuş rollar və xarici koordinasiya ilə qurulub.
Əməliyyatda mərkəzi fiqurun onilliklər ərzində ölkənin inzibati mexanizmlərinə nəzarət edən, “boz kardinal” ləqəbli Ramiz Mehdiyev olduğu müəyyən edilib.
Mənbə qeyd edib ki, Mehdiyev hələ də aparıcı KİV-lərin (xəbər saytları və FM radiostansiyaları) redaksiya siyasətinə təsir edib və parlamentdə böhran vəziyyətində “müvəqqəti hökuməti” dəstəkləməyə hazır bir qrup saxlayıb.
Ssenaridəki əsas epizod “hərəkətə çağırış” olması lazım olan hava qəzasıdır.
2024-cü ilin dekabrında Prezident İlham Əliyevi aparan prezident təyyarəsinin iştirakı ilə "qəza" planlaşdırılıb - zahirən Ukrayna pilotsuz təyyarəsinin hücumuna bənzəyən.
Ölkə şokda, çaxnaşmada və xarici təhlükə qorxusundadır və bu xaosun içində “fövqəladə vəziyyət” elan edilir.
"Bu, bizim Dövlət Fövqəladə Hallar Komitəsi olmalı idi - yalnız tankların əvəzinə pilotsuz təyyarələrlə" deyib mənbə.
Onun sözlərinə görə, plan Moskvadakı hərbi dairələr vasitəsilə razılaşdırılıb. Əsas əlaqə saxlayanlardan biri uzun müddət Azərbaycanda “Moskvanın adamı” sayılan, Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi, general Nəcməddin Sadıqov olub. O Rusiya ordusunun GPS-i söndürməklə, yanlış siqnallar ötürməklə və prezident təyyarəsinin naviqasiya sistemlərini müvəqqəti olaraq korlamaqla texniki dəstək göstərərək təxribatı həyata keçirməsini təmin etməli idi.
Eyni zamanda, Mehdiyevin strukturlarının nəzarətində olan KİV-lər informasiya hücumuna hazırlaşırdılar: “müəmmalı hücum”, “müvəqqəti təhlükəsizlik şurası”, “nəzarətin ötürülməsi” ilə bağlı əvvəlcədən materiallar hazırlayıblar. Mənbənin sözlərinə görə, hətta “yeni nazirlərin” siyahıları əvvəlcədən tərtib edilib.
Lakin əməliyyat uğursuz olub. Cinayəti törədənlər səhv ediblər: prezident təyyarəsinin əvəzinə 30 dəqiqə əvvəl eyni marşrutla uçan AZAL-ın mülki təyyarəsi vurulub.
“Səhv ölümcül oldu. İdarə olunan böhran əvəzinə ölkə və dünya faciə və beynəlxalq qalmaqalla üz-üzə qaldı”, - deyə vurğulayıb.
Mənbəyə görə, bundan sonra Moskva tez zamanda ssenarini yenidən yazmağa cəhd edib - hadisələri tərsinə çevirərək, hər şeyi “texniki səhv” kimi təqdim edib və "məlumatları qismən ötürüb".
Eyni mənbənin məlumatına görə, ən dramatik epizod daha sonra - Düşənbədəki görüş zamanı baş verib. Mənbə iddia edib ki, orada Rusiya Prezidenti Vladimir Putin İlham Əliyevə Rusiyanın “sui-qəsdin qarşısını aldığı” barədə məlumat verib və Azərbaycanın daxilində fəaliyyət göstərən agentin adı da daxil olmaqla, əməliyyat məlumatlarını ötürüb.
"Putin üzr istəməyə deyil, sui-qəsdin qarşısını aldıqları məlumatını “satmağa” gəlmişdi. Bunun müqabilində isə ölkələr arasındakı gərginlikdə səngimə istədi ", - mənbə qeyd edib.
İstənilən halda çevriliş cəhdi baş tutmadı. Prezident siyasi intuisiya nümayiş etdirərək təyyarəni çevirib Bakıya qayıtdı və bununla da təkcə özünün deyil, həm də xalqını və ölkəsini idarə olunan fəlakətdən xilas etdi.
Sonda sayt qeyd edir: “Rəsmi ittihamlar və sübutlar prosessual qanunvericiliyə uyğun olaraq dərc ediləcək. İstintaq başa çatana qədər təqsirləndirilən şəxslərin heç biri təqsirli hesab edilmir”.
Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 278.1-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham olunur.










