Əsas Səhifə > Güney Press / Ana xəbər > “Heç iqtidarla əməkdaşlıq qapılarımızı bağlamırıq, o da ola müxalif kəsimlə”
“Heç iqtidarla əməkdaşlıq qapılarımızı bağlamırıq, o da ola müxalif kəsimlə”25-07-2015, 10:19 |
![]() Söhbətimizi planlaşdıranda məkan olaraq partiyanı, yaxud redaksiyamızı deyil, illərdir ki, təmsilçisi olduğu seçki dairəsinin ərazisində görüşməyə qərar verdik. Həm də seçkilərə hələ xeyli qalmış seçicilərlə deputatın münasibətlərinin necə olduğunu növbəti dəfə müşahidə etmək istədik. Əvvəlcə məhz onun müdaxiləsi nəticəsində çoxillik ağacların tamamilə məhv olmaqdan xilas edildiyi ünvana getdik. Bu ərazidə salınmış parkda istirahət edən sakinlər müsahibimi elə səmimiyyətlə qarşıladılar ki... Dualar, alqışlar, ardınca da lift, su, küçələrin işıqlandırılması və digər çoxsaylı problemlər dilə gətirildi. Operativ reaksiya və bir saat keçmədi ki, parka əlavə oturacaqlar gətirildi, uşaq əyləncəsi üçün işlərə başlanılması, digər məsələlərin həlli üçün müvafiq qurumlara zənglər edildi. İnqilab İsmayılov küçəsinin sakinləri ilə söhbətdən sonra Mehmandarov küçəsindəki binaların sakinləri ilə təmaslar da maraqlı anlarla yadda qaldı. Daha maraqlısı isə müsahibimin, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadənin ona yaxınlaşan əksər sakinləri şəxsən tanıması idi... Və daha bir saatlıq görüşlərdən sonra müsahibəyə başlamaq fürsəti bulduq. -İqbal bəy, seçicilərinizlə illərin tanışları kimi görüşürdünüz. - (Gülür) Seçicinin istənilən vaxt mənə əli çatır. Ona görə də seçicilərimi tanıyıram. Seçicilərim də məni tanıyır. Xeyrində, uzaq olsun, şərində iştirak edirəm. Yəni ünsiyyətimiz ancaq seçki dönəmində olmur. - Bununla belə, görünən budur ki, seçki ilə bağlı arxayınçılığınız yoxdur... - Seçiciyə və problemi olan camaata arxayın olmaq çətindir. Çünki problem insanları o qədər sıxır ki, bəzən xoş vədlər belə sənə münasibəti dəyişdirə bilir. - Müşahidələrimiz onu deyir ki, siz payızda keçiriləcək seçkilərə çoxdan başlamısınız... - Biz siyasi təşkilat olaraq seçkiyə çoxdan başlamışıq. Bizim üçün avqustun 31-i seçkinin sonuncu mərhələsi bitir. Ondan sonra prosedurlar başlayır, qeydəalınma, imzatoplama, plakatseçmə, şüarseçmə və s. Yəni o vaxta qədər biz artıq işimizin 90 faizini görmüş olacağıq. 31 avqustda üçüncü mərhələ bitir. - Söhbət “125-lər”dən gedir? - 125-lər Siyasi Hərəkatından və Ümid Partiyasından. Biz ortaq seçki dəyərləri paylaşmışıq. - Nə qədər yerə iddialısınız? - Vallah, bu gün demək çox çətindir. 