Əsas Səhifə > Güney Press / Ana xəbər > “21 ildən sonra bu şərəfsizlər indi ayılıblar ki...”

“21 ildən sonra bu şərəfsizlər indi ayılıblar ki...”


28-09-2015, 10:25
“21 ildən sonra bu şərəfsizlər indi ayılıblar ki...”
Bütün cəbhə böyu vəziyyət elə bir kritik durumdadır ki, hər an əsəblər dözməyə və vəziyyət nəzarətdən çıxa bilər. Və biz bu haqda hər an, hər saat danışmalı və yazmalıyıq. Son günlər düşmən tərəf öz ağalarının göstərişinə əsasən "ağlını itirmiş öküz" kimi hara gəldi soxulmağa cəhd edir, iri çaplı silahlardan istifadə etməklə ərzilərimizə zərər vurmağa, insanlarımıza xətər toxundarmağa çalışır.Çox təəssüflər olsun ki, itkilərimiz də var. Allah o günahsız insanlarımıza rəhmət eləsin.
Bu arada isə belə bir əcaib xəbər yayıldı ki, vicdan və reallıq hissini itirmiş ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Endryu (Fransa) Azərbaycan və Ermənistanı atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün mexanizm qəbul etməyə çağırıblar.?! 21 ildən sonra bu şərəfsizlər indi ayılıblar ki, sən demə bu vaxta kimi bunlar elə belə, turist kimi bütün bölgəni, bütün dünyanı gəzib dolaşırlarmış və yalnız indi bunların yadına düşüb ki, sən demə bunlar ən əsas və vacib işi hələ də nə planlaşdırıblar, nə də tərəflərə bu haqda hansısa ideya və təklif verilməsini xahiş etməyiblər. Mən Ermənistan tərəfini hardasa başa düşürəm. Onlar bizim ərazilərimizi havadarları vasitəsiylə zəbt ediblər, onlara belə bir durumun, status-kvonun dəyişməməsi tam sərf edir. Bəs necə olur ki, bizim müvafiq qurumlar, ən əsası isə Xarici İşlər Nazirliyimiz (XİN) bu bivec, ikiüzlü ATƏT və onun münaqişənin həlli üçün yaradılmış Minsk qrupundan bu günədək belə bir mexanizmin olmasını tələb etməyib?
Diqqət yetirdinizsə, hər dəfə hansısa mühüm beynəlxalq tədbir öncəsi, sanki "Ələddinin sehrli çubuğu" vasitəsiylə Qarabağda aləm dəyir biri-birinə, insanlar tələf olur, infrastruktura zərər dəyir. Bizim hörmətli xarici işlər nazirimizin çıxışı da məni o qədər də qane etmədi. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupu həmsədrlərinin sentyabrın 26-dakı açıqlamasını şərh edərkən AZƏRTAC-a bildirib ki, " Azərbaycanın işğal olunmuş ərazilərdən Ermənistan silahlı qüvvələrinin çıxarılması mexanizminin və planının yaradılması zəruridir. Qeyd edilən “insidentlərin” baş verməsinin səbəbi məhz Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğalı və işğal olunmuş həmin ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin mövcudluğudur". Məgər bunu dünyada bilməyən vardı ki, bizim hörmətli XİN rəhbəri Elmar Məmmədyarov BMT-nin rəhbərliyindən, ATƏT-dən hesab soruşmaq əvəzinə ümumi sözlərlə kifayətlənməli olub?? İndi bu tribunadan çıxış edəcək Ermənistanın cinayətkar prezidenti Serj Sərkisyanın həyasız, şərəfsiz çıxışına baxarsınız. Hadisələri elə təqdim edəcək ki, biz qalacağıq çox pis vəziyyətdə. "Oğru elə bağıracaq ki, doğrunun bağrı yarılacaq". Çox heyf, belə bir duruma.
Məni qınamayın, amma son bir neçə gündə cəbhə bölgəsində vəziyyətin pisləşməsinə, insanların əzab və əziyyətlərinə görə ən çox sevinən məhz həmən o vicdan və reallıq hislərini çoxdan itirmiş ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov, Ceyms Uorlik, Pyer Endryu və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikdi. İnanın sözlərimə ki, bunlara belə bir gərginlik çox, lap çox sərf edir. Cəbhədə insanlıq dramı yaşanır, hər iki tərəfdən həlak olan və ağır yaralananlar var. Bunlar isə danışıqların bərpa olunması və tərəflər arasında etimadın artırılması üçün Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində gərginliyin azaldılmasının vacibliyini qeyd edir, Azərbaycan və Ermənistan prezidentləri arasında bu ilin sonuna planlaşdırılmış hansısa növbəti mənasız və məntiqsiz görüşün keçirilməsi haqqında danışırlar.
Dəfələrlə həm yazılı, həm də şifahi çıxışlarımda qeyd etdiyim kimi, bu gün bir daha qeyd etməyi zəruri sayıram ki, biz vaxt itiririk. BMT və onun Pan Gi Mun kimi bivec, qorxaq Baş Katibi, ATƏT-in "həftə səkkiz, mən doqquz" dəyişən sədrləri və digər qurumlar maksimum çalışır ki, Ermənistanı müdafiə etsinlər. Onların bütün hərəkətləri sırf xristian təəssübkeşliyindən irəli gələn addımlardır. Biz hər şeyi öz adı ilə çağırmalıyıq. Günlər həftələri, həftələr də ayları, illəri əvəzlədikcə, vəziyyət yaxşılığıa doğru dəyişmir. Ortada isə günahsız cavan əsgər və zabitlərimiz, mülki vətəndaşlarımız bir qrup beynəlxalq miqyaslı əclafların məsuliyyətsizliyinin, vicdansızlığının qurbanına çevrilməkdə davam edirlər. Şəxsi qənaətim isə ondan ibarətdir ki, Qarabağı tez bir zamanda düşmən caynağından xilas edib onun əbədi və əzəli yiyələri olan Azərbaycanlılara qaytara biləcək yeganə qüvvə Azərbaycan Silahlı Qüvvələridir.
Azərbaycan əsgərinə eşq olsun! Tanrı xalqımızı qorusun!!

Üzeyir Cəfərov, tanınmış hərbi ekspert

Geri qayıt