Əsas Səhifə > Güney Press / Ana xəbər > “Sabiq MTN rəhbərləri general rütbələrindən məhrum edilməlidir”
“Sabiq MTN rəhbərləri general rütbələrindən məhrum edilməlidir”30-10-2015, 08:54 |
![]() Sabiq polis rəisi, polis polkovniki Mahmud Hacıyev “Hürriyyət”ə müsahibəsində MTN-lə bağlı son olayları şərh edib. diaaz.space həmin müsahibəni oxuculara təqdim edir: -Mahmud bəy, MTN-lə bağlı baş verən hadisələri necə dəyərləndirirsiniz? Hər kəsdə şok effekti yaradan belə bir hadisənin baş verəcəyini qismən də olsa ehtimal edirdinizmi? -MTN-də belə bir hadisənin baş verəcəyini 50-nin 50-ə nisbətində gözləyirdim. Mən nə ekstrasens, nə də falçı deyiləm. Lakin MTN-lə bağlı belə bir olayın baş verəcəyini müəyyənləşdirmək üçün ekstrasens olmağa da lüzum yox idi. Məsələ bundadır ki, MTN rəhbərliyində təmsil olunanların böyük əksəriyyəti polis orqanlarında ora gətirilənlər idi. Bu insanların polisdə necə çalışdıqları, onların polisdəki xidmətlərinin nədən ibarət olduqları, hansı intellektə sahib olduqları mənim gözlərimin qabağındadır. Polisdə işləyən bu insanlar MTN-ə keçən zaman onların hamısı yüksək vəzifələrə təyinat aldı. Onlar kadrlar idarəsinin rəisi, nazir müavini, II müavin, baş idarənin rəisi və s. kimi ciddi vəzifələrdə təmsil olundu. Polisdə işləyən bu şəxslər sovet dönəmində və müstəqilliyin ilk illərində polis xidmətini gözdən salan xidmət növündə - “obaxeyis”də çalışırdılar. Onların müxtəlif sahələri var idi. İctimai iaşə obyektlərinə - kababxanalara, pitixanalara və s. baxan “obaxeyis” də, tikintiyə baxan, digər sahələrə nəzarət edən “obaxeyis”lər də var idi. MTN-də yüksək vəzifə tutan şəxslərin əksəriyyəti keçmiş “obaxeyis”lər idi. Bu xidmət sahəsində hər zaman çoxlu sayda neqativ hallar baş verirdi MTN-də yüksək vəzifələrə təyinat alan şəxslər general rütbəsi aldılar, nazir müavini oldular. Baş Kadrlar İdarəsinin rəisi olub MTN-də kadr siyasəti həyata keçirdilər. Onların kimliyinə, polisdəki xidmətlərinə baxanda insanda belə bri təəssürat oyadırdı ki, onlar MTN-də uzun müddət xidmət apara bilməyəcəklər. Çünki onların polisdə işlədikləri zaman özlərini necə aparmaqları, hansı intellektə malik olduqları hər kəsin gözünün qarşısında idi. Onlar hansı rayonda kababxanalara, pitixanalara nəzarət edibsə, onları həmin rayonun sakinləri çox yaxşı tanıyır. -Sizcə polis-“obaxeyis” sistemində çalışan bir şəxsin MTN-nin tələblərinə cavab verən bir kadra çevrilməsi, bu sistemin tələblərinə uyğunlaşması doğrudanmı mümkün deyil? -Belə bir misal var, qırxında öyrənən görunda çalar. Atalar sözləri riyazi düsturdur. Mən onları həndəsi teorem kimi qəbul edirəm. 45 yaşına qədər “obaxeyis sistemində çalışan, öz fəaliyyətində neqativ hallara yol verən bir şəxs, 45 yaşında sonra milli təhlükəsizlik sistemində çalışa bilməz. Bu, mümkünsüz bir şeydir. MTN və polis ayrı-ayrı strukturlardır. Fəaliyyəti də, xidmət sahələri də, digər parametrləri də tamamilə fərqlidir. Bunların MTN-də yüksək vəzifələrdə yer alması artıq göstərirdi ki, bu şəxslər 5 ildənmi, 7 ildənmi, 10 ildənmi sonra keçmiş polis işçiləri olduqlarını göstərəcəklər. Yəni de-şifrə olunacaqlar. Bu, gözlənilən bir hal idi və baş verdi. Bunu qanunauyğunluq kimi qəbul etmək lazımdır. Onlar öz “obaxeyis” adətlərindən əl çəkmədilər. Bu şəxslərin MTN-də yer alması oradakı peşəkar kadrların da fəaliyyətinə mənfi təsir göstərdi. MTN-dəki ab-havanı mənfi mənada dəyişdi. “Atı atın yanına bağlasan həmrəng olmasa da, həmxasiyyət olar” məsəlində olduğu kimi, ordakı bəzi peşəkarları da öz xarakterlərinə uyğunlaşdırdılar. Ordakı peşəkarların da bir qismi öz yollarını