31 avqustda yekun rəylər əlimizdə olanda deyə biləcəyik ki, biz neçə namizədlə iştirak edirik və bu qədər mandata iddialıyıq. - “Qarabağ” Blokundan necə, yollar ayrılıbmı? - Yox, ayrılmayıb. Sərdar bəy, ADP ilə siyasi blok kimi bir yerdəyik. Seçki bloku kimi olacağımızı da götür-qoy edirik. - Müxalif düşərgənin daha geniş spektri ilə əməkdaşlıq imkanlarını necə, araşdırırsınızmı? Yoxsa artıq son qərar verilib? - Qərar verilib. Kiminsə xoşuna gəlsə də, gəlməsə də açıq deyirəm, biz bir ildir seçki dairəsində işləyirik və hələ işin ümumi halını qənaətbəxş hesab etmirik. Azərbaycan müxalifətində bir şey ümumi arxayınçılıq yaradır: seçici hakimiyyətdən narazıdırsa, hökmən bizə səs verəcək. Azərbaycan seçicisi hakimiyyətdən narazıdır, amma kimsə düşündümü ki, o, mütləq mənə səs verməlidir? O, sadəcə, seçkiyə getmir, namizədə səs vermir. - Müxalif düşərgənin zəif tərəfləri sizin şansınızı artırmırmı? - Yox, əksinə, daha çox mübarizə aparan tərəf olanda, daha çox seçki dinamikliyi olanda prosesi udmaq daha asandır. Seçki dinamikliyi olmayanda, üzr istəyirəm ifadəyə görə, ağ qarğa kimi görünürsən dairədə. Təsəvvür edin ki, 5 dəyərli namizəd bir dairədə mübarizə aparır, hərəsi üçcə min seçiciyə iddia etsə, 15 min seçici edir, bu, 30 faiz seçicinin aktivliyidir. Bu, yoxdur. - Düşərgənin ümumi şansını necə dəyərləndirirsiniz? Müxalifət nə qədər mandat qazana bilər? - Mən həmişə demişəm ki, Azərbaycan seçicisi bu hakimiyyətdən inqilab edə biləcək qədər narazı deyil, əleyhinə səs verə biləcək qədər narazıdır. Səs verməyi təşkil etmək lazımdır. Bu, elə-belə sözlə, kütləvi təbliğat metodları ilə, televiziya çıxışları ilə olmur. Seçici ilə fərdi işləmək lazımdır. Ümumi mənzərə hələlik zəifdir. Azərbaycan müxalifəti bu gün parlamentdə fraksiya yarada biləcək gücdədir. Ümumi müxalifət düşərgəsi bu qədər mandat qazana bilər. - Seçkinin gedişində əməkdaşlıq mümkündürmü, yoxsa daha gecdir? - Əməkdaşlıq hər zaman mümkündür. Əməkdaşlıq qapılarımızı heç zaman kimsəyə bağlamamışıq. Heç iqtidarla əməkdaşlıq qapılarımızı bağlamırıq, o da ola müxalif kəsimlə. Ara-sıra mövqelərimizlə üst-üstə düşməyən məqamlarda, yaxud iqtidarla davanın fonunda ortada olmağın effekti olmayanda müxalifət üzərinə hücuma keçənlər var ki, bu davada böyük görünürlər. Biz heç kimlə dava tərəfdarı deyilik. Davanın da məntiqi olmalıdır ki, nəyin üzərində dava edirik. Mənimlə dava edə biləcəyi və mənimlə bölüşə bilmədikləri bir şey yoxdur. Ona görə də dava etmirəm, mənim də onlardan istəyəcəyim bir şey yoxdur. Azərbaycan müxalifətinin çox pis bir halı var, bunu dəfələrlə demişəm: müxalifət olmaq uğrunda savaşa çıxır. Xəstəlikdir, sağalmaz xəstəlikdir! - Davadan söz düşmüşkən, “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlunun Əməkdar jurnalist adını alması müxalif düşərgənin bəzi təmsilçiləri tərəfindən təqdirlə qarşılansa da, bəziləri buna qıcıq, aqressiya, ittihamlar dolu reaksiya verdilər. Soyuqqanlı, tərəfsiz yanaşsanız, onların dediklərinə