Əsas Səhifə > Güney Press / Ana xəbər > Kreml Putin-Sərkisyan danışıqlarını gündəmini açıqladı,
Kreml Putin-Sərkisyan danışıqlarını gündəmini açıqladı,7-09-2015, 11:26 |
![]() Bu gün Rusiya prezidenti Vladimir Putin ermənistanlı həmkarı Serj Sərkisyanı qəbul edəcək. Virtualaz.org saytı xəbər verir ki, Kremlin rəsmi saytı iki ölkə rəhbərlərinin danışıqlarının gündəmini açıqlayıb. Orada deyilir ki, tərəflər siyasi, iqtisadi, mədəni-humanitar sferalarda ikitərəfli əməkdaşlığın bundan sonrakı inkişafını və Avrasiya məkanında inteqrasiya məsələlərini müzakirə edəcəklər. Danışıqların rəsmi gündəmində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi yer almır. Ermənistan prezidentinin mətbuat xidməti isə bildirir ki, Putin və Sərkisyan Ermənistanın Avrasiya İttifaqına daxil olmasından sonra inteqrasiya layihələri çərçivəsində əməkdaşlıq məsələlərini, habelə sonrakı proqramları müzakirə edəcəklər. Beləliklə, hər iki tərəfin yaydığı rəsmi açıqlamaya əsasən Sərkisyanın Moskvaya çağırılmasının əsas səbəbi Rusiya ilə iqtisadi münasibətlərdir. Bunu da başa düşmək olar. Çünki Rusiyada rublun dəyərdən düşməsi və iqtisadi geriləmə bu ölkənin satellitini də iqtisadi baxımdan daha ağır duruma salıb. Ancaq “RİA Novosti” agentliyi rəyini soruşduğu ekspertlərə istinadən xəbər verir ki, Rusiya və Ermənistan prezidentlərinin görüşünün əsas müzakirə mövzusu iki ölkənin elektroenergetika sahəsindəki əməkdaşlığı olacaq. Ermənistanda Rusiya şirkətinin elektrik enerjisi tariflərini artırması “elektromaydan”a səbəb olmuşdu və hakimiyyəti güclü xalq etirazları ilə üzləşdirmişdi. Bundan əlavə ekspertlər hesab edirlər ki, tərəflər Dağlıq Qarabağ ətrafındakı situasiyanı, Ermənistan konstitusiyasındakı islahatları da müzakirə edəcəklər. Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Qafqaz və Mərkəzi Asiya üzrə eksperti Andrey Areşev deyir ki, tərəflərin müzakirə edəcəyi məsələlərin spektri genişdir. “Bura Dağlıq Qarabağ ətrafındakı vəziyyət, Rusiyanın Azərbaycana hücum silahları satması və bunun Ermənistanda bəzi qüvvələr tərəfindən informasiya məkanında geniş istifadə edilməsi də daxildir”- ekspert deyib. “PolitRus” saytının məqaləsində isə hətta iddia edilir ki, Sərkisyanı məhz Qarabağa görə Moskvaya çağırıblar. Məqalədə belə ehtimallar irəli sürülür ki, Rusiya Minsk Qrupu həmsədrlərindən ayrıca Qarabağa dair nizamlama planını Azərbaycana təqdim edib. Ehtimala görə, xarici işlər naziri Sergey Lavrovun Bakıya sentyabrın 1-də etdiyi səfərin də əsas məqsədi bu planın müzakirəsi idi. İddia olunur ki, əslində Rusiyanın planını daha əvvəl - Avropa Oyunlarının açılışında Putin özü prezident İlham Əliyevə təqdim etmişdi. Plan iki variantdan ibarət ola bilər: ya Ermənistan Dağlıq Qarabağ ətrafındakı bütün rayonları geri qaytarır, ya da hər iki tərəfi qane edə biləcək ən optimal variant kimi Laçın istisna olunmaqla qalan rayonlar qaytarılır. Sayt bu təxminləri hansı mənbəyə istinadən irəli sürdüyünü göstərmir. Ancaq Kremlin yaydığı rəsmi məlumatdan görünür ki, hazırda Qarabağ məsələsi Putini ekspertlərin təxmin etdiyi dərəcədə maraqlandırmır... Geri qayıt |