Əsas Səhifə > Güney Press / Ana xəbər > Proporsional seçki sistemi bərpa edilə bilər

Proporsional seçki sistemi bərpa edilə bilər


14-08-2015, 14:28
Proporsional seçki sistemi bərpa edilə bilər
Azərbaycanda islahatlar qaçılmazdır. Lakin ölkənin siyasi inkişafına baxışlar məsələsində də mövqelər fərqlidir. Son zamanlar Milli Məclisə seçkilər zamanı proporsional seçki sisteminin bərpasının mümkünlüyü barədə verilən bəyanatlar cəmiyyətdə müəyyən diskussiyalara səbəb olur.

Lakin Azərbaycan hakimiyyəti təmsilçilərinin bu məsələ ilə bağlı verdikləri açıqlamalar bir-birinə ziddir. Bu isə onu deməyə əsas verir ki, hələ də yaxın gələcəkdə parlament seçkilərinin hansı formada keçiriləcəyi barədə hakimiyyət dəhlizlərində yekdil mövqe yoxdur.

Demokratik təşkilatların Azərbaycanın siyasi qüvvələri ilə apardığı danışıqlar sırasında da məhz bu amil diqqəti cəlb edir.

Yaxın zamanlarda Milli Məclisə keçiriləcək seçkilərdə proporsional sistemə üstünlük verilməsi istiqamətində danışıqların daha sıx aparılması perspektivləri barədə məlumatlar yayılmaqdadır.

Əgər beynəlxalq təşkilatların təkid etdiyi proporsional seçki sistemi bərpa olunarsa, ölkədə yeni siyasi situasiya yaradılması nəzərdə tutulur.

Azərbaycan kimi demokratik ənənəsi çox olmayan və siyasi partiyaları tam formalaşmayan ölkələrdə parlament seçkiləri zamanı yalnız majoritar sistemə üstünlük verilməsi fəsadlar törədir.

Son illərin təcrübəsi də sübut etdi ki, proporsional seçki sisteminin ləğvi siyasi münasibətləri ifrat dərəcədə ağırlaşdırır, partiyaları sıradan çıxarır və faktiki olaraq, ölkədə partiyalarsız sistemin yaradılmasına xidmət edir.

Digər tərəfdən, partiyalarsız parlamentin formalaşdırılması bir çox beynəlxalq təşkilatlara üzv olan Azərbaycan üçün ciddi problemlər yaradır.

Proporsional seçki sisteminin ləğvi partiyaların əhəmiyyətini azaldaraq, onları sıradan çıxartmağa səbəb oldu. Lakin siyasi təşkilatlarının zəiflədilməsi iqtidar daxilində islahatların davam etdirilməsi fikrini formalaşdırır.

Proporsional seçki sisteminin ləğvi nəticəsində xeyli dərəcədə zəiflədilmiş müxalifət təşkilatlarının da bir qurumun bayrağı ətrafında birləşdirilməsi ideyası da gündəmə gəlir.

İstənilən halda, siyasi müstəvinin dağıdılması, siyasi partiyaların sıradan çıxarılmasının qarşısını almaq hakimiyyətin əsas məqsədlərindən hesab oluna bilər.

Proporsional seçki sisteminin ləğvinin bir partiyalı sistemlə sonuclanacağını anlayan beynəlxalq təşkilatlar da mahiyyət etibarilə bu sistemə qayıdışı əngəlləmək istiqamətində təkidlərini davam etdirirlər.

İqtidar özü də proporsional sistemin bərpasında maraqlıdır. Bir sözlə, iqtidar yeni islahatlar zərfində adıçəkilən islahatı da həyata keçirtməkdə maraqlı görünür.

Qərb hesab edir ki, proporsional sistemin bərpası ilə müxalifət partiyalarında canlanma yarana bilər. Hesablamalara görə, son nəticədə bunlar demokratik inkişafa gətirib çıxarmalıdır.

Hakimiyyətdə də hesab edirlər ki, proporsional seçki sisteminin bərpası çoxpartiyalı sistemin oturuşmasına, güclü partiyaların formalaşmasına gətirə bilər.

Majoritar seçki sistemində istənilən müxalifət nümayəndəsi və yaxud ziyalının milyonlara sahib olan namizədin qarşısında məğlub olacağı ehtimalı böyükdür.

Bütün bunları nəzərə alan iqtidar ölkənin gələcək inkişafı naminə proporsional seçki sistemini bərpa etmək barədə düşünür.

Avropa.info-nun ekspert qrupu

Geri qayıt