haqq qazandırmaq olarmı? - Rauf Arifoğlunun 26 illik jurnalistika fəaliyyətində çəkdiyi əziyyətə görə Əməkdar jurnalist adı haqqıdır. Pis tendensiya bilirsinizmi nədir? Hakimiyyət mətbuat nümayəndələrini tutur, deyirlər ki, hakimiyyət həbs edir, hamı üzərinə gedir, mükafat verir, mükafatlandırılanın üzərinə gedirlər. Nə etməlidirlər? (Gülür) Bir çıxış yolunu deyin! Tutur “vay”, mükafatlandırır “vay”. Ən başlıcası, bunu deyən adamlar arqument olaraq nəyi göstərirlər: “Medal taxdı sinəsinə”. Mən ad çəkmək istəmirəm, xüsusilə bir-iki adamı gördüm, düzü, çox təəccübləndim, bir az da təəssüf hissi keçirdim ki, insanlar artıq bu cür düşünürlər, bu, çox pis düşüncədir. İlham Əliyevin verdiyi evdə oturub - özü də bir mənzildə yox, birini də kirayə verib - sadəcə 26 illik fəaliyyətinə görə döşünə medal taxdığı üçün Rauf Arifoğlunu söymək...bu, çox eybəcərdir. Çox pis görünür qıraqdan, dostlar! Bunu etməyin!!! Adama Əməkdar artist, ya Xalq artisti adını verməyiblər ki, deyəsən buna nə dəxli var idi. Bu adam jurnalistdir, 26 ildir ən böyük qəzetin baş redaktorudur. O, əməyinin nəticəsini alıb, fərqi nədir bunu kim verib, medalı kim təqdim edib? Dünyada barışdan gözəl nə var ki? Yenə adını çəkmədiyim dostlardan biri “bu, korrupsiya, rüşvətlə barışmaqdır” deyib. Əzizlərim, bu gün ən qatı terrorçularla belə barış masasına keçib əyləşirlər ki, bir nəticəyə gəlsinlər. Əvvəla, bu gün barış dünyanın münasibətlərdə axtardığı ən ümdə siyasi termin, ən vacib detaldır. Siz barışın əleyhinəsiniz, deyirsiniz ki, barışmaq olmazdı, biz onunla barışa bilməzdik. Heç barışma! Dəyişəcəyin nədir? Adam millət üçün, toplum üçün işləyəndə özünü nəzərə almaz, hətta prinsiplərinə zidd olsa belə. Bir şey toplumun, cəmiyyətin xeyrinədirsə, sən özündən vaz keçməyi bacarmalısan. İnsanlar cəbhədə döyüşdə canlarından keçirdilər, ona görə ki, Vətən sağ olsun. Sən burda “mənim prinsiplərimə ziddir” deyib, hətta belə desək, ən pis hakimiyyətlə barışa getmək istəmirsən, bu, sənin düşüncəndir, amma toplum ondan qazanacaq. Elə isə sən ziyan çək, qoy toplum qazansın. Bu gün toplumun qazanması üçün nəyə desən getmək mümkündür. İkincisi, siz sabah hakimiyyət olmaq istəyirsiniz. Hakimiyyət olub da torpaqlarımızı işğal edən düşmənlə masa arxasında oturub məsələləri çözməyə yəqin ki, böyük həvəslə gedəcəksiniz. Bəs bu, bizim hakimiyyət, bizim xalqın övladı deyilmi? Ola bilsin fikirlərimiz üst-üstə düşmür, nəyisə yanlış edir, nəyisə düz eləmir, qanunları pozur, bunları bilirik. Bundan ötrü görəvdən alınmasını istəyirik, amma azərbaycanlılıqdan, vətəndaşlıqdan alınmasını istəmirik ki. Biz ondan ötrü olsa-olsa o vəzifəni, o postu təhvil vermələrini istəyirik. Prosesə bu qədər yanaşmaq lazımdır. Biz adamlarla mübarizə