çaşdılar. Ordakılar 70-80%-i polis işçisinə, “obaxeyis”ə çevrildi. -Bir çoxları hesab edir ki, sabiq MTN rəhbərliyinin qanunsuzluqları iş-işdən keçəndən sonra aşkar edilib və bu mənada baş verənlərdən məmnunluq duymaq üçün o qədər də əsas yoxdur. Bu qənaəti bölüşürsünüzmü? -Hesab edirəm ki, buna da şükür eləmək lazımdır. Allaha şükürlər olsun ki, təxminən on ildən sonra da olsa onlar ifşa olundu. Bu şəxslərin yol açacağı faciələr hələ qabaqda idi. Bundan daha böyük fəsadlar baş verə bilərdi. Hazırda MTN daxilində müəyyən təmizləmə işləri aparılır. Həbslər baş verir. Çox güman ki, növbəti həbslər dalğası olacaq. Hələlik həbs qəti imkan tədbiri ilə 7-8 general həbsə alınıb. Istintağın gedişatında bu həbslər daha da artacaq. Bu işin istintaqı isə aylarla, illərlə davam edəcək. Istintaqın gedişində əlavə faktlar ortaya çıxacaq. Çox güman ki, yaxın günlərdə həbslər də, işdən kənarlaşdırmalar da olacaq. -Sizcə həbs edilən və ya işdən azad edilən sabiq MTN generallarının rütbələri əllərindən alınmalıdırmı? -Hökmən. Allah eləsin ki, bu şəxsləri general rütbəsindən məhrum etsinlər.Mmən istəmirəm ki, Azərbaycan ensiklopediyasına bu şəxslərin adı düşsün, nəvələrimiz-nəticələrimizə bu generallar örnək göstərilsin. Onların general kimi ensiklopediyaya düşməsinə imkan verilməməlidir. -Sizcə düşmən dövlətlərin xüsusi xidmət orqanları Azərbaycan MTN-nin bugünkü acınacaqlı durumundan, yaranan boşluqlardan yararlana bilərmi? -Azərbaycan coğrafi baxımdan olduqca önəmli strateji ərazidə yerləşir. Bizim kimi ölkələr üçün MTN dövlət hakimiyyətindən sonra ikinci mühüm strukturdur. MTN rəhbərliyi çox məsul bir işin altına girmişdi. Lakin çox təəsüf ki, onlar bu strateji-coğrafi özəlliyi, ölkəmizin indiki həssas vəziyyətini nəzərə almadılar. Onlar yalnız öz şəxsi mənfəətlərini nəzərə aldılar. Yalnz yetim-yesiri tutmaqla məşğul olublar. Indi rəhbərlik dəyişilib, dövlət səviyyəsində nəzarət var. Baş Prokurorluq istintaq aparır. Günahkarlar obyektiv cəzalarını alacaqlar. Azərbaycan xaricə 7-8 qapısı olan məmləkətdir. Azərbaycanın 4 torpaq qapısı var. Astara, Qusar, Qazax, Baləkən Azərbaycanın xaricə açılan qapılarındandır. Bu qapların hər birinin isə öz MTN əməkdaşları var. Azərbaycan MTN-nin iflic vəziyyətində olmasından qonşu dövlətlərin hamısının xəbəri var. Onlar yaranmış vəziyyətdən istifadə edə bilərlər. Məni narahat edən əsas məsələ budur. Mətbuatda oxudum ki, Astara “KQB”sinin rəisini işdən azad ediblər. Bu qapılara təmiz, ləyaqətli, peşəkar, dürüst kadrlar təyin edilsə, bu, hər kəsi rahatladar. Ola bilsin ki, digər rayonlardakı MTN rəhbərliyi yaxşı işləyir, normal xidmət aparırlar. Lakin düzü, mən inanmıram ki, keçmiş MTN rəhbərliyi ilə dil tapan bu insanlar lazımi xidmət və nəticə ortaya qoysunlar. -Sizcə MTN-nin rayon təşkilatlarının da fəaliyyəti təftiş edilməlidirmi? -Şübhəsiz. Sizə bir misal deyim. Qazax sərhəd bölgəsidir və burada da MTN-nin təşkilatı var. Bu gün “MTN işi” ilə məşğul olan müstəntiqlər var. Hansı ki, qanunvericilik onlara tam səlahiyyət verir ki, məxfi əməliyyat xidmətinə əməliyyat tapşırığı yazsınlar. Çox yaxşı olardı ki, Qazax “KQB”si ilə bağl iş aparan müstəntiqlər məxfi əməliyyat xidməti vasitəsi ilə Qazax “KQB”-si haqqında məlumat toplasın. Əslində Qazax “KQB”-si haqqında məlumat almaq üçün Qazax bazarında 5-10 adamı danışdırmaq kifayətdir. Qazax bazarında Qazax “KQB”-si ilə bağlı dəhşərli şeylər danışırlar. İndiki rəhərlikdən daha çox Qazax KQB-sinin köhnə rəhbərliyi haqqında danışırlar və bildirirlər ki, bu “iş metodu”nu onlar qoyub getdi. Yeni rəhbərlik isə köhnələrin qoyduğu bu iş