Əsas Səhifə > Güney Press / Ana xəbər > Yeni rəhbərliklə Beynəlxalq Bankda ciddi dəyişikliklər gözlənilir
Yeni rəhbərliklə Beynəlxalq Bankda ciddi dəyişikliklər gözlənilir21-07-2015, 14:24 |
|
Hafta.az-ın məlumatına görə, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti üzvlərinin səlahiyyət müddəti sabah, yəni iyulun 22-də bitəcək. Bu müddət iyulun 3-də bitsə də, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının elə həmin gün keçirilən iclasında bankın idarə heyəti üzvlərinin səlahiyyət müddəti uzadıldı. Mediada yayılan xəbərlərə görə, Cahangir Hacıyevin yerinə Beynəlxalq Banka indi təzə rəhbər kimi Elmar Məmmədov təyin edilib. Bu həmin Elmar Məmmədovdur ki, Kapital Bank ASC-nin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsini icra edib. Bankda nələr baş verir? Sabiq rəhbərin səlahiyyət müddəti niyə uzadıldı? Rəhbərlikdə dəyişmələr bankın ümumi ab–havasına necə təsir edəcək? İşlər ləngiyə və bankdaxili düzən pozula bilərmi? Yeni rəhbər ölkənin ikinci əsas bankına rəhbərliyin öhdəsindən gələ biləcəkmi? Ən əsası isə yeni rəhbərlə banka hansı dəyişikliklər gələcək. İqtisadçı ekspert Oqtay Haqverdiyev Hafta.az-a açıqlamasında bu kimi suallara aydınlıq gətirib. Ekspertin sözlərinə görə, köhnə rəhbərliyin vəzifədə qalması adıçəkilən bankın daxili qərarına əsaslanır: “Bank rəhbərliyinin səlahiyyət müddətinin bitməsindən dolayı onların səlahiyyət vaxtının uzadılması normal haldır. Bu qərarı bank rəhbərliyi verə bilir. Onların daxili işləridir. Belə bir ixtiyar Beynəlxalq Bank rəhbərliyinə banklar haqqında qanuna əsasən verilir”. Ekspert yeni rəhbər kimi Elmar Məmmədov seçiminin düzgün olduğu qənaətindədir: “Yeni təyin olunan Elmar Məmmədovun təcrübəsi çoxdur. Məndə olan məlumata görə, seminarlardan da uğurla keçmiş bir adamdır. O, bu işin professionalıdır. Yəqin ki, yeni işin öhdəsindən uğurla gələ biləcək. Elmar Məmmədovun yeni vəzifədə özünü necə aparacağı sonranın işidir. Hesab edirəm ki, düzgün seçimdir”. Oqtay Haqverdiyev Elmar Məmmədovun gəlişi ilə yeni vəzifə dəyişikliklərini gözlənildiyini də istisna etməyib: “İlk olaraq yeni rəhbər bankın struktrunu, formatını, iş rejimini öyrənib, təhlil edəcək. Düşünürəm ki, yeni rəhbər Beynəlxalq Bankın daxili aparatında bir sıra dəyişikliklər edəcək. Çox güman ki, departament rəhbərləri də dəyişdiriləcək. Çünki təzə müdir gələndə köhnənin qalıqlarına bir o qədər də inam olmur. Xüsusilə də bank işində bu spesifik haldır. Amma yaxşısı baxıb prosesləri izləməkdir. Konkret indidən nəsə demək çətindir”. Məsələ ilə əlaqədar olaraq Beynəlxalq Bankın mətbuat xidmətindən məsələyə münasibət öyrənməyə çalışdıq. Ancaq bizdən asılı olmayan səbəblərə görə cəhdlərimiz heç bir nəticə vermədi. Geri qayıt |