aparmırıq, adamların daşıdığı məsuliyyəti yerinə yetirib-yetirə bilməməsi ilə bağlı bir testdə gəldiyimiz qənaətə görə o vəzifədən getməsini istəyirik, insanlıqdan, vətəndaşlıqdan yox ki. Amma çox təəssüf ki, hər kəs belə başa düşür ki, hakimiyyətdə olanları vətəndaşlıqdan, insanlıqdan, azərbaycançılıqdan silmək, asmaq lazımdır. Yox. Bizim o cür davranmağımız nə dərəcədə qanuni, ədalətli və bu dövrlə, 21-ci əsrlə səsləşir? - Belə münasibətlər sistemi şəraitində uğura nail olmaq bir az da mümkünsüz görünmürmü? - Olacağıq, mütləq olacağıq! Bir məsələ var: müstəqil Azərbaycan dövləti var, yaşayır və biz də onun vətəndaşlarıyıq. Biz vətəndaş olaraq onun demokratikləşməsi üçün uzun zaman sərf edə bilərik, az zaman sərf edə bilərik. Nə qədər insanları qoşsaq, nə qədər insan prosesə qatılsa, biz o qədər tez nail ola biləcəyik. Nə qədər az insan olacaqsa, bu proses uzun çəkəcək, bir qədər yorucu olacaq. Amma artıq demokratiyanın əvvəlki tərifi yoxdur, demokratiya artıq xalq hakimiyyəti deyil. Demokratiya indi düşüncə, şüur, həyat tərzi, vərdişlər məsələsidir. Burda müxalifətin üzərinə böyük yüklər düşür. Biz o vərdişləri yaratmalıyıq. Özü də sözlə, dərslə yox. Qarşımıza insan qoyub auditoriyada dərs keçibmiş kimi mühazirə oxumamalıyıq. Dünya bu gün nümunələrlə dəyişir. - Müşahidələr nə deyir, iqtidarda da dəyişiklik varmı? - Dəyişir. Əvvəldən fərqli olaraq bugünkü dönəmlərə baxaq. Siz polislə münasibətiniz və ünsiyyətiniz, informasiya almaq və vermək imkanlarınızı bir jurnalist olaraq təhlil etdinizmi ki, illər öncə necə idi, indi necədir? Demək, iqtidar dəyişir də. Hətta həbs olunan insana münasibətdə... Mən məəttəl qalıram. İndi deyirlər bizə işgəncə verirlər, baxıram işgəncənin motivlərinə. Məsələn, bizə ancaq hökumət qəzetləri verirlər, müxalif qəzetləri vermirlər və bu, işgəncədir. Əlbəttə, heç bir halda bu işgəncəyə də yol vermək olmaz və bunu da işgəncə hesab edirəm. Amma cəmi 10-12 il bundan əvvəl işgəncə növləri bilirsinizmi nələr idi? Ona görə də iqtidar dəyişir. - Ciddi islahatlar necə, gözləyirsiniz? - Mən hakimiyyətin ciddi islahat aparacağına inanmıram. Azərbaycanda islahat apara bilmək üçün qarşı tərəfin güclü olması lazımdır. Hələlik ictimai nəzarəti həyata keçirə biləcək müxalifət güclü deyil. Ona görə də islahatlar həm hakimiyyətin maraqlarına və istəklərinə uyğun, həm də çox ləng gedəcək. Əgər fərqli, güclü bir kəsim olmuş olsaydı, bu güclü kəsim təbii ki, demokratikləşmə, islahatlar üçün stimul verərdi, hakimiyyət müxalifətin gücünü boynunun arxasında hiss edərdi və bu proses gedərdi. Təəssüflər olsun ki, müxalifət bu istiqamətdə pərakəndə və dağınıq, həm də daha çox bir-birini ittiham edən səviyyədədir. Deyir “yer bərk olanda öküz-öküzdən