metodunu davam etdirir. Onlar bu radiusdan çıxa bilmirlər. Hər hansı jurnalist, müstəntiq, məxfi əməliyyat xidməti Qazaxa gəlib müəyyən sorğu, araşdırma aparsa, Qazax “KQB”-si haqqında lazımi informasiya əldə etmiş olacaq. Post patrul xidmətinin sıravi polis nəfərinin özünə yaraşdırmadığı sözü Qazax “KQB”-si haqqında danışırlar. Onların etdiyi hərəkəti post-patrul xidmətinin sıravi əməkdaşı özünə yaraşdırıb eləmir. Təsəvvür edirsiniz bu nə deməkdir? Qazax sərhəd bölgəsi, strateji bir rayondur. Burada əsas rolu polis deyil, MTN oynayır. Dövlətçiliyi qoruyan, milli təhlükəsiliyi təmin edən odur. Məndə olan məlumata görə, “MTN işi” gündəmə gələndən sonra Qazax “KQB”-si bazardakı bəzi adamlara belə bir mesaj göndərib ki, hələlik bizə çatası nə varsa müvəqqəti dayandırın, vəziyyət xarabdır. Bu, dəhşətdir. “KQB” hara, bazar hara? “KQB” hara bazarkom hara? “KQB” hara, evinə güclə çörək aparan yetim-yesir hara? Keçmiş “obaxeyis”lərin strateji məntəqələrlə bağlı təyinat verməsinin özü gülüncdür. Gələn adam təbii ki, “obaxeyis” rəhbərliyin verdiyi tapşırıqları yerinə yetirəcək. -Sizcə sabiq MTN rəhbərliyi bunca qanunsuzluğu hansı ağıl və arqumentlə həyata keçirib? Necə olub ki, onlar məsuliyyət hissini bu dərəcədə itiriblər? -Bunlar tam arxayınlaşmışdılar. Adi polis nəfərinin özünə sığışdırb eləmədiyini bunlar edirdi. Onların iş metodu bu idi : “Burda mənəm Bağdadda kor xəlifə”, “Nənəm mənə kor deyib, gəlib-gedəni vur deyib”. Bunlar nəinki sahibkarlara, hətta adi vətəndaşlara da divan tuturdular. Mən yenə Qazax bazarını misal çəkəcəm. Məgər Qazax bazarında bir qarın çörəyə çalşan adam sahibkardır?” KQB” onlarla belə “salam-əlekyhüm” edir. Bildirilər ki, biz bunu eləməzdik, amma əvvəlki rəhbərlik bunu miras qoyub. Özü də maraqlıdır ki, MTN-də yerdəyişmələr çox tez-tez olurdu. Əlinin papağını Vəlinin, Vəlinin papağını isə Əlinin başına qoyurdular. Bir il Qazaxda işləyən daha sonra Astaraya gedir, Astaradakı il yarım işləyib başqa rayona gedirdi. Güc orqanlarında belə bir qayda olub, hansı ki, bu qayda bütün zamanlar üçün keçərlidir. Məsələn, əgər Qazaxa bir polis əməliyyatçısı gəlirdisə, onu qısa müddətdən sonra başqası ilə dəyişmirdilər. Sovet dönəmində Azərbaycanda Cəfər Vəliyev daxili işlər naziri işləyəndə peşəkar mütəxəssis kimi bu amillərə ciddi fikir verirdi. O, güclü, bacarıqlı, səriştəli nazir idi. Məsələn, ona deyəndə ki, Qazaxda bir baş əməliyyat müvəkkili var, xidmət yerini dəyişmək istəyir, C.Vəliyev bildirirdi ki, o, 3-4 ildir ki, Qazaxda işləyir. Onun Qazaxda artıq əməliyyat mövqeyi var. O, rayondakı şəraiti bilir. Hansısa nabələd əməliyyatçı gəlib rayonda əməliyyat mövqeyi əldə edənə kimi əməliyyat xidməti natamam olacaq. MTN isə bütün güc orqanları üçün önəmli olan bu faktora əhəmiyyət vermirdi. Halbuki, bir şəşxsin özünə məxfi əməliyyat şəbəkəsi yaratması asan məsələ deyil və zaman tələb edir. Əslində bunun özü də “obaxeyis” düşüncə tərzi və iş metodunun göstərcidir. “Obaxeyis”lərdə belə bir “xəstəlik” var idi. Onlar tez-tez öz yerlərini dəyişirdilər. Bir “obaxeyis” bir rayonda 2-3 ildən artıq işləmək istəmirdi. Istəyirdi ki, onun yerini tez-tez dəyişsinlər. Onlar xidmət dönəmlərində neqativ hallara o qədər çox yol verib özlərini o qədər çox de-şifrə edirdilər ki, öz yerlərini dəyişmək istəyirdilər. Onlar bu xəstəliyi özləri ilə MTN-ə də gətirdilər. Düşünmədilər ki, bura polis deyil. Bu, kəşfiyyat, əks-kəşfiyyat xidməti göstərən bir sistemdir. Polis hara, “obaxeyis” hara, kəşfiyyat və ya əks-kəşfiyyat hara? Ümid edirəm ki, heç olmasa bundan sonra bu amillərə diqqət yetiriləcək. Geri qayıt |