Əsas Səhifə > Güney Press / Ana xəbər > Toyda döyülən Masallı sakini nazirə müraciət etdi

Toyda döyülən Masallı sakini nazirə müraciət etdi


19-06-2015, 11:19
Toyda döyülən Masallı sakini nazirə müraciət etdi
"Daxili işlər naziri Ramil Usubova müraciət edərək bildirirəm ki, toy mərasimində Masallı rayonu, Bədalan kəndinin sahə müvəkkili, polis kapitanı Sübhan Qurbanovun oğlanları məni döyüb. O, uşaqlarını cinayət məsuliyyətindən yayındıra bilib və izahata məni döyən şəxsin, qohumum İlqar Əsgərovun adını yazdırtdırıb".

Bu barədə "Bizim Yol" qəzetinə müraciətində Masallı rayon Mahmudavar kənd sakini Nəsirov Yunsur Yaqub oğlu bildirib. O, Masallı polisindən şikayətçidir.

Y.Nəsirov bildirir ki, o 16 avqust 2014-cü il tarixdə Masallı rayonu Türkoba kəndində Allahverdi Hadıyevin qızına təşkil etdiyi toy mərasimində iştirak edərkən Sübhan Qurbanovun oğlanları Zahid və Coşqun onu döyüblər: "Mən oynamaq istəyərkən qardaşlar tərəfindən zorakılığa məruz qaldım. Mən vəhşicəsinə döyüldüm. Yaxın qohumlarım olan Əsgərov İlqar Bahadur oğlu və qaynım Hadıyev Vahid Qürbət oğlu mənə yardım göstərərək oradan evimə apardılar. Aldığım xəsarətlərlə, məruz qaldığım zorakılıqla bağlı Masallı rayon Polis Şöbəsinə müraciət etdim. Şöbənin istintaq bölməsinin müstəntiqi Nizami Canıyev mənim və ailə üzvlərimin savadsızlığından istifadə edərək hansısa maraqlarına görə, istintaq yekunlaşdıraraq qondarma bir ittiham aktı tərtib edib. Belə ki, o istintaqa verdiyimiz ifadələri tam əksinə yazaraq cinayəti bizə yardım edən Əsgərov İlqar Bahadur oğlunun etməsini yazıb".

Şikayətçi bildirir ki, o istintaqa izahat verərkən ona xəsarət yetirənin, onu döyənin Zahid və Çoşqun Qurbanovların olduğunu deyib: "Amma bütün təqsirlər İlqar Əsgərovun üzərinə atılıb. N.Canıyev oğlumun ifadəsini təkrar alaraq, ifadəni İlqarı təqsirləndirməyə yönəltdirib.

Zahid Qurbanovun məni toydan çıxararaq yumruq zərbələri ilə vurması, oğlumun çənəsinə xəsarət yetirməsi, guya təsadüfən olub. Necə təsadüfən olub ki, oğlum aldığı xəsarət nəticəsində ona tikiş qoyulub. Bütün bunlar müstəntiq Nizami Canıyevin uydurmaları, istintaqı birtərəfli qaydada apararaq polis yoldaşı Sübhan Qurbanovun oğlanlarını açıq-aşkar müdafiə edib. Məhz Nizami Canıyevin "fədakarlığı" nəticəsində günahkarlar Zahid və Çoşqun məsuliyyətdən kənarda qalıb, bizə kömək edən İlqar Əsgərov təqsirləndirilib".

Y.Nəsirovun yazdığına görə, ittiham aktında İlqar Əsgərov üçün yüngülləşdirici hal kimi cinayəti ilk dəfə etməsi, hadisəni təsadüfi axar zamanı ehtiyatsızlıqdan törətməsi göstərilsə də, aktın ittiham hissəsində bunu qərəzli hərəkətlərə yol verən və ictimaiyyətə hörmətsizlik edərək zorakılıqla həyata keçirilən fakt kimi göstərilib.

Y.Nəsirov cinayət məsuliyyətinə İ.Əsgərovun cəlb olunmasını belə əsaslandırır: "Mənim qohumum İlqar Əsgərovla, onun da mənimlə ədavətimiz, qərəzimiz yoxdur. Əksinə İlqarın atası Bahadur kişi Sübhan Qurbanovun qardaşı, Türkoba bələdiyyəsinin sədri Altay Qurbanovun qanunsuz əməllərini ifşa etdiyindən Sübhanın ailəsinin Bahadur və İlqar Əsgərovlara qərəzi var. Odur ki, Sübhan Qurbanov Nizami Canıyevlə "isti münasibət" quraraq öz övladlarının cinayətini ört-basdır etdirib. Cinayəti Bahadurun oğlu İlqar Əsgərovun üzərinə atıb".

Şikayətçi bildirir ki, hazırda Masallı rayon Məhkəməsində hakim Hilal Xəlilovun iştirakı ilə cinayət işinə baxılır: "Məhkəmənin ilkin araşdırmalarından da məlum olur ki, onlar mənə kömək edəni həbs etmək istəyirlər. Məni döyənin Sübhan Qurbanovun övladlarının olduğunu ailəmizin hər bir üzvü təsdiq etsə də, Qurbanovları cinayət məsuliyyətinə cəlb etmirlər".

O, iddia edir ki, müstəntiq Nizami Canıyev istintaqı qanuna zidd aparıb və onun da haqqında tədbir görülməlidir.

Geri qayıt