görər”, lətifəsi bizdən uzaq. Yer çox bərk olur deyə, bəzən biz bir-birimizi qınayırıq, elə bilirik ki, yanımızdakı işləmir. Amma hökmən düzələcək, dəyişəcək, buna əminəm və çox ümidliyəm ki, Azərbaycan bu coğrafiyanın içində dəyişəcək... - İqbal bəy, bu inam hardandır? -Demokratiya təkcə bir əlahiddə qaydada insanların, ölkələrin, vətəndaşların məsələsi deyil, bütövlükdə coğrafiyanın məsələsidir. Məsələn, deyə bilərsinizmi Avfrikada demokratik, ya avtoritar ölkələr var? Yaxud Yaxın Şərqdə, Cənubi Amerikada, Cənubi Koreya və Yaponiya istisna olmaqla Uzaq Şərqdə, Baltikyanını çıxmaqla postsovet ölkələrində var? Bu, Avropa, Şimali Avropa coğrrafiyasıdır. Postsovet ölkələrində demokratiyanı Rusiyanı zəiflədərək və prosesdən çıxartmayaraq gətirmək olduqca çətindir. Bir anlıq baxaq: demokratik cəhətdən bu gün bizdən ən öndə olan Ukraynadır. Krımı alıblar, Şərqi Ukraynanı parçalayıblar, Poroşenkoya istefa tələb edirlər. Bizdən öndə olan ikinci ölkə Gürcüstandır, Abxaziya, Cənubi Osetiyanı alıblar, istənilən vaxt Rusiya Tiflisin ətrafına gəlib çıxa bilir və hər zaman təhdid edir. Bizdən qabaq üçüncü Moldovadır: Dnestryanı, Qaqauziya məsələsi var, mütəmadi hakimiyyət dəyişiklikləri olur. Bizdən öndə dördüncü ölkə Ermənistandır. Rusiyanın forpostudur, hərbi qüvvələrini yerləşdirib, bütün iqtisadiyyatı onun əlindədir. Beşinci ölkə bizik: Dağlıq Qarabağı problemimiz var, 7 rayonumuz işğal olunub. Bizdən sonra demokratik və müxalifəti olan qüvvə yoxdur. Qazaxıstandır, demokratiyası yox, müxalifəti yox, problemi yox, daha sonra Özbəkistan, Türkmənistan, Tacikistan da eləcə. Qırğızıstan demokratiya istəyəndə orda da qarşıdurma yaranır. Yəni dostlar, demokratiya aşağı-yuxarı təkcə bizdən asılı məsələ deyil! Təkcə hakimiyyətdən də asılı məsələ deyil. Bu, həm də Rusiyadan asılı məsələdir ki, Rusiya gücünü bu bölgələrdə zəiflətməyənə qədər burada çox ciddi problemlər yaranacaq. Özü də bu problemləri Rusiya yaradacaq. Çünki demokratikləşmə Rusiyanın ətrafında baş verəcəksə, Rusiyanın içəridən dağılması labüddür. Çünki o demokratiya hökmən Tatarıstana, Çeçenistana, Başqırdıstana, QaraçayÇərkəzə sıçrayacaq və Rusiyanın içində proseslər gedəcək. Rusiya bu demokratyanın onun içərisinə sıçramaması üçün demokratiyanı ətrafda boğur, ətrafda ciddi problemlər yaradır. Biz, nəhayət ki, siyasət uzmanları, siyasətçi olaraq bunları görməliyik, hiss etməliyik. Bizdə problem nədədir? Bizdə avtoritarizmin dozası bir az artıqdır. Bizim problem bu gün bundadır. Bizim problem təkcə deyilən şəkildə demokratiya da deyil. Kimlər hesab edirsə ki, demokratiya seçki məsələsidir, ciddi şəkildə yanılır. Demokratiya da prosedurdur, özü də sonuncu. Adam var demokratik düşünə bilir, demokratik seçim edə, insanları, düşüncələri, fikirləri, ideolojiləri ayıra bilirlər, gedib səs verirlər. Bu, prosedurdur. Ona qədər sən demokratik yaşam tərzinin, demokratiyanın nə olduğunu bilirsənmi? Kimsə iddia etməsin ki, “bəli, mən bilirəm”. Sən bildiyin demokratiyada, sənin qəzetində mənə yer yoxdur. Sən bildiyin demokratiyada fərqli fikrə dözüm yoxdur, mən söyülürəm, “satqın” elan olunuram. Sən bildiyin yerdə hakimiyyətlə eyni cür düşünürsən, orda demokratiya yoxdur. O, demokratiya deyil, dostlar! O, demokratiyanı imitasiya etməkdir. Və buna görə də bu məsələlərə bir az fərqli kontekstdə baxmaq lazımdır. Rəhmətlik Heydər Əliyevin dönəmində avtoritarizm və demokratiya balanslı aparıla bilirdi. Bu gün avtoritarizmin dozası bir az yüksək ola bilər, amma bu gün demokratiya yerindədir. Hələ bir qədər də irəliləmiş formadadır. Bayaq sizə verdiyim suallarda cavabını aldım. 2003-cü ildə bir millət vəkiliydim, toxunulmazlığım götürüldü, vəkilimlə bir yerdə həbs olundum. Baxırsınızmı vəziyyətə? Bu gün o hal ola bilərmi? -İraq olsun... -Yoxdur. Yəni adamlar demokratiyaya öz pəncərələrindən baxır. -Siz daha çox realist siyasətçilər kateqoriyasına aidsiniz, deyilmi? -Əgər realist olmasaq, gərək onda aşıq yaradıcılığı ilə məşğul olaq. Qalan hamısı hekayədir. -Yəni çərçivə daxilində fəaliyyət... -Dünyanın çərçivəsi var dostlarım! Amerika kimi dünyada pulu, gücü, imkanları olan bir dövlətin çərçivəsi var, nəyi etmək olar, nəyi etmək olmazı bilir. Biz isə nəyi edib-etməməyi müəyyənləşdirə bilmirik. 92-93-cü illərdə çox demokratiya istəyirdik. Ayrılmaq, Qərbə inteqrasiya etmək istəyirdik, vəziyyətimiz bəlli oldu. Bu, Elçibəyin günahıdırmı, Surət Hüseynov belə getdi, bunlar hamısı hekayələrdir. Növbət mərhələdə o olmayacaqdı, bir ayrı şey olacaqdı. Söhbət prinsipdən edir. Heç düşündünüzmü ki, keçmiş SSRİ-nin 15 respublikası içərisində ilk müstəqil olan dövlət kim oldu? Rusiya! 90-cı ilin 12 iyununda. Ona qədər müstəqil olmaq istəyənlərin hamısını boğdular. Hətta 91-ci ilin 13 yanvarında Litvaya, Vülnusa qoşun da yeritdilər. SSRİ artıq can verirdi. 20 yanvar 90-cı ildə Bakıya, 9 aprel 91-ci ildə Tiflisə qoşun yeritdilər. Bunlar hamısı gözümüzün qarşısında olub. Bütün bunları görə-gərə də biz...Bu gün əvvəlcə demokratik insan yetişdirməliyik. Düşüncəcə azad olan, düşüncə baxımından demokrat olan insan yetişdirməyi bacarmalıyıq. Demokratiyanı əzbərləyib də kitablardan-filanlardan ki, “xalqın hakimiyyətidir”, bu, eramızdan əvvəlki dövrə aid idi. İndi demokratiya düşüncə məsələsidir, yaşam tərzidir, vərdişdir. Yaşaya biləcəksənmi o vərdişdə? Özün də nümunə olmursansa, hə, onda problemlər olur. -Cəmiyyətin hazırlığı da hələlik nikbinliyə əsas vermir... -Cəmiyyəti demokratiyaya heç vaxt iqtidarlar hazırlamır. Dövlətin bir əzəli tərifi var da, idarə etmək üçün güc vasitəsidir. İqtidarlar həmişə həm də odur, idarəedəndir. İdarə edən də hökmən bəzi hüquqları məhdudlaşdırır. Çünki əks təqdirdə anarxiya, xaos yaranır. Demokratiyanı güclü olaraq müxalifət gətirdi, iqtidarı hər addımını atanda düşünməyə vadar edirdi. Azərbaycan müxalifəti bunu bacarmadı. 93-cü ildə Azərbaycan müxalifəti güclü müxalifət ola bilərdi. Amma nə baş verdi? Azərbaycan müxalifəti, ən güclü təşkilatlar belə hakimiyyətlə oyunlara getdilər və müxalifət içərisində parçalandılar, təsir imkanlarını da zaman-zaman itirdilər. Artıq bəlli olanda ki, filan qrup filan oyunların içərisindədir, o qrupa getimadsızlıq, sonrakı dövrdə digərinə etimadsızlıq və s. Bunlar müxalifəti ümumən yıpratdı. Mən adlarını çəkmək istəməsəm də, dostlara deyirəm. Deyirlər ki, filan təşkilatın filan rəhbəri 1995-2003-cü illərdə hakimiyyətlə sıx əlaqədə olub və bu hakimiyyətin gəlməsində iştirak edib. Sonra isə vəziyyəti gördü,imtina etdi. Deyirəm ki, mən onun 1995-2003-cü il fəaliyyətini təqdir edirəm, bircə şərtlə, əgər sona qədər davam etdirsəydi. Çünki sona qədər davam etdirmə, bu da Qərblə, daxildə razılaşdırılmış fazl demokratiyaya keçid olardı, mən onu xəyanət hesab etmirəm. Xəyanət odur ki, uzun müddət bir proje qurursan, qəflətən “maraqlarıma zidd olur” deyə, oyundan çəkilirsən. Beləcə fazl demokratiyaya keçid projesi məhv olur. Adamlar fazl demokratiyasına keçid projesini məhv etdilər və bununla da müxalifət çökdü. -Belə bir şərait və qarşıdakı payız sınağı... -Seçki sınaqdırmı? Məncə, yox. Sınaq olan bilirsinizmi nədir? Biz prosesi apara biləcəyikmi? Proses davam edəcəkmi? Bizimçün ən önəmli olan budur, proses getməlidir. Maariflənmə prosesi, demokratik insan yetişdirmək, düşüncə etibarilə azad, barışçı, həmrəyçi insanın yetişdirilməsi, masa arxasında əyləşə biləcək, sevgi ilə Vətənə onun hər bir insanına sevgi ilə yanaşa biləcək insan yetişdirmək. Budur, biz bu prosesi aparmalıyıq. Bəzən pafosla deyirlər, biz Vətəni sevirik. Vətəni dağına-daşına görə sevmirlər, insanına görə sevirlər. Dağa, daşa, gözəlliyə qalsa...Məsəlçün əgər Avstriyanın o cür gözəl yerləri varsa, Kürdəmirin nəyini sevim? Dağa-daşa görə sevmirik ki, Vətəni. Kürdəmirdə yaşayan insanlar o qədər mənə yaxındır, doğmadır, onlarla dilim, mətbəxim, düşüncəm, baxışım, zövqüm o qədər uyğundur ki, o insanlara görə sevirəm. Siz insanımıza küfr oxuyursunuz, deyirsiniz “Vətəni sevirəm”. İnsanına küfr oxuduğun vətənini necə sevə bilərsən? Hətta ən pis insanına belə bu qədər həqarət dediyin Vətəni necə sevə bilərsən? Sənin sevginə şübhəm var. -Bəy, bu irad və qınaqlar, ritorik suallar müxalif düşərgəyə ünvanlanıb, yoxsa... -(Pauzadan sonra) Həm də... Geri qayıt |